Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Beyləqan rayonunda heyvandarlıqla məşğul olan fermerlərlə aparılan söhbətlər göstərir ki, süni mayalanma və heyvanların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatı ətrafında formalaşmış qeyri-rəsmi ödəniş sxemi fermerin cibindən aylıq və illik hesabla ciddi məbləğ çıxarır. Fermerlərin öz sözlərinə görə, onlar iri və xırda buynuzlu heyvanlarını öz təşəbbüsləri ilə identifikasiyadan keçirmirlər — bu proses yalnız süni mayalanma tələb olunduqda, Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) mütəxəssisi ilə əlaqə saxlandıqdan sonra baş verir.
Rəsmi qayda nə deyir?
Azərbaycanda süni mayalanma və subsidiya sistemi hüquqi baxımdan kifayət qədər dəqiq tənzimlənib. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya görə, heyvan süni mayalandırıldıqdan dərhal sonra, buzov isə doğulduqdan 10-15 gün ərzində mütəxəssis tərəfindən birka (sırqa) vasitəsilə identikləşdirilməli və uçota alınmalıdır. Eyni sənəddə vurğulanır ki, süni mayalandırmaya görə xidmət haqqı mütəxəssis və heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında müəyyənləşir. Döllənmə baş tutmadıqda isə təkrar mayalanmaya görə fermerdən yalnız toxumun dəyəri alınır.
Prezidentin 2015-ci il tarixli sərəncamı ilə süni mayalanma yolu ilə alınan hər sağlam buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya nəzərdə tutulub. Bu vəsaitin məqsədi aydındır: heyvan sahibinin cins yaxşılaşdırma prosesinə çəkdiyi xərcləri kompensasiya etmək və maraq göstərməsini stimullaşdırmaq.
Beyləqanda DAİM-dən əldə olunan məlumata əsasən, rayonda süni mayalanma materialının rəsmi qiyməti 30 manatdır. Yəni qanuni çərçivədə fermerdən tələb oluna biləcək əsas xərc elə bu 30 manatdır, identifikasiya isə dövlətin öz vəzifəsi çərçivəsində, ayrıca ödəniş olmadan həyata keçirilməli olan prosesdir.
Sahədə gerçək mənzərə
Fermerlərin bildirdiyinə görə, mütəxəssis süni mayalanma üçün gəldikdə 45 manat “xidmət haqqı” və 15 manat “identifikasiya haqqı”, cəmi 60 manat alır. Buzov doğulduqdan təxminən 1-2 ay sonra (qaydada nəzərdə tutulan 10-15 günlük müddətdən qat-qat gec) həmin mütəxəssis yenidən gəlib buzovu sistemə daxil edir və bunun üçün əlavə 10 manat götürür. Ümumi məbləğ 70 manata çatır və bu xərcə görə fermerə heç bir qəbz təqdim olunmur.
Bu 70 manatın strukturuna nəzər salsaq, 30 manat real material (toxum) dəyəri, yəni qanuni xərc, yerdə qalan 40 manat isə həm inəyin, həm də buzovun identifikasiyası müqabilində alınan, lakin dövlətin öz üzərinə götürdüyü və nəzəri cəhətdən pulsuz olmalı xidmətə görə əlavə tutulan qeyri-qanuni vəsaitdur.
Nəticədə, dövlətin buzova görə ödədiyi 100 manatlıq subsidiyanın faktiki 70 manatı geri, eyni prosesin icraçısına axır, fermerin əlində cəmi 30 manat qalır. Üstəgəl, fermer bu vəsaiti ən tezi süni mayalanmadan bir il sonra almalıdur, amma elə fermer var ki, bu vəsaiti 6 aydı ala bilmir.
Fermerlərin dediyinə görə, 1-2 il əvvəl mənzərə tərsinə idi: xərc 30 manat civarında olub, subsidiyanın 70 manatı fermerdə qalırdı. Yəni qeyri-rəsmi tariflər son iki ildə təxminən ikiqat artaraq 70 manata çatıb, halbuki rəsmi material qiyməti (30 manat) dəyişməyib.
Bu, təkcə Beyləqana məxsus hal deyil
Oxşar sxemlərin başqa rayonlarda da qeydə alındığı məlum olur. Sabirabadda fəaliyyət göstərən DAİM rəhbərliyi ilə bağlı yayılan məlumatlarda göstərilir ki, süni mayalanma siyahısının yalnız 20 faizinin real olduğu, qalan hissəsinin isə saxta sənədləşdirmə yolu ilə tərtib edildiyi iddia olunub. Bu, problemin fərdi məmurun sui-istifadəsi deyil, sistemli boşluqdan qaynaqlanan geniş yayılmış praktika olduğunu göstərir: mərkəzi nəzarətin, qəbz-hesabat mexanizminin və müstəqil auditin olmaması eyni ssenarinin fərqli rayonlarda təkrarlanmasına şərait yaradır.
Nazirliyin mövqeyi və izah olunmayan tərəf
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dilə gətirilən əsas problem heyvanların identifikasiyadan kənarda qalmasıdır — yəni sistemə uçota alınmayan heyvanların çoxluğudu. Bu, əslində doğru müşahidədir: ölkədə Heyvanların İdentifikasiya və Qeydiyyatı Sisteminin tətbiqi mərhələli xarakter daşıyır və hələ tam əhatəni təmin etməyib. Lakin bu bəyanatda cavabsız qalan sual budur: əgər fermerlər məhz ödəniş üzündən deyil, əksinə — süni mayalanma zamanı artıq ödəniş etdikləri halda — niyə sərbəst şəkildə identifikasiyaya can atmırlar? Sahədəki reallıq göstərir ki, fermerlərin bu prosesə soyuqluğu bilgisizlikdən yox, mövcud qeyri-rəsmi tariflərin yaratdığı etimadsızlıqdan qaynaqlanır: bir dəfə “gizli tarif”lə üzləşən fermerin, bu prosesi könüllü təkrarlamağa həvəsli olmur.
Nəticədə subsidiya kimin üçün işləyir?
Rəqəmlər aydın mənzərə göstərir: dövlətin cins yaxşılaşdırma və heyvandarlığın stimullaşdırılması üçün ayırdığı 100 manatlıq subsidiyanın əksəriyyəti son nəticədə icraçı mütəxəssisin cibinə qayıdır, fermerin əlinə isə cəmi 30 manat keçir. Bu, təkcə maliyyə itkisi deyil, eyni zamanda, dövlət siyasətinin əsas məqsədini, yəni fermerin cins heyvandarlığa marağını artırmaq niyyətini də zəiflədir. Əgər fermer hiss edirsə ki, dövlət dəstəyinin böyük hissəsi prosesin icraçısı tərəfindən “komissiya” kimi çıxarılır, o, nə sistemə etibar edəcək, nə də heyvanlarını könüllü qeydiyyata almağa can atacaq.
Bu vəziyyətin düzəlməsi üçün bir neçə istiqamət önə çıxır:
1. Süni mayalanma və identifikasiya xidmətlərinə görə mütəxəssislərin qəbz vermə öhdəliyinin sərtləşdirilməsi və bunun icrasına real nəzarət
2. Fermerlərin ödədiyi məbləğlərin EKTİS üzərindən şəffaf qeydə alınması, hər ödənişin sistemdə izlənə bilməsi
3. Rayon səviyyəsində DAİM fəaliyyətinin müstəqil auditdən keçirilməsi
4. Fermerlərə anonim şikayət kanallarının fəal təbliğ olunması və şikayət nəticələrinin ictimailəşdirilməsi
Əks halda, kağız üzərində mükəmməl görünən subsidiya mexanizmi sahədə əksinə işləməyə, dövlət dəstəyini fermerdən uzaqlaşdırıb prosesin icraçılarına yönəltməyə davam edəcək.
Akif NƏSİRLİ