Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Oktyabr 2025 / 18:45

Nifrətin xaç atası…

“Vətənə xəyanət etmək üçün ruhun ifrat dərəcədə alçaqlığı tələb olunur” – rus yazıçısı və filosofu Nikolay Çernışevski

***

Ötən həftə ölkə gündəmini zəbt edən və bütün diqqəti öz üzərinə cəmləyən hadisə baş verdi: çoxlarının odda yanmaz, suda batmaz zənn etdiyi Ramiz Ənvəroviç Mehdiyev barədə Səbail Rayon Məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri qərarını bəyan etdi. O, Azərbaycan Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər)  və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) kimi dağdan ağır maddələri ilə ittiham edildi. Məlum olduğu kimi, həmin məlumat rəsmi mənbələrdə dərc edilib ictimaiyyətə geniş çatdırılmasa da, KİV-ə sızdırıldı…

Bəs, düz 24 il (1995-2019-cu illərdə) AR Prezident Administrasiyasına rəhbərlik etmiş, 81 yaşında təmtəraqla, təltiflə, yaşı-başı, xətri əziz tutularaq, incidilmədən yola salınmış və bu yaşında belə kreslo öyrəncisi, əmr vermək sevdalısı vəzifəsiz qoyulmamış, elm ocağına – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019-2022-ci illər) təyin edilmiş Ramiz Mehdiyevin ağır cinayətlərdə ittiham edilməsi məsələsi ictimaiyyəti təəccübləndirdimi?! Əsla! Bir çoxu bunu çoxdan gözləyirdi. Sadəcə, bu anın reallaşma, yəni cinayət məsuliyyətinə gec cəlb olunma məsələsi daha çox müzakirəyə çıxarıldı. Bu barədə daha sonra…

Onun barəsində hər küncdə-bucaqda danışılırdı. Çoxu bu heybətli adamın adını çəkməkdən belə qorxurdu. Sanki hər yerdə gözü- qulağı vardı… “Kəsdiyi başa sorğu-sual yoxdur” deyilirdi… Lakin bütün qorxu-hürküyə baxmayaraq, mətbuatda, bəzi internet televiziyalarında bu “boz” adamın “fəaliyyəti” gündəmə gətirilir,  ara-sıra müsahibələr, şikayətlər dərc edilir, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilir  (administrasiyadan uzaqlaşdırıldıqdan sonra bu daha da artdı) və onun yüksək  səlahiyyət, söz sahibi olmasından, rəsmi dövlət kanalına rəhbərlikdən, baş redaktorluqdan  tutmuş, deputat, icra başçısı, nazir… təqdimatlarında və təyinatında böyük rol oynamasından, ətrafına bir kəlməsini iki etməyəcək  komanda yığması, milyardlara sahib olması, Rusiya ilə bağlılığı açıqlanırdı. Hətta bir çox deputatlar (sabiq vəzifəlilər) belə onun tənqidçisinə çevrilmişdi… Son dövrlər isə Ramiz Mehdiyev bu sel axınının qarşısında sanki gücsüzləşmişdi, onları hədələməkdən başqa çarəsi qalmamışdı..

Elə ev dustaqlığı xəbəri yayılan anındaca sanki illərdir yığılıb qalmış arxivlər açıldı, Ramiz Mehdiyev və ətrafı ilə bağlı xəbərlər paylaşılmağa  başlanıldı. Məlum olduğu kim, onu indi yaşının bu çağında məhkum kürsüsünə götürən isə təkcə var-dövlət sahibi olması deyil, ən dəhşətlisi – dövlətinə xəyanət etmək idi!

İttiham edildiyi üç maddədən biri:

«274-cü maddə – Dövlətə xəyanət:

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

278.1. Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər- on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

193-1.3.2. xeyli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Maraqlıdır, görəsən, illərlə vəzifə postunda saxlanılmış, böyüklüyünə hörmət edilmiş hüdudsüz  səlahiyyət sahibi nədən Azərbaycan xalqına üz çevirsin, nədən dövlət əleyhinə işlər görsün, niyə torpaqların işğaldan azad edilməsinə sevinməsin, niyə Ali Baş Komandana dəstək olmasın?!

O, bu hakimiyyətdən nə istəmişdi ki, ala bilməmişdi?! Qəzəbi kimə idi? Övladları, kürəkəni, xanımı, dostları… yüksək vəzifə postlarında təmsil olunur, yağ-bal içində yaşayır, özü isə qazancı ət alıb yeməyə yetməyən vətəndaşlar kimi ehtiyac girdabında çapalamırdı. Əksinə, açıq mənbələrdə dərc edilən varidat siyahısına nəzər saldıqda ailə üzvlərinə məxsus əmlakı say- hesabına görə kralları belə ötüb keçib.

Siyahının bir hissəsini dərc edirik:

Bakı, Abşeron və Goranboy rayonlarında hektarlarla torpaq sahələri, Novxanıda üzüm bağları, İstiqlaliyyət küçəsi, 11 ünvanında yerləşən mənzil – “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır. Mehdiyevə Dilarə Əliyeva küçəsi, 251A ünvanında bir sıra obyektlər,  “Topaz” və “Qala-R.L” Mənzil Tikinti Kooperativləri, NLT MMC və “Premium Store” MMC-nin məxsus olduğu deyilir. Daha sonra NLT, “Servis”, “Grand Palace”, “Astoriya”, 2020-ci ildən “German Hospital” kimi tanınan “Astoriya Tibb Mərkəzi” MMC,  “Qrandezza Ticarət Mərkəzi” MMC, “BTB ASC” bankının 75 %-i də R.Mehdiyevin nəvəsinə məxsusdur.  Həmçinin “BTB Lizinq” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.  Şərq-Qərb nəşriyyatı da, həmin ərazidə agentliyin binasında 408 mənzilli  16 mərtəbəli yaşayış binası və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər arasında “Şərq-Qərb Nəşriyyat Evi” MMC və “Qlobal East West” MMC göstərilir.

Ailəyə, həmçinin “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa aid edilir: Bakıda Tbilisi prospektində 36 sot, satış qiyməti 8 milyon dollar olan əmlak, həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evləri və ilaxır…

Bütün bu iddia edilən və bixəbər olduğumuz əmlak siyahısının ən dəqiqini isə təhlükəsizlik xidməti bilir və araşdırır.

Əslində, 2020-ci ildə koronavirus epidemiyası yayıldığı zaman ölkə başçısı tərəfindən Ramiz Mehdiyevə ərköyün ailə üzvlərinin toxunulmaz olmadığı və bu ölkənin qanunları qarşısında hamı bərabərdir mesajı verilmişdi. O zaman karantin rejimini pozaraq Novxanıda qızına toy edən Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirildi və 15 sutka həbs edildilər. Və hamı düşündü ki, bu, bütün məmurlara gələcək fəaliyyətlərində dərs olar, özlərini sıravi vətəndaşdan üstün tutanların, korrupsiya ilə məşğul olanların, qanunları heçə sayanların ağlı başına gələr. Prezident isə demək olar ki, bütün çıxışlarında məmurlara bu barədə xəbərdarlıq edirdi və edir. Ramiz Mehdiyevin “gecikmiş məsələsi”nə gəldikdə isə, Prezident hər zaman vurğulayır: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Və görünür ki, 44 günə Ermənistan hakimiyyətini şanlı və qalib ordumuzla diz üstə gətirən Ali Baş Komandan “Mehdiyev komandasının” da astarını üzə çıxarmağın tam zamanının yetişməsini gözlədi…

***

Qeyd edək ki, bir çox dövrlərdə ağır cinayətlərdə ittiham edilmiş vəzifəli və səalhiyyətli şəxslər – icra başçıları, nazirlər, səfirlər… olub. Amma sosial şəbəkələrdə, insanların bir-biri ilə ünsiyyəti zamanı da bu şəxslərin hansısa xoş əməli, yaxşı bir keyfiyyəti, Vətən yolunda hansısa xidməti barədə söz açanlar tapılıb –  “Allah qapısını açsın” deyənlər olub. Lakin bu bir həftə ərzində Ramiz Mehdiyevlə bağlı nə belə bir yazıya, nə də şərhə rast gəlindi. İnsanlar sanki bu günü çoxdan gözləyirmişlər. Elə sosial şəbəkələrdə də bir çox tanınmış insan Ramiz Mehdiyevin onlara vurduğu zərbələrdən yazır. Tanınmış jurnalist, AZTV-də,  Azərbaycan Radiosunun xəbər müdirinin müavini vəzifəsində çalışan Jalə Mütəllimova da onlardan biridir.

Sitat: “Dörd ay yaxşıdır…dörd ay nədir ki?!. Mən, “Təfəkkür” Universiteti cinayətlərindən, Azərbaycanın rayonlarında məktəbli qızların erkən nigaha cəlbindən və qazanılan “yaxşı” məbləğlərdən, yerli təhsil şöbələrinin icra orqanlarının inhisarından çıxarmaq istiqamətində aparılan mübarizədən, təhsil büdcəsindən oğurlanan vəsaitlərdən, ölkədə dərslik nəşrinin inhisarı məsələsini gündəmə gətirdiyimə görə, dərsliklərin hazırlanmasında Təhsil Nazirliyinin iştirakı və rolu olmadığını faktlarla yazdığıma və sair onlarla məsələdən dolayı, düz doqquz il qeyri-rəsmi ev dustağı oldum. Hələ də Ramiz Mehdiyevdən gələn, “mənim başıma dönər, canıma qurban olar o, Azərbaycanda bir yerdə iş tapsa” mesajı qulağımdadır…”.

Sonda jurnalist “Ramiz Mehdiyevə cəza kimi verilən bu dörd ay, mənim kimi onlarla milli ruhlu vətəndaşın doqquz və daha artıq itmiş illərinin cəmi dörd aynın kompensasiyasıdır. Və o itmiş illər daha geri qayıdası deyil. Odur ki bu əslində çox xırda cəzadır. Bu, çox azdır qardaşlar, çox az!

Sonda deyəcəyim, bəlkə kiməsə qəribə görünər. Amma mən Ramiz müəllimin simasında, layıq olmadıqları halda, insanlara pislik yaşadanların hamısına, çox, lap çox uzun ömür arzulayıram. Diləyirəm ki, heç kim yaşatdığını yaşamadan, bu dünyadan köçməsin”, – deyə vurğulayıb.

Yaxud, Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, Ramiz Mehdiyevin ona etdiyi pislik pisliklər arasında dəryada bir damla olub, amma edib:

“2005-ci ilin elə bu vaxtlarında Balakəndə parlament seçkilərilə bağlı seçki kampaniyası keçirirdik. Deputat seçilmək şansım çox yüksək idi. Hər şey əlaydı. Əsas alternativim də Rəbiyyət Aslanova idi. Ramiz Mehdiyevin ən yaxın adamı hesab olunurdu. Mənə namziədliyimi geri götürməyimlə bağlı təkliflər olsa da, qəti imtina etmişdim. Əvvəldən də buradan deputat olan bu xanım heç seçicilərlə görüşlər belə keçirə bilmədi. Seçkiyə az qalmış ATƏT, hətta PA-dan gəlmiş sorğu keçirənlər mənim deputat olaraq seçilməyimi təbrik edirdilər. Elə həmin arada xəbər çıxdı ki, rayonun icra başçısını Ramiz Mehdiyev Bakıya çağırıb. Seçkiyə təxminən bir neçə gün qalmışdı. İcra başçısı Bakıdan qayıdan anda hər şey dəyişdi”.

Həmin vaxt namizədliyinin ləğv edildiyini deyən Osman Gündüz əlavə edib ki, baş verən bütün bu tip ədalətsizliklər, qanunsuzluqlar və saxtakarlıqlar üçün Ramiz Mehdiyevin hesabat vermək məqamı yetişib: “Əminəm ki, o zaman xeyli əziyyət çəkən seçki komandam, bizə dəstək verənlər, bütün Balakən seçiciləri də indi ədalətin zəfər çalmasından məmnundurlar. Gec olsa da…”.

YAP üzvü, Naftalanın keçmiş icra başçısı, sabiq deputat Musa Musayev də Ramiz Mehdiyevi özünəməxsus şəkildə ““Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi!” yazaraq təbrik edib.

“Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə deyirdi ki, məndən sənə əmanət, çalış pambıqla baş kəs (özü kimi). Sən çox prinsipial adamsan, qılıncı almısan əlinə kim gəldi başını kəsirsən. Mən heç vaxt yıxılanı baltalamamışam. 2000-2005-ci illər deputat olanda parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana icra başçısı göndəriləndə isə kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm. Nəticəsi də hər kəsə bəllidir”, – deyə o qeyd edib.

Belə insanlar beşdimi, ondumu, yüzdümü?! Əminəm ki, bunu bu gün açıqlamayanların çoxu zamanı gəldikdə, xofdan çıxıb özlərində bu gücü tapacaqlar.

***

Bəli, elə bil ki, insanların daxilində illərlə yığılıb qalmış küskünlük, acı, aldıqları zərbə, zamanında layiq olduqlarını əldə edə bilməmələrində günahkar olduğunu, lakin cəzasız qalacağını düşündükləri şəxsin bu gün qanun qarşısında cavab verməsi, ədalətin təntənəsini görmələri onlara bir başqa ruh verir: gələcəyə inam, haqq nazilər üzülməz… həm də ona- səbəbkara qarşı nifrət fışqırır! Əməlləri nifrətlə yad edilən nəhəng bir nifrət! Bəlkə də bu nifrətin çəkisini ölçmək mümkün olsaydı, ölçüyə belə gəlməzdi… Bu nifrət fərdiləşdirilmiş olsa da, cəm halda nə qədər ölçüyə gəlməz zənn edilsə də, Vətənə xəyanətlə bağlı qazandığı nifrətin, qəzəbin qarşısında kiçikdir… Və onun hansı cəzaya layiq görülməsindən asılı olmayaraq, tarixdə əzilmiş və məhv edilmiş “Boz kardinal” kimi iz qoyacaq.

***

Hər kəsə meydan oxuyan “boz” adam bu gün təkcə sahib olduğu əmlakını deyil, hər şeyini itirməkdədi. Ona verilənlər bir-bir geri alınır və alınacaq. Hətta verilmədən əldə etdikləri də…

Arzu edək ki, hakimiyyət eşalonunda bu utancverici və acı sonluqdan dərs alanlar olacaq!

Yasəmən MƏMMƏDLİ

P.S. Onu da qeyd edək ki, mətbuatda “Ramiz Mehdiyev işi”ndə bir çox vəzifəli, yaxud vəzifədən getmiş şəxslərin adları çəkilir. Ümumiyyətlə, istintaq nəticəsi ortada olmayan, təsdiqlənməmiş, iddia edilən məlumatlar yayılır. Nəzərə alsaq ki, əli media orqanlarınadək uzanmış Mehdiyevin, pərdələnib canfəşanlıq göstərə biləcək maşaları da olmamış deyil. Və bu baxımdan, bəzi məlumatlar nəzərləri başqa istiqamətə yönəltmək məqsədi də daşıya bilər… Yəqin ki, DTX mediada dərc edilən, sosial şəbəkələrdə paylaşılan məlumatları ciddi şəkildə araşdırır.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!