Almaniyada yaşayan və fəaliyyət göstərən dəyərli professor və mədəniyyət xadimi Abdulkadir İnəltəkin “Təzadlar”a göndərdiyi məktubunda yazır: “Hörmətli Asif Mərzili, Almaniyada fəaliyyət göstərən “GAMA-ZUCKERSUESS GmbH” şirkəti, hər il olduğu kimi, 2025-ci il Ramazanı üçün də halal sertifikatlı Ramazan Təqvimini satışa çıxarmışdır.
Müsəlman uşaqlar üçün hazırlanmış, xüsusi tətil uduşu ilə zənginləşdirilmiş “Sehrli Ramazan” təqvimində 30 fərqli qutuda 10 çeşiddə halal şirniyyat yer alır. Qutular ardıcıl deyil, təsadüfi qaydada yerləşdirilmişdir. Bu da uşaqlara hər gün düzgün qutunu tapmaq üçün həm Ramazan həyəcanını yaşamağa, həm də vizual qavrama və riyazi bacarıqlarını inkişaf etdirməyə imkan yaradır. Çox istərdim ki, 6 milyon müsəlmanın yaşadığı Almaniyada belə bir əcnəbi şirkət Ramazana bu cür həssaslıq göstərdiyi halda, əhalisinin 99%-i müsəlman olan, 85 milyonluq Türkiyədə və ya Azərbaycanda da uşaqlara Ramazanı sevdirən bu cür təşəbbüslər olsun.
Hörmətlə; Əbdülqadir İnaltəkin, Berlin”.
Y.Məmmədli