Dünən iranlı beynəlxalq münasibətlər müəllimi Ehsan Movahedianın İlham Əliyev–Məsud Pezeşkian yaxınlaşmasına münasibətindən yazmışdım.
Amma bir sual açıq qalmışdı: Movahedianın Azərbaycandan istədiyi nədir? Bakı nə etsə, onun nəzərində İran üçün “yaxşı qonşu” olacaq?
Movahedianın son bir neçə ildəki çıxışlarını ardıcıl oxuyanda bu sualın cavabı müəyyən qədər görünür.
O, təkcə Azərbaycanın İsraillə münasibətlərindən narazı deyil. Movahedian bundan daha irəli gedərək İranın Azərbaycan daxilində təsir imkanlarının genişləndirilməsindən danışıb.
2023-cü ildə onun təklifləri arasında İranın Azərbaycandakı talışlarla əlaqələrini gücləndirməsi, onların Tehranda nümayəndəliyinin yaradılmasına şərait yaradılması və “Hüseyniyyun Azərbaycan” təşkilatının gücləndirilməsi də vardı. O, bu strukturun Azərbaycanda mədəni, təhsil, dini və kimlik sahələrində fəaliyyət göstərməsindən danışırdı.
Başqa çıxışlarında Azərbaycanın digər etnik və dini qrupları da İranın regional siyasətinin mümkün dayaqları kimi təqdim olunub.
Bunlar ayrı-ayrılıqda söylənmiş təsadüfi fikirlər deyil. Yan-yana qoyanda müəyyən siyasi təsəvvür meydana çıxır:
Tehran Bakı ilə yalnız dövlət-dövlət münasibəti qurmaqla kifayətlənməməli, Azərbaycan cəmiyyətinin daxilində də özünə təsir imkanları yaratmalıdır.
Üstəlik, bu düşüncə Ehsan Movahedianla başlayıb onunla bitən bir fikir də deyil. İran siyasətində, xüsusilə ali dini rəhbərə yaxın sərt xətt daxilində bunun uzun tarixçəsi var.
Məsələn, Əlirza Zakani İran parlamentinin deputatı olarkən, 2014-cü ildə husilərin Sənanı ələ keçirməsindən sonra İranın artıq dörd ərəb paytaxtında — Bağdad, Dəməşq, Beyrut və Sənada — təsirə malik olduğunu fəxrlə bəyan etmişdi. Zakani təsadüfi siyasətçi deyildi. O, Əli Xameneiyə yaxın mühafizəkar siyasi düşərgənin tanınmış simalarından idi və sonradan Tehranın meri oldu.
Həmin dövrdə İranın yüksək səviyyəli hərbi-siyasi rəhbərliyində “İslam inqilabının ixracı” və İranın regional təsirinin genişlənməsi haqqında oxşar fikirlər də açıq şəkildə səsləndirilirdi. Başqa sözlə, Movahedianın bugünkü düşüncəsi İran siyasətində kənarda qalmış ekzotik bir fikir deyil; ali dini rəhbərə yaxın siyasi-təhlükəsizlikçi çevrələrdə uzun illər mövcud olmuş regional təsir xəttinin davamı kimi görünür.
İranın Yaxın Şərq siyasətində bunun nümunələri kifayət qədərdir. Livanda, İraqda, Suriyada və Yəməndə Tehran yalnız həmin ölkələrin hökumətləri ilə münasibət qurmayıb. Müxtəlif siyasi, dini və bəzi hallarda silahlı yerli strukturlarla əlaqələr yaradaraq özünə ayrıca təsir imkanları formalaşdırıb.
Əlbəttə, bu ölkələrin hər birində İranın təsirinin forması və miqyası fərqli olub. Ona görə “İran həmin dörd ölkəni tam idarə edirdi” demək düzgün olmaz. Amma bir dövrdə İran siyasi elitasının öz regional gücünü məhz Bağdad, Beyrut, Dəməşq və Sənadakı təsiri ilə ölçməsi faktın özüdür.
Məncə, Movahedianın indiki narazılığını anlamaq üçün məhz bu siyasi ənənəyə baxmaq lazımdır.
Ancaq İranın Azərbaycandan eyni şeyi gözləməsi ciddi yanlışlıq olar.
Çünki Bakı bu məsələdə öz mövqeyini illər əvvəl göstərib.
2021-ci il bu baxımdan mühüm dönüş nöqtəsi idi.
Həmin ilin oktyabrında İranın ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejatın ofisinin yerləşdiyi Bakıdakı Hüseyniyyə məscidinin fəaliyyəti dayandırıldı. Ocaqnejat isə Azərbaycandan getdi.
Azərbaycan İranla yaxşı münasibətlər qura bilər. Prezidentlər görüşə, Azərbaycan dilində danışa, ticarət arta, Araz üzərində körpülər tikilə, nəqliyyat və enerji layihələri həyata keçirilə bilər.
Amma dövlətlərarası əməkdaşlıqla dövlət daxilində təsir şəbəkəsi yaratmaq eyni şey deyil. Birincisinə Bakı açıqdır.
İkincisinə isə 2021-ci ildə artıq cavab verilib. Bu məsələdə geriyə yol görünmür. Heç bunu xəyal etməyin də…
Elbəyi HƏSƏNLİ
İsvecrə







