Nəriman Nərimanovun ölümündən bir qədər əvvəl balaca Nəcəfə ünvanlayaraq yazdığı və təəssüf ki, bitirə bilmədiyi məktubdan bəzi sətirləri nəzərinizə çatdırmaq istəyirəm: “Əziz oğlum Nəcəf! Əgər mən yaşasam, səni elə böyütməyə çalışacağam ki, sən bəşəriyyət üçün faydalı adam olasan; əgər mənə əcəl aman verməsə, səndən təvəqqe edirəm, mənim insanlara göstərdiyim kiçik xidmət qədər bir xidmət göstər… Ümid edirəm ki, sən öz işinlə mənim əməllərimi daha da dolğun edəcəksən”.
Məncə oğlu Nəcəf bu işin öhdəsindən gəlməyə çalışdı və nail oldu. Lakin bunu Sovet rejimi üçün deyə bilmərik. O, mövcud olduğu dövrdə hər cür yaxşılığı unuda bilir. Sovet rejimi üçün belə şeylərin qara qəpik əhəmiyyəti yoxdur.
Bu gün Nəriman Nərimanovun yeganə oğlu, baş leytenat Nəcəf Nərimanovun almanlar tərəfindən öldürüldüyü gündür. Bildiyiniz kimi, atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922–1925) olub. Ərinin ölümündən sonra ailənin ağır yükü tacir ailəsindən olan Nəcəfin anası Gülsüm xanımın üzərinə düşür. Qeyd edim ki, 44 yaşlı Nərimanov evlənəndə Gülsüm xanımın 15 yaşı olub. Gülsüm xanım kifayət qədər məşhur və zəngin ailənin qızı idi. Ərinin ölümümdən sonra yaşamaq üçün Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi.
Oğlunun tərbiyəsində dayəsi Aqnessa Vitsovnanın rolu böyükdür. Nəcəf atasını itirəndə 5 yaşında idi. Alman, ingilis, fars, ərəb, türk və rus dillərini sərbəst bilib. Lakin qismət elə gətirir ki, o, hərçi olur və tankçılıq məktəbinə daxil olur. Müharibəyə gedir və Stalinqrad uğrunda döyüşlərdə tank təmir bölüyünun taqım komandirikimi vuruşur. Döyüşdə müxtəlif medallarla təltif olunur.
Onun düşmən əli ilə ölmədiyi də deyilir. Lakin tezliklə Nəcəf . Nərimanovun alman təyyarələrinin bombardmanı zamanı həlak olması məlum olur.
Doğrudur, Nəcəfin anası Gülsüm xanım oğlunun tək yadigarı olması ilə bağlı Stalinə məktubunda oğlunun döyüşdən azad olmasını xahiş edib. Stalin də öz nöbəsində hərbi hissəyə zəng elətdirib deyir ki, Nəcəf Nəriman oğlunu ordudan tərxis edin. Lakin Nəcəf həmin anda döyüşə getdiyi üçün deyib ki, mən bu döyüşü başa vurum. Amma həmin döyüşdə onu vururlar.
Bu vaxt onun cəmi 23 yaşı var idi.
Oğul Nəcəf Nərimanov Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilmişdir. Bu şəhərdə və Bakıda adına küçə olduğu məlumdur. Hal-hazırkı Ukrayna -Rusiya müharibəsi dövründə bu məzarın qalıb qalmamasından xəbər yoxdur.
Oğlunun ölümündən sonra Gülsüm xanım ancaq hamiliklə məşğul olur, uşaq evləri, əlil evləri və qocalara yardım etməyə başlayır. İkinci Dünya müharibəsi başlayanda Qızıl Aypara Cəmiyyətinin fəal üzvü kimi əsgərlərə öz ana nəvazişini göstərirdi. O, bir növ bütün əsgərləri oğlu Nəcəfin timsalında görürdü.
Gülsüm xanım 1953-cü ildə Moskvada vəfat edib Vaqankovski qəbiristanlığında dəfn edilib.
Sözardı: Nəcəf Nəriman oğlu haqqında yazmaq lüksüm olmasa da ona və yaşadığı dövrə nöqtə, nöqtələr və vergül qoymağı vacib hesab etdim.
Baba Allahnəzərov