…Bir daha qeyd edim ki, bu gün azərbaycanlı alim və mütəfəkkir, sevimli müəllimim Azad Mirzəcanzadənin 77 yaşında dünyadan köçdüyü gündür. Azad Mirzəcanzadə ölümündən illər kecəçək amma o, heç vaxt unudulmayacaq.
Azad Mirzəxcanzadə Azərbaycanın dünya miqyasında ortaya çıxara biləcəyi 3-4 alimdən biridir. Elmdə sıçrayışı bu gün də heyrət doğurur. 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olan Azad orta məktəbi 15 yaşında bitirməklə çevrəsindəkiləri heyrətləndirib. 23 yaşında texnika elmləri üzrə namizədlik, 1957-ci ildə 29 yaşında doktorluq dissertasiyaları müdafiə edib!
Azad müəllim hərtərəfli insan idi. Auditoriyada həyat haqqında tez tez söhbətlər edərdi. O deyirdi: “Həyatda heç nə düz xətt üzrə gedə bilməz. Enişlər var, yoxuşlar var. Heç nə nə düz xətt, nə də artan xətt üzrə gedə bilər. İnsan yüksəlişdədi və onun pik nöqtəsinə çatanda özünü hazırlamalıdı ki, ordan sərt şəkildə enməsin. Elə etsin ki, çox zərər çəkməsin və sonradan özünə gələ bilsin”
Elçibəylə çox yaxın dost idil. Milli Azadlıq Hərakatı dövründə Prezident Elçibəy Azad Mirzəcanzadəyə Bakı Dövlət Universitetinin rektoru olmağı təklif edəndə razılaşmır. Lakin sonralar Ali Attestasiya Komitəsinin Sədri, daha sonra isə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etdi.
İllərdir ki, Azad müəllimimin doğum və vəfat günlərində status yazıram. Çünki mənim və qardaşımın müəllimimi olub. Vətənini sevən adam idi. Bu mənada Şekspirin “həyat bir teatrdır” fikrinə orijinal münasibəti var idi. Deyirdi ki,”İngiltərənin baş naziri Toni Bleyer deyir ki, biz hamımız oynayırıq. Ancaq elə oynamalıyıq ki, İngiltərə yüksəlsin”..Hər adamın öz oyunu var. Biz də Vətənin ucalığı naminə oynayırıq.”
Bu yaxınlarda bir müsahibə ilə tanış oldum. Məhz bu müsahibə Azad Mirzəcanzadə və Elçibəy şəxsiyyətlərinin böyüklüyünün tamamlamaqda olan fikirlərimə kömək etdi. Azad müəllim hərakat adamı idi və həmişə hərakatın liderlərinə sözünü deyən şəxs olub. siyasətdən uzaq olmağa çalışsa da vətəni düşünərək siyasətə qoşulmuşdu Bir dəfə hətda ondan soruşurlar ki, “Siyasətlə maraqlanırsınızmı?” Cavabında deyir: “-Maraqlanıram. Ona görə ki, bilim hara gedirik”
O, siyasəti elmdə, elmi də siyasətdə görməyə çalışırdı. Bu mənada Jalə Cəfərovaya bu müsahibəni mənə göndərdiyinə görə təşəkkür edirəm. Vurğulamaq qistəyirəm ki, müsahibə Elçibəyin vəfatından az sonra alınıb.
“ELÇİBƏY YAXŞI MƏNADA DON KİXOT İDİ”
BİZ, YAXŞINI İTİRƏNDƏN SONRA QƏDRİNİ BİLƏNİK
O gün hamı ağlayırdı. Kimisi hönkürür, kimisi sakit göz yaşları axıdırdı. Bu göz yaşları nə qədər bir-birinə bənzəsə də, bənzəməyən, seçilən bir göz yaşı da axıdılırdı. Bu, alim, akademik Azad Mirzəcanzadənin göz yaşları idi. Hansı ki, uzun müddət heç vaxt hafizələrdən silinməyəcək. Elə sualımı da bu hisslərin təsiri ilə başladım.
– Göz yaşlarını həmin gün görmək, hiss etmək nə qədər təbiidirsə, Sizin köz yaşları- nızın dərinliyində çox şey tapmaq olardı. Bəlkə bu sirri bizimlə bölüşəsiniz?
Bir müddət susur, artıq akademikin gözləri yaşla dolub…
– Elçibəy… Belədir, adam var bir az keçir, rus dilini öyrənir, sonra ingilis dili, nə bilim kompüteri. Bir də görürsən ki, tamam dəyişdi. Elçibəy heç vaxt dəyişmədi. Həmişə azərbaycanlılığını, milliliyini, torpağa bağlılığını özündə yaşatdı və qorudu. Mən demişəm, ELÇİBƏY ƏSRİN – XX ƏSRİN ADAMIDIR.
– Jan Jak Rusunun belə bir fikri var: “Yaxşısı budur ayıq və həqiqətpərəst olasan. Təkcə özün üçün yox, cəmiyyət üçün. Çünki hər nə əxlaqi cəhətdən pisdirsə, siyasi cəhətdən də pisdir”. Siyasilər içərisində əxlaqca, mənəvi keyfiyyətlərinə görə hamıdan yüksəkdə olan Elçibəyin niyə hakimiyyəti uzun çəkmədi?
– Hakimiyyət üçün qorxu və hörmət lazımdır. Ancaq sübut olunub ki, hörmətdən də çox qorxu hissi olmalıdır. Yəni hökmdar nə qədər qorxu yarada bilirsə, onun hakimiyyəti bir o qədər uzun çəkir. Elçibəydə bu yox idi. Necə deyim, yaxşı mənada Don Kixot idi, bir də deyirəm, yaxşı mənada. Zəmanəsinin Don Kixotu idi. Elçibəy haqqında danışmaq hələ tezdir. Biz yaxşını itirəndən sonra qədrini bilirik. Hələ Elçibəy haqqında çox-çox sonralar danışılacaq. Doğru-düzgün qiyməti veriləcək. Elçibəy BÖYÜK UŞAQ idi. Yaxşı mənada.
Rəsul Rzanın məşhur kəlamları yada düşür:
Ömrüm nə uzun olsun,
Təngə gətirsin məni.
Nə elə qısa olsun,
Sevindirsin düşməni.
– Elçibəyin ölümünə sevinənlər də var idi…
– (gözləri dolur) Təəssüf ki, bu belədir. Ancaq mən bir şey demək istəyirəm, bəlkə də elə bu cür tez getməyinin özündə bir hikmət var. Hamı gördü ki, Elçibəyin qiyməti nədir?
– Siyasi müstəvidə söhbətləriniz tez-tezmi olurdu? Əsasən kimlərə çox etibar edir, kimlərə inam bəsləyirdi?
– Deyir kəndə bir ağıllı molla gəlir, camaatı öyrətməyə. Deyirlər, ay camaat, bu sizə elm, təhsil verəcək. Başlayırlar onu daşqalaq etməyə. Sonra başqa birisi gəlir. Bu, ondan fərqli olaraq xalqı ancaq cəhalətə yuvarlayır. Deyirlər, ay camaat, bunu daşqalaq eləyin. Camaat da bunu gətirib oturdur lap yuxarıda. Deyə bildim? (Bir az gülümsünür) Elçibəy bir vaxt məni də testlə bağlı fikirlərimdə tənqid etmişdi. Deyirdi ki, test üsulu olsa, oğurluq olmaz…
– Elçibəyi bir alim kimi qiymətləndirməyiniz bütün oxucular üçün önəmlidir. Bizə deyə bilmədiyi, bəlkə vaxtı gələndə üzə çıxaracağı bir elm əsəri…
– ELÇİBƏYİN ÖZÜ ƏN BÖYÜK ELMDİR. Nəyi ilə, öz davranışı, öz tərbiyəsi, öz əxlaqı ilə. Onun keçdiyi həyat yolu başdan ayağa elmdir. Bu elmi hər birimizə öyrənmək lazımdır. Bir də onu deyim ki, əxlaqından irəli kələn keyfiyyət idi ki, hələ 90-cı illərin əvvəllərində xəstə idi. Təklif etdim ki, bir tələbəm var, ona müraciət etsin, yaxşı-yaxşı yoxlatdırsın. Yenə də deyirəm, yaxşı mənada müsəlmançılıqdan gələn xüsusiyyət idi ki, sağlamlığının qayğısına qalmazdı. Deyə bildim?
– Hiss edirdi ki, dost əli ilə arxadan zərbə yeyir. Onu da əxlaqından gələn səbəblərə gö- rəmi açıb ağarda bilmirdi, udurdu?
– Tamamilə düzdür (gözləri dolur). Başqa cür edə bilməzdi. O, Elçibəy idi. O, bütün dost xəyanətini də ürəyinə salıb özü ilə aparmalı idi. Bunu ancaq Elçibəy edə bilərdi.
Sözardı: Xatırladım ki, Əbülfəz Elçibəy iki dəfə ona Bakı Dövlət Universitetinin rektoru vəzifəsini təklif etsə də, qəbul etməyib. Hələ sağlığında onu sevənlər arasında belə bir rəvayət dolaşırdı ki, “Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar”. Bu gün isə O, bizdən uzaqdadır, uzaqlığı ilə də dondurur…
Onun məşhur “Deyə bildimmi?” ifadəsi isə qəlblərdə bu gün də qulağımızdadır…Azad müəllimin deyiliş tərzi, müraciət forması və auditoriyanı öyrənmək üslubu həmişə bu ifadədən başlayırdı və mən də bu yazı ilə sizlərə, eləcə də onun ruhuna yazıma nəzərən müraciət edərək soruşuram:
“Deyə bildimmi?!”