Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 14:22

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını niyə tərk edib?

ABŞ nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasının iclasında Fransanın çıxışı zamanı zalı tərk edərək, Parisin Vaşinqtona ünvanladığı tənqidləri “ikiüzlülük” adlandırıb.

Tezadlar.az xəbər verir ki, Təhlükəsizlik Şurasında bu cür etiraz forması olduqca nadir hadisə hesab edilir.

ABŞ-nin BMT yanında səfirinin müavini Den Neqrea bildirib ki, Fransa Şurada mənəvi üstünlük nümayiş etdirməyə və digər ölkələrə həm Ukrayna münaqişəsi, həm də insan hüquqları kimi məsələlərdə dərs verməyə çalışır. Onun sözlərinə görə, məhz buna etiraz əlaməti olaraq ABŞ nümayəndə heyəti Fransa səfirinin çıxışı zamanı zalı tərk edib.

Gərginlik BMT Baş Assambleyasında İnsan Hüquqları üzrə Ali Komissar Volker Türkün mandatının daha dörd il uzadılması ilə bağlı keçirilən səsvermədən sonra yaranıb. ABŞ bu qərarın əleyhinə səs verən on ölkədən biri olub. Həmin ölkələr arasında Rusiya, Şimali Koreya, Nikaraqua və Mali də yer alıb.

Bundan sonra Fransanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyi X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, ABŞ əvvəllər insan hüquqları sahəsində nümunə idi, lakin indi Şimali Koreya, Rusiya, Nikaraqua və Mali ilə eyni mövqedə dayanır və beynəlxalq aləmdən təcrid olunur.

Den Neqrea isə cavabında ABŞ-nin dünyada azadlığın əsas nümunəsi olaraq qaldığını vurğulayıb və Fransanın “hörmətsiz və təkəbbürlü ritorikasından” imtina etməyəcəyinə qədər Vaşinqtonun bu cür “siyasiləşdirilmiş çıxışları” dinləməyəcəyini bildirib.

Fransanın BMT yanında daimi nümayəndəsi Jerom Bonnafon isə ABŞ-nin 250 illik yubileyini xatırladaraq, Fransanın bu ölkənin tarixində oynadığı rolunu vurğulayıb. O bildirib ki, Fransa BMT-də insan hüquqlarının, təşkilatın müstəqilliyinin və sülhün qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fransa diplomatik mənbələri isə bəyan ediblər ki, rəsmi Paris Volker Türkün mandatının uzadılmasını Avropa İttifaqı ölkələrinin və BMT üzvlərinin böyük əksəriyyəti ilə birlikdə dəstəkləyib. Eyni zamanda, vurğulanıb ki, bu məsələ ilə bağlı fikir ayrılığı Fransa ilə ABŞ arasında strateji əməkdaşlığa xələl gətirmir və tərəflər dialoqu davam etdirəcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!