İllərdir yollardakı tixaclara nə vaxt çarə qılınacağı barədə danışanda yarızarafat-yarıcıddi deyirdik ki, bu işdə ciddi dönüş o vaxt başlayacaq ki, tıxaclar onlara əncam çəkməli olanların və bu şəxslərə və ya qurumlara təsir etmək səlahiyyəti olanların darvazalarına qədər gəlib çıxsin…
Deyəsən, həmin vaxt gəlib çatıb. Bu həftənin əvvəlində Milli Məclisdə Bakı tixacları barədə danışılanlar bunu yadıma saldı. Özü də yəqin ki, tıxac mözusundakı belə emosional söhbətlər təkcə parlamentdə yox, icra hakimiyyəti orqanlarında da gedir. Sadəcə parlamentdən fərqli olaraq, icra hakimiyyəti orqanlarındakı söhbətlər mediaya çıxmır.
Bunları eşidəndə adamın ağlına maraqlı suallar gəlir: Cənablar, bəs indiyə qədər haradaydınız? Yaxud başınız nəyə qarışmışdı ki, bu tıxacların darvazalarınıza çatacağını görmürdünüz? Bakının və Abşeron aqlomerasiyasının beton cəngəlliyə döndərildiyini, tramvay xətlərinin söküldüyünü, yollarda bəyənmədiyiniz digər işləri görmürdünüz?..
Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya.
Rəhmətlik Mirzə Ələkbərin hələ uşaq vaxtı oxuduğum misraları tez-tez yadıma düşür:
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Ərşad Hüseynov,
nəqliyyat üzrə ekspert







