27 Avqust 2025 / 16:55

Xətai rayonunda sakinlərə zülm yaşadan tikinti şirkətindən DİN-ə və PA-ya şikayət edildi

 Bakının Xətai rayonunda Afiyəddin Cəlilov-Natiq Əliyev-Fəzail Bayramov küçələrinin qovşağında (kəsişməsində) vaxtilə Ədliyyə Nazirliyinin «Qadın türməsi» yerləşirdi. Paytaxtın bu mərkəzi hissəsində (8 noyabr prospektində-«Qənimətlər parkı» ilə üzbəüzdə) yerləşən bu həbsxana neçə ildir Kürdəxanıya köçürülüb.

5 zolaqlı olan, lakin sonradan AYNA tərəfindən 40 faiz daraldılaraq velosiped və BUS zolağına bölüşdürülən Afiyəddin Cəlilov küçəsi hazırda Bakının ən çox tıxaclı ərazisi sayılır.

Gəlirik mətləbə: qadın həbsxanası köçürüləndə bu ərazidə yaşayan sakinlər, necə deyərlər, imamlara, seyyidlərə, pirlərə nəzir deyərək Allaha dua ediblər ki, bu ərazidə park salınsın. Niyə? Çünki həm «Qənimətlər parkı» ilə harmoniya təşkil edər, həm də tıxaclı A.Cəlilov küçəsi yaraşığa minər… Amma, necə deyərlər, sən saydığını say, gör bu ərazidə göydələn tikmək arzusunda və iştahında olan, adı bizə də bəlli tanınmış məmur və iş adamı nə sayır!

Beləliklə, artıq üç aydır ki, bu əraziyə ağır texnikalar yeridilib, ağır tonnajlı yük maşınları cəlb edilib, dərin quyulara (özüllərə) beton vuran texnikalar işə başladı. Məlum oldu ki, hələ indi 1 kvm. sahəsi 5 min manatdan deyilən bu ərazidə göydələnli mənzillər tikiləcək. Və artıq tikilir də.

Tiksinlər, Dövlət Şəhərsalma və Tikinti Komitəsinin isə yəqinki vecinə deyildi ki, gələcəkdə bu ərazinin bu cür göydələnlərlə doldurulmasının tıxacla bağlı hansı fəsadları olacaq…

Sakinlər bezib köçmək istəyir…

F.Bayramov və Sabit Orucov küçələrində yaşayan sakinlərin isə artıq canı boğazına yığılıb. Təxminən 3 hektarlıq ərazidə dərinliyi 8-10 metr olacaq bünövrədə dərin özüllər qazan ekskovator və su laylarını aşkarlayan xüsusi, zəlzələ effektli texnikaların titrədici fəaliyyəti bu ərazidə yaşamağı mümkünsüz edib. Yəni, dünya təcrübəsində Bakıdakı kimi tikinti özbaşınalığı varmı görəsən ki, sakinlərin yaşadığı binanın 5 metrliyində yeraltı qurğularla işləyən texnikanın səsi və titrəyişi səhərdən axşama, gecədən səhərə kimi davam etsin, ağır tonnajlı texnikaların tırıltısı, gurultusu və ətrafa səpələnən toz-torpağı isə uşaq-qoca demədən, insanları yaşamaqdan bezdirsin?!

Sakinlərin bəziləri artıq kirayə ev axtarışındadır, yaxud gecələr qohum-qardaş evində yatmağa məcburdur…

Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edildi ki…

Dünən Fəzail Bayramov küçəsində yaşayan sakinlər gecə saat 2 radələrində belə oyaq idi. Onların yuxusunu ərşə çatdıran isə ağır tonnajlı yük maşınlarının gurultusu və daşıdıqları neftlə çirklənmiş torpağdan qopan kəskin turşu iyi idi. Sakinlər «Təzadlar»a bildirdilər ki, neçə vaxtdır məcbur olub bu tikintinin sahibini axtarsalar da iş icraçıları və fəhlələr onun kimliyini hərbi sirr kimi gizli saxlayırlar. Odur ki, dünən gecə saatlarında DİN-nin 102 xidmətinə şikayət edilib, az keçmiş ərazinin sahə rəisi tikinti sahəsinə gəlib, ağır tonnajlı yük maşınlarının istiqaməti qismən dəyişdirilib, amma gecə keçənədək bu yükdaşıma davam edib, vətəndaşların da haqlı şikayəti…

Sakinlər Prezident Administrasiyasına üz tutmağa qərar verib…

Bu gün isə məlum oldu ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə ünvanlı müraciət hazırlayıb komitənin saytına elektron qaydada göndəriblər, şikayət ediblər, telefonlarına və qaynar xəttinə bildiriblər (Telefon

(+994 12) 595 13 50 Qaynar xətt (+994 12) 597 00 47 ). Yəni, Bakıda tikinti texnologiyası belə olmalıdır ki, sakin yaşadığı halda mənzilinin 5 metrliyində ağır texnika aylardır yer deşir, ağırtonnajlı yük maşınları isə torpaq, neftlə çirkli torpağı ətrafa səpələyə-səpələyə gecə-gündüz daşıyır?!

***

Sakinlər əməkdaşımıza onu da bildirdilər ki, körpə uşaqların bu səs-küydən səhhətində problemlər də yaranıb, bəziləri uşaqları mərkəzdən kənar qohum evlərinə göndərməyə məcbur olub. Yayın istisində isə pəncərələri toz və iy-qoxudan açmaq mümkün deyil.

Bir sözlə, sakinlər bu ərazidə cəhənnəm əzabını çəkməkdədir. Niyə? Çünki kimsə burada özü üçün gəlir mənbəli göydələn tikir!!!

Sakinlər bu gün redaksiyamıza bildirdilər ki, əgər belə davam edəcəksə, Prezident Administrasiyasına şikayət etməyə və PA-da qəbula getməyə məcburdurlar.

Bəs bu zülmün müəllifi kimdir və ya hansı şirkətdir?

«Təzadlar»ın Araşdırma Qrupu bu gün həmin ərazidə oldu. Əməkdaşımız Elçin Məmmədli də bu şirkətin sahibinin adını və kimliyini öyrənə bilməyib, eləcə də şirkətin hüquqi ünvanını. Çünki Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin gözündən «yayınan» şirkət rəhbəri qaydalara əməl etmədən burada məlumat lövhəsi belə asmayıb. Amma hələ bünövrə qazılmaqda və ətraf sakinlərə cəhənnəm əzabı yaşadılmaqda ikən, ingilis dilində «Prospekt» («Avenue») sözləri həkk olunmuş iri plakatların üzərində başqalarının rahatsızlığı üzərində ərsəyə gələcək mənzillərin satışını elanlayan *8008 çağrı mərkəzi fəaliyyətə başlayıb. Fotoşəkillərdə isə göründüyü kimi, şirkətin adı qeyd edilməsə də, plakatların üzərinə ətrafda zülm çəkən sakinlərə təsəlliverici «Zərif zövqün sirri», yaxud «Həyatın zərif sirrini yaşa» kimi bədii sözlər həkk olunub…

Bəs ağırtonnajlı yük maşınlarının hərəkət istiqamətini niyə dəyişmirlər?

Əməkdaşlarımız tikinti meydançasını müşahidə edərkən maraqlı fakta rast gəliblər. Məlum olur ki, tikinti şirkətinin rəhbərliyi yük və ağır texnikaların hərəkəti ilə məhz sakinlərə rahatsızlıq verən darvazanı Fəzail Bayramov küçəsinə açıb. Halbuki əks tərəfdə-Natiq Əliyev küçəsində isə zibilxana və hansısa köhnə uçuq-sökük tikililər olan ərazi var, darvazanı həmin yerə salmaq olardı. Bəs niyə etməyiblər? Görünür, kimlərsə vətəndaş məmnunluğuna haram qatmaq niyyətindədir və kefi belə istədiyindən belə də edib.

Amma elə deyil. Yüzlərlə ailənin yaşadığı F.Bayramov küçəsində artıq ağır texnikaların intensiv hərəkətindən asfatl yol da çat verib… Bu isə o deməkdir ki, dənizə yaxın ərazi olan bu yerdə yeraltı suxurlar yerindən oynayıb.

Görünür, bu, həm də bu rahatsızlığın müəllifi olan iş adamının və onun arxasında duran, adı bizə də məlum məmurun da yerindən tərpədilməsinə bir işarədir! Ölkə Prezidentinə kütləvi şikayət kimə lazımdır??? Sual budur…

Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!