Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2026 / 12:01

Atatürk Mərkəzində Beynəlxalq Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə möhtəşəm tədbir-FOTOLAR

Ötən gün Bakıdakı Atatürk Mərkəzində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə ictimai xadim, təqaüddə olan ədliyyə general-mayoru Hüseyn Əlixanovun Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Xaosdan Zəkaya doğru” və “Qələbəyə aparan yol” kitablarının təqdimat mərasimi keçirildi.

Bu möhtəşəm tədbiri giriş sözü ilə açan tanınmış QHT rəhbəri, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin sədri Tahir Xudiyev açaraq qonaqları salamladı, sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra cənab T.Xudiyev sözü adı çəkilən və nəfis şəkildə çap edilmiş “Xaosdan Zəkaya doğru” və “Qələbəyə aparan yol” kitablarının müəllifi Hüseyn Əlixanova verdi. Natiq görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verərək kitablarının yazılma məqsəd və niyyətindən danışdı, olduqca maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Daha sonra söz “Tərəqqi” medallı yazıçı-jurnalist, “Təzadlar” qəzetinin və eyni adlı portalın rəhbəri Asif Mərziliyə verildi. Natiq tədbirin təşkilatçısı hörmətli Tahir Xudiyevə dərin təşəkkürünü bildirərək tədbirin bir gün sonrakı 22 iyul Azərbaycan Milli Mətbuat Gününə təsadüf etdiyini nəzərə alaraq əvvəlcə Ulu Öndər Heydər Əliyevlə 2001-ci ildə Milli Mətbuat günündə baş tutmuş  görüşünü xatırladı, maraqlı xatirəsini danışdı, ardınca kitablarla bağlı fikirlərini bölüşdü. O, çıxışının sonunda “Bu gün Ulu Öndər Heydər Əliyevlə bağlı kitab yazmaq məsuliyyət deməkdir, təşəkkür edirəm ki, dəyərli Hüseyn Əlixanov bu işin öhdəsindən layiqincə gəlib”- deyərək müəllifi bir daha ürəkdən təbrik etdi.

Professor, hüquq elmləri doktoru Habil Qurbanov, Azərbaycan QHT Forumunun sədri Rauf Zeyni, eləcə də Ədliyyə Nazirliyi sistemində çalışan tanınmış rəhbər şəxslər, ziyalılar, hüquq elmi sahəsində fəaliyyət göstərən alimlər, professorlar, Əlixan Hüseynovla vaxtilə birlikdə çalışmış şəxslər-keçmiş iş və vəzifə yoldaşları çıxış etdilər, müəllifə bu uğurlu yaradıcılıq nümunəsinə görə təşəkkürlərini bildirdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

Bir daha “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədri Tahir Xudiyevə bu möhtəşəm tədbirin təşkilatçılığına görə oxucularımız adından təşəkkürümüzü bildiririk.

Yasəmən MƏMMƏDLİ

P.S.TƏDBİR BARƏDƏ DAHA ƏTRAFLI YAZI TƏQDİM EDİLƏCƏK.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!