Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyun 2026 / 16:35

“Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsi: media təbliğatı mərhələsinə start verildi-FOTO

“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin “Aqrar Sığorta – Güvənli Gələcək!” layihəsinin ikinci mərhələsinə — media təbliğatı mərhələsinə — rəsmi olaraq start verilib.

“Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, layihə 1 may 2026-cı ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilməyə başlanıb. Üç ay ərzində — 31 iyul 2026-cı ilə qədər — davam edəcək layihənin əsas məqsədi kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən fermerləri öz əmlakı və məhsulunu sığortalamağa həvəsləndirmək, bu sahədə maarifləndirməni gücləndirməkdir.

Birinci mərhələdə — may ayı ərzində — zəruri hazırlıq işləri tamamlanıb: işçilər işə cəlb edilib, tərəfdaş təşkilatlarla müqavilələr bağlanıb, maddi-texniki təchizat təmin edilib.

İkinci mərhələ olan iyun ayında layihə çərçivəsində aqrar sığortanın əhəmiyyətini işıqlandıran 10 təbliğat məqaləsi hazırlanacaq və Azərbaycan MEDİA Agentliyində qeydiyyatdan keçmiş 10 müxtəlif internet saytında dərc ediləcək. Bu addım layihənin məzmununu geniş oxucu kütləsinə çatdırmaq və cəmiyyətdə aqrar sığorta mədəniyyətinin formalaşmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin üçüncü və son mərhələsi iyul ayını əhatə edəcək. Bu zaman “Liberal İqtisadçılar Mərkəzi”nin mütəxəssisləri Beyləqan rayonunun beş yaşayış məntəqəsində fermerlərə bilavasitə maarifləndirmə-təbliğat tədbirləri keçirəcək. Eyni zamanda xüsusi mobil sorğu mərkəzi yaradılacaq ki, bu mərkəz layihə tamamlandıqdan sonra da fəaliyyətini davam etdirəcək və fermerlərin sığorta ilə bağlı suallarını cavablandırmağa davam edəcək.

Qeyd: bu layihənin aktuallığını şərtləndirən rəqəmlər olduqca düşündürücüdür: hazırda Azərbaycanda əkinəyararlı torpaqların yalnız 10 faizi, istehsal edilən məhsulun isə 20 faizdən bir qədər çoxu sığorta ilə əhatə olunur. “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi bu layihə ilə həmin boşluğun aradan qaldırılmasına, fermerlərin təbii fəlakətlər, quraqlıq və digər risklər qarşısında müdafiəsiz qalmaması üçün zəruri bilik və mexanizmlərlə təmin edilməsinə çalışır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!