1 Avqust 2025 / 17:21

Zelenski Putini şəxsi görüşə dəvət edib

O, hər an görüşməyə hazır olduğunu deyir

Prezident Vladimir Zelenski Kreml rəhbəri Vladimir Putinin bəyanatlarına cavab verib və bildirib ki, müharibəni dayandırmaq və davamlı sülhü təmin etmək üçün ölkə liderləri səviyyəsində görüş lazımdır.

Tezadlar.az-ın məlumatına görə, dDövlət başçısı özünün Telegram kanalında yazıb ki, Ukrayna Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Rusiya müharibəsinə, bütün qətllərə son qoymaq, ləyaqətli və davamlı sülhə nail olmaq səylərini görür və dəstəkləyir.

“Biz Rusiyanın bəyanatlarını eşidirik və əgər bu, onların müharibəni ləyaqətlə bitirməyə və həqiqətən də davamlı sülhün bərqərar olmasına ciddi hazır olduqlarının siqnalıdırsa və təkcə müharibəyə daha çox vaxt udmaq və sanksiyaları təxirə salmaq cəhdləri deyilsə, o zaman Ukrayna istənilən vaxt liderlər səviyyəsində görüşməyə hazır olduğunu bir daha təsdiqləyir”, – o vurğulayıb.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna Rusiya Federasiyasında kimin qərarlar verdiyini və bu müharibəni kimin bitirməli olduğunu anlayır: “Bunu bütün dünya da anlayır. Ukrayna texniki səviyyədə bəyanatlar və görüşlər mübadiləsindən liderlər arasında danışıq səviyyəsinə keçməyi təklif edir. Amerika bunu təklif etdi. Ukrayna bunu dəstəklədi. Rusiyanın hazırlığı lazımdır”.

Dövlət başçısı Böyük Britaniyanın Baş naziri Key Starmerlə də söhbət etdiyini bildirib. Onun sözlərinə görə, onlar amerikalı tərəfdaşlarla qarşılıqlı əlaqələri, xüsusilə Trampla addımların koordinasiyasını və liderlər səviyyəsində sülh danışıqlarının mümkün formatlarını müzakirə ediblər.

“Biz həmçinin Avropa və ABŞ-dakı tərəfdaşlarımızla fəal diplomatik işə hazırlaşırıq. Qarşıdan gələn beynəlxalq tədbirlərdən əvvəl mövqelərimizi razılaşdırmışıq”, – Zelenski əlavə edib.

Putin Trampın ultimatumuna cavab verib

UNİAN xəbər verib ki, Amerika lideri bu yaxınlarda Rusiyanın sülhə nail olmaq üçün verdiyi əvvəlki 50 günlük müddəti 10 günə, yəni avqustun 8-dək azaldıb.

O, xəbərdarlıq edib ki, müharibənin sona çatması istiqamətində heç bir hərəkət olmasa, ABŞ Rusiyadan enerji alan ölkələrə sərt sanksiyalar və ikinci dərəcəli tariflər tətbiq edəcək.

Tramp Putinin davranışından məyus olduğunu da bildirib: “nəzakətli söhbətlər” aparsalar da, onlardan sonra Rusiya ordusu Ukraynaya raket zərbələri endirməkdə davam edir.

Bu gün Putinin bu ultimatuma ilk reaksiyası ortaya çıxdı. Kreml rəhbəri bildirib ki, onun atəşkəs üçün şərtləri dəyişməz qalır – Ukrayna dörd regiondan qoşunlarını çıxarmalı, NATO-ya üzv olmaqdan imtina etməli, həmçinin neytral statusu elan etməlidir.

Trampın ondan məyus olması ilə bağlı sözlərini şərh edən Putin bildirib ki, məyusluqlar “həddindən artıq gözləntilərdən” yaranır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!