…Hərbi xidmətdə olduğum vaxt həmkəndlim rəhmətlik Rəhim İsmayılovdan tez-tez məktub alırdım (o vaxt Rəhim Bakıda AZİ-də təhsil alırdı). Bu dəfə Rəhim məktuba Bəhmən Vətənoğlunun bir gəraylısını yazıb göndərmişdi və istəyirdi ki, mən də ona bir nəzirə yazım.
Mən Bəhmənin gəraylısını oxudum, xoşuma gəldi. Ümumiyyətlə mənim xoşuma gələn hal deyil ki, kiminsə şeirinə ya nəzirə yazım, ya o işlətdiyi rədifdə şeir yazım. Bu dəfə məcbur oldum həmin rədifdə şeir yazdım, ancaq mənaca ayrı olsun deyə, məzmunu tamam dəyişdirdim. O sevgilisi haqqında yazmışdı, mən də vətən haqqında, qürbətlik haqqında yazdım.
Bəhmən Vətənoğlu
Vətən qızı, vurğununam,
Ürək yandır barı sən də!
Saf eşqimiz pak yaranıb,
Namus məndə, arı səndə.
Sərraf Şiruyə
Viranə qal, ay qürbət el,
Küsdürmüşəm yarı səndə.
Ərşə çıxan günahların
Yarı məndə, yarı səndə.
Bəhmən Vətənoğlu
Dövlətsiz, varsız demərəm,
Bağçasız, barsız demərəm,
Sənə ilqarsız demərəm,
Gördüm etibarı səndə.
Sərraf Şiruyə
Çəkmə qılınc, tökmə andı,
Bəlkə məni vətən andı.
İtirmişəm nə zamandı,
Dostu, vəfadarı səndə.
Bəhmən Vətənoğlu
Ağrın alım, a nazlı yar,
Bəhmən sənsiz tutmaz qərar.
İkimizdə bir ürək var:
Yarı məndə, yarı səndə.
Sərraf Şiruyə
Şiruyəyəm, qəlbim yanır,
Gəncliyimdə qaş qaralır.
Mən gedirəm heyif, qalır
Zəhmətimin barı səndə.
1965-ci ilin noyabr ayı idi. Alqayıtla mən institutda oxuduğumuz vaxt Bəhmən də Üniversitetdə axırıncı kursda oxuyurdu. Bir dəfə hardasa rastlaşıb bizim yataqxanaya gəlmişdi. Bir gecə Alqayıtgilin otağına yığışıb çoxlu söhbətlər etdik, şeirlər dedik. Bəhmənə “Qədim şah Qacara dönüb, nə dönüb” şeirinin necə, nə məqsədə yazıldığını söylətdik. Bundan sonra Bəhmənlə mənim görüşüm bir də 1976-cı ildə oldu.
1976-cı ilin aprel ayı idi. Bərdədə bir neçə rayonun maarifyanı konfransı keçirilirdi. O cümlədən Kəlbəcər Təhsil şöbəsindən də nümayəndələr – Şamil Əskərov, Mehtixan İbrahimov və Bəhmən Vətənoğlu gəlmişdi. Bizim məktəbdən də nümayəndə kimi mən getmişdim. Bəhmənlə xoş görüşdük. Yerli müəllimlər, ümumiyyətlə bizi tanıyan yoldaşlar mənə yaxınlaşıb hey dedilər – ” Şiruyə müəllim, siz burda, Bəhmən müəllim burda, bəs bu görüşdən bir xatirə qalmalı deyilmi, biz şeir pərəstişkarlarınızı şeirlə sevindirmək istəmirsinizmi?”. Bu vaxt mən Bəhmən müəllimə belə bir şeir yazıb göndərdim :
Gözəl sənətkarım, mahir sərrafım,
Xoş gəlib, bu yurda səfa gətirib.
Şahinim-şonqarım qədəmlərində,
Küllü Qarabağa şəfa gətirib.
Bir ağız dillənsin şahı xəqanım,
Qurban ləhcəsinə istəkli canım.
Sehirli təbibim, kamil loğmanım,
Dəvasız dərdimə dəva gətirib.
Hədər getməyibdi çəkdiyim zəhmət,
Həsrət ürəklərdən silindi möhnət.
Sərraf Şiruyəyəm, ilqar, sədaqət,
Könlündə bizlərə vəfa gətirib.
Şeiri müəllimlər konfransın gedişi zamanı Bəhmən müəllimə çatdırdılar. Təxminən 20 dəqiqədən sonra mən şeir yazdığım vərəqin arxa tərəfinə Bəhmən aşağıdakı şeiri yazmışdı:
Xoş gördük, xoş gördük, əziz qardaşım,
Doğma Qarabağa yenə gəlmişəm.
Fərəhdən sinəmə sığmır ürəyim,
Təzədən imana, dinə gəlmişəm.
Ətrini duymuşam dağda güllərin,
Vurğunu olmuşam imran dillərin.
İsti qucağına anam ellərin,
Zirvələrdən enə-enə gəlmişəm.
Bəhmənəm, dostlara canımdı fəda,
Şöhrətim, dövlətim budu dünyada.
Qəlbimdə sədaqət, başımda sevda,
Dostlarımın xoş gününə gəlmişəm.
İclasdan sonra Bərdə Daxili Işlər Şöbəsində müstəntiq işləyən saz-söz vurğunu Murad Bayramov, şöbənin şeir sevərləri, mərhum Nəsir Mustafayev, İnqilab Qarayev, qəbri nurla dolmuş Əbdürrəhmanov Mirzə bizim şərəfimizə ziyafət düzəltdilər, bir neçə saat Bəhmənə və mənə qulaq asdılar. Biz çox səmimi ayrıldıq.
1983-cü ilin iyul ayında Göyçədəydim. Basarkeçərə (Vardenisə) özümə ayaqqabı sifariş verməyə getmişdim. Təxminən gün günortadan dönmüşdü. Bu dəm Aşağı Şorcalı Aşıq Islamın kiçik qardaşı Dilqəm mənə tələsik yaxınlaşdı ki, – “Şiruyə müəllim, səhərdən səni gəzirəm, kəndi axtarmışam, axırda sorağını alıb rayona gəlmişəm. Məni İslam göndərib. Bəhmən qardaşı ilə bizə gəlib. Bəhmən və İslam səni gözləyirlər.”
QAZ-69 maşına oturdum. Təxminən gündüz saat 4 radələri olardı, çatdıq Şorcaya, Aşıq İslamgilə. İslamla, Bəhmənlə görüşüb oturdum. Süfrənin, yemək-içməyin çoxdan başladığını hiss elədim. Şorcalı sənət-saz aşiqi, yaxşı saz çalıb-oxuyan Zalov İmran da, mənim oğlumun kirvəsi Muxayıl da burada idi. Bir-iki qismət də mən quzu şalampırından, Göyçə gölünün balıq soyutmasından yeyəndən sonra saz-söz meydanı başlandı. Bəhmən və mən şeir deyir, Dilqəm və İmran oxuyurdular. Mən hiss etdim ki, Bəhmən içkinin təsirindən hallanan təhərdi. Xəlvəti Bəhmənin qulağına dedim ki, içkidən özünü gözlə, bunlar bizi tez buraxmayacaqlar. Həm də məclisdə olan mənim kirvəm Muxayıl da bizi qonaq aparmaq məqsədilə bura gəlib. Daşkənddən Səlimov Şahbaz müəllim də, aşıq Nuriddinin atası Abıt da mənim yolumu gözləyirdilər.
Bəhmən müəllim mənim ona xəlvəti dediyim sözə o qədər də əməl etmədi. Saat 6-ya qədər burada saz-söz məclisi getdi. Razılaşma belə oldu ki, Bəhmənin ailəsini Bəhmənin qardaşı öz maşınları ilə (QAZ-51) Kəlbəcərə, evlərinə aparsın, Bəhmənlə mən Şahbaz müəllimgildə oturaq. Bu məqsədlə qalxanda kirvəm Muxayıl əl çəkmədi, – yarım saat müddətinə bizə dönək, sonra Daşkəndə gedək. Muxayıl hər şeyi hazır edibmiş. Kabab, araq, soyutmalar ortaya gəldi. Mən içən deyildim. Bəhmən bir-iki bakal da burda vurdu. Bir neçə şeir də burda dedikdən sonra Dilqəmin maşınına oturub Daşkəndə gəldik. Yolda mən Şahbaz müəllimə, Bəhmən müəllimə dedim – siz birlikdə gedin, mən ayaqüstü Abıdgilə dəyim, inciməsin, elə Abıdı da götürüb sizin yanınıza gəlim, məclisimiz Şahbaz müəllimgildə getsin. Mən Abıdgilə gedən anda Bəhmənin vəziyyəti tamam dəyişər. Təzədən Bəhməni Şorcaya qaytarırlar. Orada yatıb, dincəlir.
Sonradan Bəhmənlə “İstisu”da dəfələrlə görüşdük. Sücaətin yeməkxanasında şeir sevərlər ziyafət düzəldib mənim təcnislərimə, Bəhmənin qoşmalarına, Sücaətin nisgilli şeirlərinə, Qəmkeş Allahverdinin sazının müşayiəti ilə xüsusi zövqlə qulaq asardılar.
Zakir Kərimov Kəlbəcərdə Polis şöbəsində müstəntiq işləyən zaman (o mənim əmizadəmdir) bir dəfə kəndə gələndə mənə dedi ki, –dostunu yaman ilişdiriblər. Adamlar yanımızda çox olduğundan nə məsələ olduğunu soruşmadım. Bircə ona dedim ki, – ona lazımi köməkliyi etməlisən. O da dedi ki, – baş üstə. Sonrakı dəfə Zakir müəllimlə görüşəndə dedi – narahat olma, hər şeyi yönünə qoydum. Bu hadisədən bir az sonra eşitdim ki, Bəhmən nə səbəbdənsə Gəncəyə işləməyə gəlib. Bunu mənə şair Əlqəmə dedi. Hətta onu da dedi ki, – ona bir şeir yaz, bəlkə geri qayıda. Onda mən belə bir şeir yazdım, ancaq şeir Bəhmənə çatmamışdı. Bəhmən yenidən Kəlbəcərə qayıdıbmış.
“Xoş gəldin” demirəm, öz vətənindi,
Öz isti ocağın, odundu Gəncə.
Sən onun övladı, o sənin atan,
Kim deyə bilər ki, yadındı Gəncə.
Burda Ziyadxanı soraqla, qağa,
Əslini, Kərəmi haraya, qağa.
Böyük Nizamini varaqla, qağa,
Ulu şöhrətindi, adındı Gəncə.
Sərraf Şiruyəyəm, qəzəl aşiqi,
Həqiqət, ədalət, gözəl aşiqi.
İmran dillərinin əzəl aşiqi–
Çörəyin, duzundu, dadındı Gəncə.
Köçkünlük vaxtı Bəhmənlə Gəncədə dəfələrlə səmimi görüşlərimiz oldu. Bir dəfə də Kəlbəcər köçkün məktəbi bizim məktəbin binasında yerləşdiyindən o, məktəbin fəaliyyətini yoxlamaq üçün yoldaşları ilə bizim kəndə, bizim məktəbə gəlib məni soruşmuş, mən kənddə olmamışam. Bundan sonra dəfələrlə Gəncə mətbəəsində görüşümüz, şirin, səmimi söhbətlərimiz oldu. Allah Bəhmənə rəhmət eləsin!
Sərraf Şiruyə
(“Hər görüş bir xatirədir”
Bakı – “Nurlan” – 2007 ci il)