Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tarixi kökləri eramızdan əvvəl VI əsrə, Qafqaz Albaniyası dövrünə qədər uzanan Şəki şəhəri tarixi abidələri, memarlıq inciləri ilə yanaşı, qədim sənət növləri – sənətkarlığı ilə də məşhurdur.
Tezadlar.az xəbər verir ki, hər qarışında bir tarix yatan qədim Şəkinin “Sənətkarlar Evi”nin hər gün yüzlərlə ziyarətçisi olur. Yay aylarında bura gələnlərin sayı isə daha da çoxalır. “Sənətkarlar Evi” o qədər bir-birindən gözəl sənət əsərləri, əl işləri ilə zəngindir ki, buranı ziyarət edib həm gözlərini, həm ruhunu dincəldib doyurduqdan sonra nə isə almamaq da mümkün deyil!
Bərpaçı-rəssam, “Əməkdar mədəniyyət işçisi” Hüsyn Hacımustafazadənin sənət əsərləri isə başqa bir aləmdir.
Bizimlə söhbətində sənətkar bu qədim sənət növü ilə 38 ildir məşğul olduğunu və vaxtilə qohumundan öyrəndiyini deyir.
Söhbət zamanı bu sənət növünə maraq göstərənlərin və davamçılarının olduğunu da bildirir. Hüseyn Hacımustafazadənin qeyri-adi əl işlərinə baxdıqda təəccüblənməmək olmur: hamısı bir-birindən cəlbedici, maraqlı, zövqlü! Emalatxanasının divarlarını isə yerli və beynəlxalq festivallarda – sərgilərdə nümayiş olunan əsərlərinə görə təltif olunduğu diplomlar, təşəkkürnamələr, fəxri fərmanlar, fotolar bəzəyir. Onları seyr etdikcə sənətkarın bu çətin, həm də şərəfli peşə yolu gözlərin qarşısında canlanır…
Burada diqqətimizi çəkən əl işlərindən biri də sandıqlar oldu. Bu, böyük zəhmət və zaman hesabına hazırlanmış sandıqların qiyməti isə 5000 manat civarındadır. Qiymətin baha olması səbəbindən bu sandıqlara tələbatın olub -olmaması ilə maraqlandıq. Hüseyn bəy bildirdi ki, sandıqların qiyməti çəkilən zəhmətə, materialın qiymətinə, sərf edilən zamana uyğundur və onları qədim adət-ənənəyə uyğun olaraq cehizlik verən də var, sadəcə bəyəndiyi, dəyərini bildiyi üçün evinə alanlar da.
O, 2009-cu ildə dünyada bənzəri olmayan kürəşəkilli şəbəkə işlədiyini və 2012-ci ildə TÜRKSOY tərəfindən keçirilən beynəlxalq festivalda birinci yerə layiq görüldüyünü bildirir. Sənətkar səslənməsinə görə heç də digər kamançalardan fərqlənməyən şəbəkəşəkilli kamança da hazırlayıb. Bərpaçı-rəssamın “Yuxarı Karvansaray” mehmanxana kompleksinin, Şəkixanovların ev-muzeyinin, Gəncə şəhərindəki “Şah Abbas”, Bərdədəki “İmamzadə” məscidlərinin pəncərə şəbəkələrinin, Xan Sarayının qapı və pəncərələrinin, tavanının bərpasında, Bakıdakı “Şəhidlər” məscidinin interyerinin bəzədilməsi və pəncərələrinin yığılmasında da böyük əməyi var. Hazırda Hüseyn Hacımustafazadənin kürəşəkilli şəbəkə – əl işi 8-ci sinif “Təsviri incəsənət” dərsliyinə də salınıb.
JASMİN