29 Avqust 2025 / 15:35

Ermənistanın metallurgiya zavodunda mərmi istehsalı-ƏDALƏT VERDİYEV YAZIR

…Hakimiyyətə yaxın olan Ermənistan vətəndaşı Daniil İonannisyan öz səhifəsində Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən dövlət sirrini paylaşıb. Onun sözlərinə görə metallurgiya zavodu kimi fəaliyyət göstərən GTB zavodunda artilleriya mərmiləri istehsal olunur. Bu haqda müxalifət və ya bitərəf biri məlumat versəydi, onun başına itin oyunu gələrdi. Amma İonannisyanı hələlik həbs edən yoxdur.
İndi isə bu zavod barədə. Ermənistan GTB zavodunu Vətən Müharibəsindən sonra ABŞ ilə birgə Azərbaycan sərhədində yerləşən Arazdəyən kəndində inşa etmək istəyirdi. Buna Azərbaycan qəti şəkildə etiraz etdi və ordumuz buna imkan vermədi. İndi isə bu zavod Qərbi Zəngəzur ərazisində, Naxçıvana çox yaxın bir ərazidə yerləşən Ararat kəndində inşa edilib. Təbii ki, artilleriya mərmiləri istehsal edən zavodun Naxçıvanla sərhəddə, həm də antimateral snayper tüfənglərinin və iriçaplı pulemyotların atəş məsafəsində yerləşməsi bizim üçün müsbət xüsusiyyət hesab edilə bilər. Bu zavodun ABŞ ilə birgə inşa edilməsi, Ermənistanın Turan dəhlizini və ümumilikdə Qərbi Zəngəzuru itirmək qorxusu ilə bağlıdır.
GTB zavodu ictimaiyyətə Ararat armatur və borular kimi qara metalları emal və istehsal edən erməni-amerikan birgə müəssisəsi kimi təqdim edilir. Zavodun rəsmi açılışı olub və artıq 31 milyon dollar investisiya ilə ildə təqribən 113 min ton istehsal gücünə malik olduğu bildirilir. Əslində isə bu zavodda Ermənistan ordusunda mövcud olan sursat çatışmazlığını aradan qaldırmaq üçün patron və mərmi istehsal olunur.
Yəqin ki, Naxçıvan ərazisində müdafiə olunan birlik və birləşmələrin artilleriya rəisləri fərdi planlarında müvafiq dəyişiklər edəcəklər.
ƏDALƏT VERDİYEV,
Hərbi ekspert
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!