8 Avqust 2025 / 14:15

Gürcüstan Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını tələb edir

Rusiyanın Ukrayna müharibəsindəki potensial gücü hər kəsə bəllidir… Daha doğrusu, Rusiyanın indi hərbi texnikaya daha çox ehtiyacı var. Elə isə, rəsmi Moskva niyə başqa ölkələrdəki qoşunlarını çıxarıb hərbi ehtiyaclarına yönəltmir?

Tezadlar.az xatırladır ki, elə Gürcüstan hakimiyyəti də, eləcə də Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanı işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliklərinin tanınması barədə qeyri-qanuni qərarını ləğv etməyə çağırıb. Belə ki, bu çağırış Nazirliyin avqust müharibəsinin 17-ci ildönümü ilə bağlı yaydığı bəyanatında yer alıb. Bildirilib ki, Gürcüstan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə diplomatik, hüquqi alətlərlərdən istifadə etməklə və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşıqda davamlı addımlar atır. Qeyd olunub ki, Rusiya 12 avqust 2008-ci il tarixli atəşkəs haqqında sazişi yerinə yetirməkdən və işğalçı qüvvələri Gürcüstan ərazisindən çıxarmaqdan imtina edir, Gürcüstanın bölgələrinin Rusiyanın siyasi, iqtisadi, hərbi və sosial sisteminə inteqrasiyası məqsədilə beynəlxalq normalara zidd addımlar atmaqda davam edir. Son vaxtlar bu məqsədlə həyata keçirilən çoxsaylı qanunsuz hərəkətlər xüsusi narahatlıq doğurur. Rəsmi Tbilisi Rusiyanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, atəşkəs haqqında sazişin öhdəliklərini yerinə yetirməyə, qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa, məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasına mane olmamağa çağırıb. Xatırladaq ki, 2008-ci ilin avqustun 7-dən 8-nə keçən gecə başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Müharibə Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalı, daha sonra isə Abxaziya və Çxinvali bölgələrindəki qondarma qurumların müstəqilliklərinin tanıması ilə nəticələnib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!