26 Avqust 2025 / 12:01

Ankara–Tbilisi aviareysləri oktyabr ayında bərpa olunacaq

Gürcüstan və Türkiyə arasında Ankara ilə Tbilisi arasında birbaşa aviareyslər bu ilin oktyabr ayından etibarən bərpa ediləcək.

Tezadlar.az     xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandia məlumat verib. Səfirin sözlərinə görə, son aylar ərzində tərəflər arasında aparılan fəal danışıqlar nəticəsində iki ölkənin paytaxtları arasında hava əlaqəsinin yenidən qurulması barədə razılıq əldə olunub. Qərar, Gürcüstan Prezidentinin Ankaraya rəsmi səfəri çərçivəsində verilib: “Məmnuniyyətlə bildirirəm ki, artıq bu ilin oktyabr ayından Ankara və Tbilisi arasında birbaşa uçuşlar bərpa olunacaq. Bu qərar turizm sektorunun inkişafına, işgüzar əlaqələrin genişlənməsinə və tibbi turizmin təşviqinə töhfə verəcək,” – deyə Arçil Kalandia vurğulayıb. Səfir qeyd edib ki, 2024-cü ildə 1,3 milyondan çox Türkiyə vətəndaşı Gürcüstana səfər edib və birbaşa uçuşların bərpası həm turistlərin, həm də iş adamlarının səfərlərini asanlaşdıracaq. Onun sözlərinə görə, bu addım Mərkəzi Türkiyəyə, xüsusilə Ankara və ətraf bölgələrə çıxışı sadələşdirəcək. Tibbi turizmin inkişafı da gündəmdədir. Kalandianın sözlərinə görə, birbaşa aviareyslər gürcü pasiyentlərə Ankara klinikalarına daha rahat şəkildə çıxış imkanı yaradacaq. Səfir Prezidentin Türkiyə səfəri çərçivəsində kənd təsərrüfatı və təhsil sahələrində də mühüm məsələlərin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə Gürcüstana mal-qara üçün vaksin yardımı göstərəcək və bu da heyvanların peyvəndlənməsi prosesini sürətləndirəcək. Eyni zamanda, gürcü tələbələr üçün Türkiyə universitetlərində ayrılan kvotaların artırılması istiqamətində də danışıqlar aparılıb.

 

24News.ge

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!