22 İyul 2026 / 10:33

ASALA-nın qənimi Abdullah Çatlı- “TƏZADLAR”IN ARAŞDIRMASINDA- İLK DƏFƏ

Ətrafına topladığı qeyrətli türk oğulları ilə erməni terror təşkilatı ASALA-nın tanınmış liderlərini elə ermənilərin özlərinin eyni üsulu ilə, bir-bir məhv edən Abdullah Çatlının arxasında Dərin Dövlət niyə sona qədər daynmadı???

 …Abdullah Çatlı: bu ad nəinki türk dünyasında, hətta türkə düşmən kəsilən ermənilər, xüsusilə onların terror təşkilatı olan ASALA-nın bütün üzvləri və yaradıcıları arasında da məşhurdur. Ermənilərin ASALA təşkilatı bütün dünyaya terrorçu kimi yaxşı tanışdır. Özü də bu terror təşkilatının əsas qurbanları əsasən tanınmış türklər, türk diplomatları və onların ailə üzvləri idi. Daha çox 1973-cü ildən başlayaraq ASALA terror təşkilatı türk diplomatlarını öldürməklə gündəmə gəlib. Bunların qarşısını almaq isə problemə çevrilmişdi. Dövlət tərəfindən ayrı-ayrı ölkələrdə törədilən və insan təlafatı ilə nəticələnən bu terrorun qarşısını almaq mümkünsüz hala gəlmişdi.

Yeri gəlmişkən, ASALA adının tam açıqlamasını bir daha yada salaq: ASALA- Ingilis dilində “Armenian Secret Army for the Liberation of Armenia” ifadəsinin qısaldılmış adıdır. Türkcə ifadəsi belədir: “Ermənistanın Kurtuluşu üçin Ermeni Gizli Ordusu”. Azərbaycan dilində isə belə ifadə olunur: “Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu”.

 Adlarını gizli qoysalar da, bu terror təşkilatı dünyanın gözü qarşısında, açıq-aşkar dinc türk vətəndaşlarına qarşı saysız-hesabsız qətllər həyata keçirmişdir… Belə yerdə sual olunur:

Bəs nə etməli? Terrorun qarşısını necə almalı?

alovs

O zaman, əziz oxucular, diqqətiniz məndə olsun. Bu yazıda erməni terror təşkilatına və üzvlərinə qənim kəsilən, eyni zamanda onların liderlərini elə öz üsulları ilə məhv edən, qeyrətli türk oğlu Abdullah Çatlıdan bəhs edəcəyik. Amma istəyirəm əvvəlcə həm A.Çatlının özü haqqında bir az ətraflı məlumat verim, həm də erməni vəhşiliyini yenidən yada salaq və ASALA terror təşkilatının öldürdüyü türk diplomatlarının xatirəsini bir daha xatırlayaq.

Əvvəlcə A.Çatlı haqqında rəsmi qaynaqdan: “…Abdullah Çatlı 1 iyun 1956-cı ildə Türkiyənin Nevşehir bölgəsində anadan olmuşdur. Ankara Universitetinin bitirmişdir. Abdullah Çatlı 12 sentyabr zərbəsi zamanı Türkiyə xaricinə çıxır. Bir müddət Bolqarıstan və Vyanada qalır. 22 fevral 1982-ci ildə İsveçrədə Mehmet Özbay adına pasportla tutulur, lakin yenə azad edilir. O, 22 sentyabr 1983-cü ildə Parisdə MİT (Milli İstihbarat Təşkilatı) ilə əlaqəyə girir və ASALA terror təşkilatına qarşı 5 əməliyyatda iştirak edir… 22 sentyabr 1984-cü ildə Parisdə həbs edildiyi zaman üstündən «Həsən Qurdoğlu» adına pasport çıxmışdır. Bununla da A.Çatli Fransada 7 il həbs cəzası aldı. O, həmçinin 16 sentyabr 1985 ci ildə Papaya sui-qəsd iddiasında şahid kimi iştirak etdi. Oral Çelik sui-qəsdi ilə əlaqəsinin olmadığını, Bolqar xəfiyyə isə Ağcanın öldürəcəyini iddia etdi. A.Çatlı qısa bir müddətdən sonra 7 il cəza aldığı Fransa həbsxanasından İsveçrəyə qaytarıldı. 21 mart 1990-cı ildə isə Bostadel həbsxanasından qaça bildi.

1993-cü ildə Türkiyəyə gələn və istifadə etdiyi “Şahin Ekli” adına düzəldilmiş pasportu ilə tutulan Çatlı elə həmin tarixdə də sərbəst buraxıldı”.

***

 Göründüyü kimi, A.Çatlının çox zəngin bir tərcümeyi-halı var. İndi isə erməni terror təkilatı olan ASALA üzvlərinin dinc türk diplomatlarına qarşı həyata keçirdikləri amansız qətlləri bir daha yada salaq:

1.ASALA terror təşkilatının ilk qurbanı Türkiyənin ABŞ-ın Los-Ancelsdəki diplomatı Mehmet Baydar və konsul Bahadır Demir olmuşdur. Onlar 1973- cü il yanvarın 27-də ASALA-nın üzvü, erməni əsilli Qurgen Mıkırtıç tərəfindən öldürülmüşlər.

2.Türkiyənin Parisdəki səfiri İsmayıl Erez ASALA-nın 1975-ci ildə törətdiyi terrorun qurbanı olub.

3.Türkiyənin Vyanadakı səfiri Danış Tunalıgil 1975- ci ildə ASALA tərəfindən öldürülüb.

4.Türkiyənin Vatikandakı səfiri Taha Carım 1977-ci ildə, ASALA terror təşkilatının qurbanıdır.

5.Türkiyənin Sidneydəki konsulu Şurik Aynak 1980- ci ildə ASALA tərəfindən teror yolu ilə öldürülüb.

6.Türkiyənin Los-Ancelsdəki Baş konsulu Kemal Arikan 1982-ci ildə ASALA tərəfindən qəsd edilərək öldürülüb.

7.Türkiyənin Bostondakı Baş konsulu Orxan Gündüz 1982-ci ildə ASALA terrorunun qurbanı olub.

8.Türkiyənin Belqraddakı səfiri Qalip Balkar 1983-cü ildə ASALA tərəfindən qətlə yetirilib.

9.Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin GörgüÖmer Haluk 1991 və 1994-cü illərdə ASALA terrorunun qurbanı olublar.

10.Türkiyənin İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel 1993-cü ildə ASALA tərəfindən qətlə yetirilib.

11.Türkiyənin Mosuldakı Baş konsulluğunun attaşeləri, Nihat Akbaş, Bilal Uzgen, Adem Çiçək, Bülent KıranşalSüleyman Karahasanoğlu 2004- cü ildə ASALA terror təşkilatı tərəfindən qətlə yetirilmişlər.

12.Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz 2013-cü ildə ASALA tərəfindən qətlə yetirilib.

13.Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşı Osman Köşe 2013-cü ildə ASALA tərəfindən öldürülüb.

***

Bəli, bu qətllər erməni xislətinin məhsuludur. Biz bu vəhşilərin dinc insanlara qarşı törətdiyi qətlləri Qarabağda, Xocalıda da gördük. Bütün bunlar azmış kimi, bu cəlladlar, nəinki türk diplomatlarını, hətta onların ailələrini, səfirliyin digər əməkdaşlarını da qətlə yetirirdilər. Məsələn, Türkiyənin İspaniyadakı səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp və sabiq səfir Beşir Balçıoğlu 1978-ci ildə ASALA terror təşkilatının üzvləri olan ermənilərin avtomobilə silahlı hücumu zamanı öldürülüblər. Portuqaliyadakı türk səfirliyinin əməkdaşı Yurtsen Mıhçıoğlu, həyat yoldaşı Cahide Mıhçıoğlu, attaşe Erkat Akbayın həyat yoldaşı Nadide Akbay da erməni terrorçuları tərəfindən avtomobilə edilən silahlı hücumun qurbanı olublar. Bütün bu sui-qəsdlər erməni terror təşkilatları olan əsasən ASALA tərəfindən birbaşa həyata keçirilib.

Bütün bu qətllərin, terror aktlarının, silahlı hücumların qarşısının, yuxarıda da qeyd etdiyimiz kimi, dövlət tərəfindən alınması mümkün deyildi. Ona görə də xaricdə yaşayan Abdullah Çatlı adında bir qeyrətli türk oğlu  özü kimi vətənpərvər, dövlətini və xalqını dəlicəsinə sevən insanları ətrafına toplayıb, terrorçularla mübarizəyə başlayır. Bu mübarizəyə həsr olunmuş və dövlətin də bu məsələdə onlara gizli dəstəyi haqqında gözəl bir film- “Çatlı” filmi çəkilib.
***

…Xəzər Universiteti İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli bir gün mənə zəng edib soruşdu ki, Abdullah Çatlı adında bir türk qəhrəmanını tanıyırsanmı? Cavab verdim ki, eşitmişəm, amma o qədər də geniş məlumatım yoxdur. Söhbətimiz zamanı məlum oldu ki, Əlövsət müəllim nəinki bu qəhrəman haqqında geniş bilgiyə malikdir, hətta Abdulla Çatlının özünü, ailəsini, qızlarıını və nəvəsini də yaxından tanıyır, həmçinin onlar haqqında çoxlu məlumatlara malikdir.

Abdullah Çatlının qızı Gökçen Çatlı nəhayət, xeyirxah insanların köməyi ilə atası A.Çatlı haqqında gözəl bir filmin çəkilməsinə nail ola bilib. Elə Əlövsət müəllimin də mənə zənginin səbəbi həmin filmə birlikdə baxmaq təklifi idi. Təbii ki, böyük məmnuniyyətlə təklifi qəbul etdim. Gənclik Mall-un kino salonunda Çatlı haqqında olan filmə Əlövsət müəllimlə bir yerdə baxdıq. Əvvəlcədən onu deyim ki, həqiqətən film olduqca çox baxımlı və maraqlı idi. Filmdə A.Çatlının qeyrətli dostları ilə birlikdə, ermənilərin ASALA terror təşkilatının önəmli şəxslərini bir-bir, elə onların öz üsulunda aradan götürməsi səhnələri olduqca gözəl təsvir olunmuşdu. Amma erməni cəlladlarından fərqli olaraq A.Çatlı və dostları partlatmaq istədikləri maşında uşaq olduğuna görə, həftələrlə izləyib planlaşdırdıqları qətldən vaz keçiblər. Çünki erməni kimi uşaq qatili olmaq istəməyiblər.

alovsat

Filmdən görünür ki, Türkiyə dövləti A.Çatlı və onun dostlarının fəaliyyətindən məmnundur, amma hər hansı müdaxiləsi mümkün deyil. Bununla belə, dövlətin gizli xəfiyyəsi Abdulla Çatlı ilə Avropa dövlətlərinin birində görüşür. Erməni terror təşkilatının önəmli isimlərinin bir-birinin ardınca aradan götürülməsinə görə gizli xəfiyyə A.Çatlıya və dostlarına dövlətin adından təşəkkür edir. Eyni zamanda nə kömək lazım olduğu barədə də soruşur. A.Çatlı cavab verir ki, belə çətin əməliyyatları yerinə yetirmək üçün onlara, ancaq maliyyə yardımı lazımdır.

Filmdən də görünür ki, həqiqətən A.Çatlı və ailəsi çox kasıb yaşayırlar. Hətta qaldıqları evin kirayə pulunu belə verməyə imkanı olmur. Bütün bu çətinliklərə baxmayaraq, ermənilərlə və erməni terroru ilə mübarizəsini qətiyyən dayandırmır. Dövlət də bütün bunlardan xəbərdar olduğu üçün öz xəfiyyəsini A.Çatlının yanına göndərir. Söhbətləri alınır. Dərin dövlətin yüksək çinli nümayəndəsi A.Çatlıya gizli də olsa, maddi və mənəvi dayaq göstərəcəyinə söz verir. Buna baxmayaraq, A.Çatlının işi heç də asan getmir. Bəzən ermənilərin silahlı hücumlarına məruz qalırlar. Bəzən də ermənilərin yerli dövlətlərdə pulla ələ aldığı polislərin vasitəsi ilə A.Çatlya və dostlarına təzyiqlər göstərərək ciddi problemlər yaşadırlar. Ailəsini izləyirlər, onları aradan götürmək üçün plan qururlar və s. Bütün bu təhlükəli və çətin anlar, o vaxt kiçik yaşlı qızları Gökçen Çatlı və Selcen Çatlının yaddaşına həmişəlik həkk olunub.

***

İş o yerə çatır ki, 1983-cü ildə dünyanı silkələyən bir olayda- Mehmet Ali Ağca adlı bir türkün Roma Papasına sui-qəsdində Türkiyənin Dərin Dövləti Abdullah Çatlının da iştirakçı kimi adının keçməsini istəyir. Bununla da Türk dövlətinin adının bu məşhur sui-qəsddə hallanmasının qarşısını almaq məqsədi güdülürdü. Həmin anlarda A.Çatlı erməni və yerli polislərin təqibindən yayınmaq üçün adını rəsmi olaraq dəyişdirmiş və o yeni adlf- «Həsən Qurdoğlu» adı ilə həbsxana həyatı yaşayır. Polislər onun əsl adını öyrənmək üçün A.Çatlını əli və ayağı zəncirlə bağlanmış vəziyyətdə həbsxanadan evinə gətirirlər və hüquqa zidd olsa da, azyaşlı qızlarından onun adının kim olduğunu soruşurlar. Atasına qorxu içində xeyli baxan Gökçen, hamını həyəcan və intizarda saxlasa da, sonda çox gözəl bir cavab verir: ”O, mənim atamdır”.  Polislər kor-peşiman A.Çatlını yenidən həbsxanaya qaytarırlar. Elə belə məqamda Dərin Dövlət A.Çatlının öz adı ilə Poma Papasına sui-qəsddə iştirakını etiraf etməsin istəyir. Əsl adının açılması isə A.Çatlının ölümünə səbəb olacaqdı. Yəni, Dərin Dövlət Türkiyənin adının həm Roma Papasına sui-qəsddə, həm də A.Çatlı ilə yanaşı hallanmasını istəmədiyindən, sonda öz qəhrəmanını açıq-aşkar güdaza verir. Necə deyərlər, Dərin Dövlət bir salveylə iki dovşanı vurur. A.Çatlı kimi ağıllı, mübariz, qəhrəman bir insan bütün bunları bilə-bilə, ölümünü göz altına alaraq Türkiyə dövlətinin mənafeyi naminə verilən təkliflə razılaşır. Yəni dölətinin, xalqının yolunda könüllü olaraq özünü qurban verir.

alovs

Amma A.Çatlının ölümü də xeyli müəmmalıdır. Rəsmi məlumatlara görə, A.Çatlı 3 noyabr 1996-cı ildə Türkiyenin Susurluk yaxınlığında baş vermiş məşhur “Susurluk qəzası” zamanı həlak olub. Onun olduğu «Mersedes 600 SEL» markalı avtomobil yeksək sürətlə yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində Abdullah Çatlı, polis rəsmisi Hüseyn Kocadağ və Gonca Us hadisə yerində həyatlarını itiriblər. Yalnız deputat Sedat Bucak yaralansa da, sağ qalır.

«Ən böyük maraq və sual doğuran o idi ki, polis tərəfindən axtarışda olan bir şəxsin yanında, polis rəsmisi və millət vəkili nə edirdi?»

Tarixə “Susurluk qızası” kimi düşən bu olay, sonradan Türkiyədə böyük siyasi rezonans doğurdu və elə “Susurluk qalmaqalı” da adlandırıldı. Ən böyük maraq və sual doğuran o idi ki, polis tərəfindən axtarışda olan bir şəxsin yanında, polis rəsmisi və millət vəkili nə edirdi? Təbii ki bu hadisə Türkiyədə böyük qalmaal yaratdı. Bundan sonra dövlət və onun təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkar dəstə ilə əlaqələri haqqında araşdırılmalara başlanıldı. Daha bir qalmaqal o idi ki, guya “A.Çatlı qəzada ölməyib, sonradan öldürülüb”.

A.Çatlının ölümü barədə, daha bir neçə bu kimi müxtəlif versiyalar irəli sürürdülər. Amma rəsmi mövqe A.Çatlının yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişməsi oldu. Təbii ki, xalq arasında belə qəhrəmanlar haqqında əfsanələr dolaşması qəbul olunandır.

***

Bəli, A.Çatlı xalqın gözündə əsl qəhrəmandır və xalq da öz qəhrəmanını heç vaxt unutmur. Onun qəhrəmanlıq dastanına həsr olunmuş “Çatlı”  bədii filmi də çəkilib ki, gələcək nəsillər belə bir qəhrəmanı unutmasın, xalqının, dövlətinin yolunda canını belə əsirgəmədiyi, gənclərə örnək kimi həmişə xatırlansın…

***

Sonda: A.Çatlının qızları haqqına məlumat vermək istəyirik:

Böyük qızı Gökçen Çatlı -22 may 1975-ci ildə Türkiyənin Nevşehir şəhərində anadan olmuşdur. Uşaqlıq illərinin bir hissəsini Fransanın Poitiers və Paris şəhərlərində keçirib, həmçinin Saint Benoit Fransız Liseyində təhsil alıb. Daha sonra İstanbul Universitetində Fransız dili və ədəbiyyatı üzrə təhsil alıb. Sonralar Antropologiya və Beynəlxalq münasibətlər ixtisasları sahəsində təhsilini davam etdirib. Bundan sonra Antropoloq və yazıçı kimi fəaliyyət göstərib. Atası A.Çatlı haqqında xatirələrini əks etdirən “Babam Çatlı”“Çatlı Reis” adlı kitabların müəllifidir.Təbii ki, bu əsərlərdə Gökçen Çatlı atasını öz baxış bucağından təqdim edir.

A.Çatlının kiçik qızı Selcen Çatlı- böyük bacısından fərqli olaraq, ictimaiyyət arasında çox az görünür və haqqında çox məhdud məlumatlar var.

Elçin MƏMMƏDLİ

P.S. Məni belə gözəl bir filmə dəvət etdiyi üçün və Abdullah Çatlının özü, ailəsi haqında bu araşdırma yazının hazırlanmasına, göndərdiyi materiallar, şəkillərlə böyük töhfə verən, 45 illik dostum Əlövsət Əmirbəyliyə «Təzadlar»ın oxucuları adından dərin təşəkkürümü bildirirəm…

alov

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!