Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 13:15

Azərbaycan adından böyük kimsə yoxdur!- İQBAL AĞAZADƏ

…Milli məsələ həmişə həssas mövzu hesab olunur. Elə Azərbaycan vətəndaşları da adətən belə məsələlərin üstündən sükutla keçməyə çalışır.
Biz çoxmillətli ölkəyik. Ərazimizdə onlarla millət yaşayır.
Ermənilər xaric, hamı qaynayıb-qarışıb, qız alıb, qız verib, qohum olub, bir tiyanda yoğrulub, nəticədə, vahid, bölünməz xalq kimi formalaşmışıq.
Bəlkə Rusiyanın bölücülük siyasəti və erməni xisləti olmasaydı, onlarla da dil tapa bilərdik.
Təbii ki, digər millətlərlə müqayisədə erməni bizdən hər anlamda çox uzaqdır.
Biz talışlarla eyni dinə, çoxsaylı adətlərə, ənənəyə məxsusuq. Mədəniyyətimiz, məişə
timiz, mətbəximiz, yaşam vərdişlərimiz böyük mənada eynidir. Bəlkə yaranışda ayrı millət olsaq da, tarixən bir yerdə yaşamağımız, sevinc və kədərimizi birgə bölüşməyimiz, eyni amal uğrunda bir səngərdə, kürək-kürəyə dayanmağımız millət fərqini də aradan qaldırıb.
Bu eyniliyi ləzgi, tat, avar, qırız, kürd, saxur, ingiloy və s. millətdən olan vətəndaşlarımıza da olduğu kimi şamil etmək olar.
Bəs niyə dünən sosial şəbəkədə Azərbaycanın milli tərkibi haqqında Dövlət Statistika Komitəsinin rəsmi məlumatını paylaşdım?
Əgər qardaşıqsa, kimin sayının nə qədər olmasının anlamı varmı?
Məncə, yoxdur… (Yeri gəlmişkən, o statistikanın tam doğru olduğunu da iddia etmirəm…)
Amma…
Biz qardaşıq deyiriksə, hətta “türk” adımızı belə bəzən sayca az olan millətlərə görə ümumi “azərbaycanlı” adı altında gizlədiriksə, lütfən, qardaşlığı layiqincə aparaq.
Mən bir daha altından xətt çəkərək, qeyd edirəm:
Azərbaycan türkün, talışın, ləzginin, tatın, kürdün, avarın, ingiloyun, saxurun, rusun, yəhudinin, qırızın, xınalığın, rutulun, udinin, qaraçının, gürcünün, ukraynalının, bir sözlə, buranı özünə Vətən bilən, onu sevən, acısına kədərlənən, sevincinə xoşbəxt olan, müdafiə etmək lazım gələndə canını əsirgəməyən, ölkənin bütövlüyünü, bölünməzliyini şərəf, namus məsələsi bilən hər kəsin eyni dərəcədə sahib olduğu bir ölkədir. Hamımızındır, kimsə kimsədən üstün və ya aşağı deyildir.
Bizim üstünlüyümüzü bu Vətən üçün şəhidliyimiz, aşağılığımızı isə ölkəni parçalamaq istəyimiz müəyyən edir!
Bəs niyə 1995-ci il Konstitusiyasında ölkə əhalisinin əsas hissəsinin adı türk deyil, azərbaycanlı yazıldı?
Kimsə inkar etməz ki, bunun tək səbəbi xarici qüvvələrin ölkə içərisində apardığı separatçılıqla bağlı idi. Türk faktoru nədənsə daha çox parçalayıcı amilə çevrilmişdi. (Səbəbləri barədə yazıb sizləri yormaq istəmirəm.)
Axı hər kəsə bəllidir ki, 1936-cı ilə kimi bu gün “azərbaycanlı” adı ilə qeyd olunan hər kəsin ata-babasının milliyyəti türk idi. (Mən digər millətləri nəzərdə tutmuram.)
Elə 1995-ci il Konstitusiyasına kimi də rəsmi dövlət dili türk dili idi. (1918-ci ildə də belə olmuşdu.)
Olmadı, dəyişildi, türklər yenidən “azərbaycanlı” kimi qeyd olundular.
Çox təəssüf ki, hamının bildiyi bu həqiqət yenə də kimlərisə qıcıqlandırır.
Hətta əsli-nəsli türk olan belə, azərbaycanlı adının kölgəsində özünü daha “rahat” hiss edir.
Şəkilçili millət yoxdur, “azərbaycanlı” sözü düzəltmə sözdür və bu bir millətin adı ola bilməz!!!
Dünyada bunun analoqu yoxdur.
Amma və lakin, Konstitusiyada belə qəbul olunub, çoxluq da razılaşmış kimi görünür.
Baxmayaraq ki, Güney Azərbaycanda soydaşlarımız özünə türk deyir, hətta ermənilər belə bizə həmişə “türk” deyə müraciət edib.
Yeri gəlmişkən, talış qardaşlarımız da bizə “tırk” (yəni türk) deyirlər.
Azərbaycanlıyıqsa, hamımız bu adın altında birləşək, yox, digər qardaşlarımız öz milli mənsubiyyətlərini qeyd edirlərsə, (mən buna qətiyyən etiraz etmirəm) bizim türk olmağımız da kimsəni qıcıqlandırmamalı və bizim boyumuza da yalançı tarix biçməməlidirlər.
Guya biz türklər gəlməyik, bura X-XI əsrlərdə hissə-hissə köç etmişik. Bu qədər absurd nağılı necə danışmaq olar?
Sadə məntiqə söykənərək, bizim gəlmə olduğumuzu iddia edənlər gərək onda bir şeyi də “etiraf” etsinlər: biz bura köç edənə kimi ərazidə kimsə yaşamırmış… Yoxsa, biz necə oldu ki, hamını türkləşdirdik, dili, mədəniyyəti, adət-ənənələri dəyişdirdik, hamı da türk dilində danışmağa başladı, sonra da dövlət qurduq burada?
Niyə heç bir azərbaycanlı azsaylı millətlərin içində yaşasa belə, onların dilini bilmir, amma hamı türkcə bilir və hətta bəzən öz aralarında da türkcə danışırlar?
Demək istədiyim odur ki, biz sizə gəlmə demiriksə, bizim də gəlmə olduğumuzu iddia etməyin.
Biz talışı, ləzgini, kürdü, avarı, saxuru, qırızı, ingiloyu, yəhudini və s. sevdiyimiz kimi, siz də türkü sevin.
Biz “dolma milli yeməyimizdir” demədiyimiz kimi, siz də mətbəxinizdən bizə keçən yeməyi marginallaşdırmayın, əksinə, bölüşün, “hamımızındır” deyin.
Toylarımızın az qala şah əsəri olan “Vağzalı”, “Evimizə gəlin gəlir” musiqilərinin müəllifi azərbaycanlı (oxu: türk) olsa da, “bizimdir” demiriksə, hansısa musiqinin sizə məxsusluğunu xüsusi qabartmağa ehtiyac yoxdur.
Biz Pəncəlini, Valehi, Alberti, Xudayarı, Mübarizi bir-birindən seçmiriksə, Həzi Aslanov haqqında ən yaxşı filmi çəkiriksə, lütfən, onları milliyyətinə görə bölməyin.
Biz “Laçınsız” olmaz deyiriksə, siz də “haman kürdəm” oxuyub bölməyin. (Çünki Laçın nə qədər türkündürsə, o qədər də kürdündür.)
Mən kürd, talış, ləzgi və s. dillərdə musiqi ifasının əleyhinə deyiləm, əsla. Amma mahnının sözlərində bölücülük elementi olacaqsa, ona qarşıyam.
Həzi Aslanov talışdır, lakin hər bir azərbaycanlı üçün simvoldursa, onu qabarıq, bəzən üstünlük kimi təqdim etmək qəhrəmanı kiçiltməkdən başqa bir şey deyil. Həmçinin, millətləri üz-üzə qoymaq elementləri açıq görünür.
Babək “talışdır” demək nə tarixi dəyişdirir, nə də gələcək üçün yaxşı nəsə vəd edir. Bunu anlamaq o qədər çətindirmi?
Mən bu gün ölkədə sosial-iqtisadi, siyasi problemlərimizin olduğunun fərqindəyəm. Lakin bunun heç birinin kökündə milli ayrı-seçkilik dayanmır. Hamının problemi eynidir, istər türk olsun, istər talış, istər ləzgi, saxur, kürd, ingiloy və s.
Lakin erməni separatçılarının əl-ayağı kəsiləndən sonra şimaldan və cənubdan yeni küləklər əsir. Fərqində deyilsiniz?
Niyə talış qardaşlarımız Rusiyadan yayımlanan “Azad Talışıstanın səsi” proqramındakı bölücü xəritəyə münasibət bildirmir? Görmürsünüz ki, Vətənimiz neçə yerə bölünüb o xəritədə? Görmürsünüz ki, olmayan “Artsax” belə saxlanılıb orada?
“Azad Talışıstan” nə deməkdir, kimdən azad olur, biz qardaş deyilikmi?
O xəritədə “Talışıstan”ın “sərhədi” “Artsax”a dirənib, bunu da görmürsünüz?
Bu günlərdə İqbal Əbilovun hüquqlarını müdafiə edənlər onun məhkəmədə talış dilində çıxış edib tərcüməçi istəməsini az qala milli qələbə hesab edirlər.
Niyə? Kimin üzərində qələbə çalırsınız?
Qardaşınızın, doğmanızın, Azərbaycanın?
İqbal Əbilov azərbaycanlı deyil, dili bilmir?
Bu nəyin tamaşasıdır?
Siz bu “ifalarda” yad səsləri eşitmirsiniz?
Rusiyanın, İranın, bəzi Avropa dövlətlərinin marıqda duraraq, bu ocağı necə körüklədiyini hiss etmirsiniz?
Edib, susursunuzsa, çox pis.
Etmirsinizsə, ondan da pis.
Türk, talış, ləzgi, avar, saxur, tat, qırız heç sevəndə, ailə quranda bir-birinə fərq qoyub?
Onminlərlə ailə, milyonlarla milliyyəti qarışmış insanlardan nə istəyirsiniz?
Xarici ölkələr üçün fərqi yoxdur bizim faciəmizin, amma biz onun ən dəhşətlisini yaşayarıq. Bu, erməni separatçılığına bənzəməz, sevimli qardaşlarımız.
Erməni ilə beş-üç nikah var idi. Biz isə fərqliyik. Biz ayrı deyilik, BİZik.
Uşağımızın birini türk deyib, ana götürəcək, o birini talış, ləzgi, kürd, saxur, tat, qırız və s. deyə ata?
Ağlınızı hara vermisiniz, bu ölkə param-parça olar. Həm də ərazisi ilə yox, insanları ilə.
Dayanın, durun!
Bax, statistikanı bu mövzu üçün paylaşmışdım, istədim emosiyalar bir az açıq görünsün, sonra bu yazını qələmə alım.
Toparlanın, dünyada parçalananlar yox, birləşənlər böyüyür. Bir filmdə deyildiyi kimi: “Anasız böyümək olar, ortaqsız yox!”
Azərbaycan hamımızındır, bizim ortaq yurdumuzdur. Hamımıza bu məmləkətdə yer var. Yetər ki, başqasının yerinə iddia etməyək, öz yerimizdə olaq. Azərbaycan adından böyük kimsə yoxdur. Ya onu sevəcəyik, qoruyacağıq, bütöv saxlayacağıq, ya da… Ya da onun bütövlüyünə, böyüklüyünə, bayrağına, sərhədinə əl uzadanın əlini kəsəcəyik…
P.S. Yazıda bəzi sosial şəbəkə istifadəçilərinin bu tipli məsələlərdən sui-istifadə etməsinə toxunmadım. İstəmədim ki, kimlərsə yazımın hədəfi olsun. Düşündüm ki, bu mövqeyim onların da gələcək addımlarına təsirsiz ötüşməz, inşallah. Hər kəs ana dilini, öz millətini, musiqisini sevsin. Amma bu sevgi Azərbaycana qarşı çevrilməsin. Azərbaycanımızı nə qədər çox sevəcəyiksə, o qədər güclü, böyük və qüdrətli olacağıq!
İqbal AĞAZADƏ,
Ümid Partiyasının sədri
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!