Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 16:37

Büdcənin 700 min manatını mənimsədi, məhkəmə 2 min manat cərimə kəsdi-VƏSSALAM!

Dünən iyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Auditorlar Palatasının sabiq vəzifəli şəxslərinin ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib. Tezadlar.az bir daha xatırladır ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi olmuş Vəli Rəhimov 2 min manat cərimə olunub.
Həmin idarənin maliyyəçi-mühasibi olmuş Gövhər Əhmədova 5 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Palatanın Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovaya isə 3 il həbs cəzası verilib. Lakin onun hamilə olduğu nəzərə alınıb və doğulacaq övladı 14 yaşına çatanadək barəsindəki hökmün icrası təxirə salınıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslərə qarşı 313-cü (Vəzifə saxtakarlığı) maddə ilə də ittiham irəli sürülsə də, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ittihama xitam verilib. Əvvəlki prosesdə dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.
Cinayət işində iddia olunur ki, təqsirləndirilən şəxslər 2018-ci ildən etibarən öz qohumları adına onların xəbəri olmadan maaş kartları açaraq ümumilikdə 717 min 311 manat pulu mənimsəyiblər. Məhkəmə istintaqı zamanı G.Əhmədova və F.Novruzova özlərini təqsirli biliblər və əməllərini maddi vəziyyətlərinin pis olması ilə əsaslandırıblar. V.Rəhimov isə mənimsəmədən xəbəri olmadığını iddia edib.
A.Məmmədli
P.S.Əla işdir, büdcənin milyonunu dağıt, məhkəmə də 2 -3 min manat cərimə kəssin, sonra get kef elə… Dövlətin iqtisadi sütunu belə zəiflədilir…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!