Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ehtiyat fondlar üzrə xərclərin icrası: 2026-cı ilin I rübündə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 0,9 milyon manat, cəm olaraq 6,8 milyon manat vəsait istifadə olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında deyilir.
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti: 2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2457,6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən cari ilin I rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132,5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391,7 milyon manat olmaqla (əsas borc üzrə 269,5 milyon manat, faiz borcu üzrə 122,2 milyon manat), ümumilikdə 524,2 milyon manatın ödənilməsi təmin edilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4689,3 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edir.
Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2026-cı il 1 aprel tarixinə 16492,9 milyon manat olmaqla cari il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil edir.