Əsas məzmuna keç

Axtarışdan əvvəl Köçəryana xəbər “uçurulubmuş” – Paşinyan Sarkisyan – Köçəryan mafiyası ilə əlbir olanları hədələyib

Onların hamısının dalınca gələcəklər– Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işlərini sabotaj edən məhkəmə sisteminin nümayəndələri, eləcə də “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyan və onların silahdaşlarının da məsuliyyətə cəlb olunacaqlarını bəyan edib.

Paşinyan vurğulayıb ki, Ermənistanın keçmiş liderlərinin övladları onların milyonlarını miras almayacaqlar.

Baş nazir xatırladıb ki, hələ 2018-ci ildə adı çəkilən  şəxslərin qanunsuz varlanmağa görə məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

İndi isə Ermənistan vətəndaşı olaraq, Köçəryana qarşı ittihamnaməni hazırlayan bütün hüquq sistemi işçilərinə təşəkkür etmək istəyir.

“Onlar bütün bunları bilirdilər, bəs hansı tədbirləri gördülər? Bəli, bəzən cinayət işləri açılırdı, amma niyə tam araşdırılmırdı? Çünki Köçəryan-Sarkisyan mafiyasının məhkəmə sistemində dayaqları var idi və hələ də var”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, 2018-ci ildə hökumət bu cür insanlara “şans verib” və qanunsuz varlanma ilə bağlı cinayətlərə görə əfv elan edib: bunları etiraf etməklə əmlaklarının 25%-ni saxlamaq olardı.

Paşinyan  məhkəmələrdə və hüquq-mühafizə orqanlarında loyal tərəfdarlara güvənənlər də daxil olmaqla, heç kimin bu fürsətdən istifadə etmədiyini dilə gətirib.

O bildirib ki, bütün bu şəxslər müəyyən ediləcək:

 “Heç kimin onların dalınca gəlməyəcəyini düşünürlər? Onların hamısının dalınca gələcəklər. Onlar özlərini xalqa izah etməli olacaqlar. Onların əmlakı və hesabları, eləcə də ailələrinin hesabları yoxlanılmalıdır. Onların hamısı, o cümlədən axtarışdan bir gecə əvvəl Köçəryana xəbərdarlıq edənlər yoxlanılmalıdır”, – deyə Ermənistanın Baş naziri hədələyib.

O, qeyd edib ki, Robert Köçəryan, Serj Sarkisyan və Qaqik Tsarukyanın hər ayın 1-də “telefonlarını açıb pensiyalarının hesabına köçürülüb-köçürülmədiyini yoxlamalıdırlar”.

Xatırladaq ki, 27 avqust səhəri Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın iki ay müddətinə həbs olunduğunu elan etdi.

Robert Köçəryan 25 avqustda saxlanılıb və daha sonra stent prosedurundan sonra səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib.

Köçəryana qanunsuz əmlak əldə etmək ittihamı irəli sürülüb.

İstintaqın gedişatına görə, o, prezidentliyi dövründə vəzifəsindən istifadə edərək başqaları ilə əlbir olaraq bir sıra dövlət və iqtisadi aktivləri bazar qiymətlərindən aşağı qiymətə əldə edib.

Köçəryanın oğlu Sedrak və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da dindirilmək üçün KQMK-yə çağırılıblar. Sedrak Köçəryan isə iki ay müddətinə həbsdə saxlanılıb.

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…