Azərbaycan XİN Rusiyanın kompensasiya verilməsi bəyanatına cavab verdi. Tezadlar.az xəbər verir ki, XİN-nin sözçüsü Ayxan Hacıyev həmin bəyanatı şərh edib: “AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya Hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır. Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil”.