20 Avqust 2025 / 09:17

Rusiyada deputatlardan əcaib təklif: miqrant uşaqların ölkəyə girişinə qadağa

Rusiyada ağlını və danışığını itirənlərin sayı durmadan artmaqdadır… Belə ki, Rusiya Dövlət Dumasına azyaşlı əcnəbilərin qanuni nümayəndələri olmadan ölkəyə daxil olmasını qadağan edən qanun layihəsi təqdim olunub. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, müəllifi deputatlar Nina Ostanina və parlamentin əmək komitəsinin rəhbəri Yaroslav Nilov olan müvafiq sənəd Dumanın elektron məlumat bazasında yerləşdirilib. Onlar yetkinlik yaşına çatmayan xarici vətəndaşların Rusiyaya yalnız qanuni nümayəndələrin və ya notarial qaydada təsdiq edilmiş etibarnaməsi olan digər yetkin şəxslərin müşayiəti ilə daxil olub vı ya getməsinə icazə verilməsini təklif ediblər.

Eyni zamanda, Rusiyaya giriş yalnız təhsil, müalicə və müvəqqəti qalma, məsələn, idman yarışlarında, olimpiadalarda və turist səfərlərində iştirak etmək üçün mümkün olacaq. Təşəbbüs müəllifləri, həmçinin Rusiyada başqa qanuni nümayəndələr olmadıqda, əcnəbinin onunla birlikdə daxil olan yetkinlik yaşına çatmayan şəxslə birlikdə deportasiya edilməsini təklif ediblər.

Qanun layihəsinin izahatında qeyd edilib ki, hazırda azyaşlı əcnəbilər qanuni nümayəndələrinin notarial qaydada təsdiq edilmiş razılığı olmadan Rusiyaya gedə bilərlər. Buna görə də, onlar Rusiya Federasiyasına ya valideynlərinin, ya da qanuni nümayəndələrinin müşayiəti ilə, ya da müstəqil şəkildə daxil ola bilərlər. Deputatlar qeyd ediblər ki, bəzi hallarda yeniyetmələr Rusiyaya formal olaraq təhsil almağa, əslində isə iş dalınca gəliblər.

Bu deputatlar düşünmürlər ki, bəs Rusiyalı uşaqlara da başqa ölkələrdə oxşar qadağa tətbiq ediləndə necə olacaq… Məşhur Azərbaycan lətifəsində deyildiyi kimi, başbilənlər bu deputatlardırsa, görün Rusiya nə gündədir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!