Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində qanunsuz silah alveri ilə məşğul olan 2 nəfər saxlanılıb.
Tezadlar.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, nəticədə müəyyən edilib ki, Ağcabədi rayon sakinləri – 25 yaşlı Sahil Kərimzadə və 27 yaşlı İntiqam Rüstəmov odlu silahların satışını təşkil ediblər.
S.Kərimzadə idarə etdiyi avtomobillə hərəkətdə olarkən saxlanılıb. Avtomobildən 2 ədəd “Kalaşnikov” avtomatı, 2 patron darağı, 60 ədəd patron aşkar olunaraq götürülüb.
Tədbirin davamı olaraq onun əlbiri İntiqam Rüstəmov da Xocavənd rayonu ərazisində saxlanılıb. Onlardan 4 avtomat, 4 patron darağı və 60 patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

