30 İyul 2025 / 16:51

İspaniya gözəli Malyorka və dünyanın eybəcər liderləri-İSPANİYADAN “TƏZADLAR”A YAZIRLAR

Adada hamının maşını var, amma Bakıdakı kimi hər yer parklama ilə pul qazanma yeri deyil…

…Sərin İsveçrədən sonra İspaniya bizi 3035 dərəcə isti ilə qarşıladı. Aeroportdan otelə gedən yol təxminən 1 saat çəkdi. İspaniya  ötən yay səfər etdiyimiz Yunanıstandan fərqli, daha səliqəli, daha təmizdir.

Yaşayış  massivlərində böyük zibil qablarının çoxluğu diqqət çəkir, yol kənarlarında otların yanıb saralması, bizim Azərbaycanı da xatırladır. Ötən il Yunanıstanın Rodos adasında tətil edərkən, adanın çirkliliyi fikrimi xeyli məşğul etmişdi, sonra düşünmüşdüm ki, Rodos sadəcə bir adadır, yəqin  “böyük torpaq” ölkənin  özü daha təmiz olar. Ancaq, indi İspaniyanın Malyorkasına – Aralıq dənizinin İspaniya sahillərinə aid Balear adalarından ən böyüyüsəfər etmişik və burada vəziyyət nəinki ürəkaçandır, hətta heyranedicidir. İstilərə baxmayaraq, adada əməlli-başlı səliqəsəhman var. Bu barədə gəldiyim qənaət, odur ki, görünür bir çox amillər məhz xalqların mədəniyyəti ilə bağlıdır. Bəli, insan yeni bir ölkəyə qədəm qoyduqda, ilk rastlaşdığı oranın yolları olur ki, bu da çox şeydən xəbər verir. Yollar əladır.

Burda insanlar da fərqlidir, məsələn: Almaniyada, İsveçrədə demək olar ki, rastlaşdığın hər kəs səninlə salamlaşır, üzünə yüngül bir təbəssüm qonur. Burda isə, qarşı-qarşıya gəldiyin adamlar biganədirlər, düz keçirlər. Əgər,  kimsə səninlə salamlaşırsa, çox güman ki, əcnəbidir, o, da sənin kimi gəlmədir.

       Ada başdan-başa otellərlə doludur. Küçədə gördüyün insanların əksəriyyəti turistlərdir, ona görə də, müxtəlif dillərdə danışıqlar eşidirsən. Hamının da maşını var, amma Bakıdakı kimi hər yer parklama ilə pul qazanma yeri deyil… Əlbəttə, ən çox ingilis dili səslənir qulaqlarda, ancaq Malyorkanın özəlliyi ondadır ki, burda alman  dilində danışan insanlar da varbu da bizim  işimizə  çox yaradı. Otellərdənsonra burda ən çox qarşılaşdığım  kafe restoranlardır.

Arabir rastlaşdığım marketləri nəzərə almasaq, kafelər bir-birinə dirənib.Burda hindlilər, italyanlar və başqa millətlər öz mətbəxlərini təklif edirlər, nədənsə türklər azdır. Onu da deyim ki, turistlərin hesabına kafelər müştəri ilə doludur. Market və kafelərdə qiymətlərə gəldikdə, heç də ucuzluq deyil, adi pizza 1415 avrodur. Meyvə-tərəvəz çeşidi çox azdır, olanlar da bahadır: 1 kq şaftalı 10 avrodan baha.

Burda dənizin suyu təmizdir, çimərlik başdan-başa sarı – qızılı qumdur və əlbəttə ki, təmiz qum adama ləzzət edir. Bütün gün üçün bir çətir və bir şezlonq(plastik çarpayı) 20 avrodur.

Səfərimizin 3-cü günü adanın mərkəzi şəhərini Palmanı gəzdik. Məlumat üçün deyim ki, Roma imperiyası dövründə salınmış Palma-de-Malyorka İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtıdır. Palma körfəzində, Malyorkanın cənub sahillərində yerləşir. Malyorka əhalisinin təxminən yarısı Palma şəhərində yaşayır. Palma-de-Malyorka hava limanı il 22 milyondan çox sərnişinə xidmət edir. Bura böyük şəhər olmaqla yanaşı həm dəböyük dəniz limanıdır. Aralıq dənizində yerləşdiyi üçün Palmanın iqlimi Aralıq dənizi iqlimi adlandırılır.

Bura olduqca gözəl yerdir. Şəhərin şimalındakı təpədə əsrlərlə yaşı olan Bellver qalası yerləşir. Bu möhtəşəm qalanı ziyarət etdik. Sahilə paralel uzanan qala divarları hələ keçmişdə dənizdən gələn təhlükədən düşməndən müdafiə  üçün qurulub. Qala divarlarından içəridə isə böyük saraylar, kilsələr və gözəl  küçələri olan əski şəhər başlayır. Əski şəhər çox böyükdür, havanın 30 dərəcə isti olmasına baxmayaraq, bu içəri şəhərin küçələri insanlarla doludur. Əlbəttə ki, əksəriyyət turistlərdir, onların çöhrələrindəki ifadədən sezmək olur ki, gördüklərindən məmnundular. Palmanın  küçələrində fayton gəzintisi adi haldır, qalanın yanında isə, bu  qara rəngli faytonların duracağı var. 10-a yaxın qara fayton dayanıb müştəri gözləyir. Əski şəhərin kilometrlərlə  uzanan mərkəzi küçəsi və paralel küçələr başdan-başa brend mağazalar, kafelərdir.

Gah “əski”, gah “içəri” adlandırdığımız bu qədim şəhərdəki kilsələrdən ikisini ziyarət etdik. Birində çalınan həzin musiqi bu qədim binanın ağuşunda insanı çox duyğulandırır. Kilsə divarında 100  illərlə yaşı olan rəsmlər, heykəllər əsrlərdən keçib gələn boyaların parlaqlığına görə, elə indi yaradılmış kimidir.

Burada geyim mağazalarında qiymətlərin aşağı olması, endirimlər diqqət çəkir. Ancaq, bu halı yeməkxanalara, kaferestoranlara aid etmək olmaz. Ən kiçik dondurmaların qiyməti  belə 4 avrodan başlayır.

İspaniyada insanlar  Şimali Avropa ölkələrindəkindən daha emosional,  daha səsküylüdürlər. Burada küçədə bağıraraq salamlaşmaq, ucadan danışgülmək  adi haldır. Avtomobil siqnallarını hər yerdə eşidirsən və bütün bunlar bizim Qafqazı xatırladır.

Maraqlı müşahidələrimdən biri də, kaferestoranlarda böyük  monitorda  müxtəlif idman yarışlarının canlı izlənməsi oldu. Bu yarışlar futbol, voleybol, qolf v.s. ola bilər. İki yanaşı kafenin birində, qolf, digərində basketbol yarışını insanlar eyni vaxtda və eyni səs-küylə – hər epizoda reaksiya verərək izləyirlər.

Amma ispanlar nə qədər emosional olsalar da, sükan arxasında ciddi və diqqətlidirlər, avtomobili sürətli idarə etməyi sevsələr də, yol hərəkəti qaydalarına riayət edirlər.

Yerlilər ilk baxışda ünsiyyətcil görünməsələr də, hansısa bir ünvan soruşduqda, ya nəyisə dəqiqləşdirmək istədikdə sorğuna məmnuniyyətlə  cavab verirlər...

Malyorkanın sahil parkında – musiqi sədaları ilə danışıb-gülmə səslərinin bir -birinə qarışdığı ortamda rəssamlar sifarişlə 510 dəqiqəyə portret, karikatura çəkirlər. Burada dünyanın taleyinə yetərincə təsir edə bilən liderləri də gördük. Əlbəttə ki, özlərini yox, karikaturalarını. Onu da deyim ki, hamının təbəssümlə baxıb keçdiyi həmin karikaturalarda Şimali Koreya lideri Kim Çen İnlə müqayisədə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimr Putin elə də pozitiv görünmürdülər.

Çimərlikdə isə qlobal dünyanın ən qüdrətli iqtisadi oyunçularından olan Çin Xalq Respublikasını xatırlamamaq mümkün deyil. Burada çinli qadınlar özünü günə verən insanların arası ilə gəzib-dolaşır, çin ləhcəsi ilə danışaraq masaj xidməti təklif edirlər. Orada-burada bu xidmətdən yararlananlar da gözə dəyir…

Malyorka tətilimizin sonuncu günü  hava tutuldu, temperatur 10 dərəcə düşdü. Ancaq, əminik ki, bu vəziyyət uzun çəkməz, yenə isti günlər davam edəcək. Yay istirahətini bu gözəl məkanda keçirməyə gələnlərin sayının günbəgün artması da belə düşünməyə əsas verir. Nə isə, su aydınlıqdır deyərlər, yağış qonağın arxasınca atılmış su anlamını verir. Beləcə vidalaşıb ayrılırıq:

Əlvida Malyorka adası, gözəl və tarixi Palma şəhəri, mən sənə vuruldum, nə vaxtsa təkrar sənə qayıtmaq ümidiylə...

İlham Rəsul,

İspaniyadan xüsusi olaraq “Təzadlar” üçün!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!