Yalançı endirimlər və bizi aldatma bacarığı yüksək olan sahibkarlar…
Son illərdə ölkənin hər guşəsində bir-birinin ardınca açılan iri market şəbəkələri: “Neptun”, “Tamstore”, “Rahat”, “Bravo” və adını çəkmədiyimiz daha neçə-neçəsi artıq təkcə məhsul satmır, həm də alıcının psixologiyasını da “emal” edir.
Düzünü desək, məhsul çeşidi, səliqə və rahatlıq baxımından bu marketlərə söz yoxdur. Marketlərə daxil olanda hər şey təmiz, səliqəli, işıqlı görünür. Rəflər düzülüb, qiymət etiketləri səliqəlidir, məhsullar çeşidlidir. İstədiyini tapırsan, həm də tez. Hər kəsdə də bir inam var: “Böyük marketdirsə, deməli, güvənilirdir.” Amma məsələ göründüyü qədər sadə deyil... bütün bu “rahatlığın” arxasında gizlənən bir neçə xoş olmayan detal da var.
Düşünürsən ki, ucuzdur – balaca marketlərə nisbətdə endirimlər çox olur, onu düşünüb girdiyin bu marketlər isə bizləri necə aldatdığının fərqinə varmırıq. Marketlərin əsas “kozırı”, yəni alıcını cəlb etmək üçün oynadıqları ən güclü kart endirim kampaniyalarıdır. Bu kampaniyaların zahiri parıltısı və psixoloji təsiri çox böyükdür. Bunu market rəhbərləri yaxşı bilirlər. Buna görə də, vitrindəki məhsulların üzərinə iri hərflərlə belə yazılır: “ENDİRİM”, “YALNIZ BU GÜN”, “əvvəl 5 manat, indi 3,60 manat”. Etiketlərin rəngi parlaq, dizaynı isə diqqətçəkici olur. Məqsəd isə, yalnız alıcını cəlb etmək deyil, həm də onun “bu fürsəti qaçırmaq olmaz” hissini oyatmaqdır.
“Müştəri məhsulu səbətinə yığır, kassaya yaxınlaşır və… qəfildən qiymət dəyişir. Məlum olur ki, endirimli qiymət deyil, əvvəlki və ya hətta daha yüksək qiymət göstərilir. Etiraz edəndə kassir “məsum” bir üz ifadəsi ilə deyir: “Endirim kampaniyası dünən bitib”, “Etiketi çıxarmağı unutmuşuq”, “Sistemə hələ düşməyib” və s. Çox vaxt isə müştəri kassaya yaxınlaşdıqda, nəzərdən qaçıraraq hesablanan məbləği ödəyir və malı götürür, heç bilmədən ki, etiketdəki qiymət düzgün deyil. Bu şəkildə, alıcı özü də fərqində olmadan aldanmış olur.
Bir sözlə, bizi elə formada aldadırlar ki, heç, ruhumuz da incimir. Vəziyyət belə olanda, müştəri çox vaxt növbənin təzyiqi, arxadan gələn baxışlar və günün yorğunluğu ilə vəziyyəti sorğulamağa belə çətinlik çəkir. Nəticədə isə müştərini qiymət etiketinin altında gizlənən sadə aldatma olur. Bu, artıq sadə səhv deyil, düşünülmüş bir taktika formasıdır. Marketlər bu yolla həm müştərinin psixologiyasını, həm də gündəlik iş tempini nəzərə alaraq, onu fakt qarşısında qoyaraq açıq-aşkar, özü də utanmadan müştərinin cibinə girirlər. Beləliklə, vitrində vəd olunan “endirim” sadəcə bir ticarət yemi, alıcının isə bununla bağlı real qazancı yox, marketin yalnız gözdən pərdə asma taktikası olur.
Bu qədər aldatma və cəlbedici endirim kampaniyaları ilə müştərini cəlb etməkdə bu marketlər həqiqətən mükəmməldir. Amma bu cəlbedici “yem”lərlə yanaşı, onların təqdim etdiyi xidmətin keyfiyyəti heç də bu qədər cazibədar deyil. Müştəri cəlb etmək üçün bu qədər səy göstərən marketlər, nədənsə, xidmət məsələsinə eyni həssaslığı göstərmirlər. Bəzi hallarda isə, marketlərdəki xidmətin keyfiyyəti və növbələrin uzunluğu, müştəriyə təqdim edilən “endirimli” qiymətləri çox vaxt heç də öz gözləntilərini doğrultmur. Bəzən marketdə olan 5-6 kassadan 2-si və ya 3-ü işləyir. Nəticədə növbədə müştərilər gözləməkdən zülm çəkirlər. Etiraz bildirəndə isə, deyirlər işçi çatışmır. Qardaş, camaat deyir ki, “müştərim bol olsun, işçini taparam”. Amma burda nə baş verir? Müştəri bol, kassada isə cəmi bir-iki kassir olur. Bir ədəd çörək almaq üçün girirsən, iki saat növbədə gözləyirsən. Bu qədər müştəriyə qarşı belə laqeyd xidmət olar? Bəs normal xidmət harada qaldı?
Bu, artıq fərdi səhv deyil. Bu, düşünülmüş və təkrarlanan bir taktika – aldatmaq “mədəniyyətidir”. Müştərinin ruhunu incitmədən, incə şəkildə cibinə girməkdir. Deyə bilərsiniz ki, bəs ƏDV sistemi var, heç olmasa, pulun cüzi hissəsi geri qayıdır. Amma burada da başqa bir oyun var. Verilən çeklərin böyük əksəriyyəti ya solmuş, ID kodlar silinmiş, QR kodlar isə ümumiyyətlə, oxunmur. Bir sözlə, sistem var, amma işləməmək üçün.
İndi bir sual doğur: bu qədər açıq-aşkar fırıldağa nəzarət edən varmı? İstehlakçının hüququnu qoruyan hansı qurum bu məsələlərlə məşğuldur? Nə üçün bu cür geniş yayılan şəbəkələrə belə sadə qaydaları pozmaq bu qədər asandır?
Bir ölkədə istehlakçı aldadılmaqdan qorxmamalıdır. Aldanmaq istisna yox, sistem halını alırsa, bu, sadəcə iqtisadi məsələ deyil, sosial ədalətin pozulmasıdır. İnsanlar maaşlarını, pensiyalarını, təqaüdlərini xərclədikləri yerdə sayğısızlıqla üzləşirlər. Bəs biz bu məsələni nə vaxta qədər “yorğunluğumuza”, “növbəyə”, “tələskənliyə” bağlayacağıq?
Unutmayaq: haqqın yeyilməsi nə qədər mədəni formada olursa-olsun, yenə də haqsızlıqdır.
Elşad FƏRMANOĞLU