“…Benzin oğurlanır və bu rəqəm gündə on tonlarla ölçülür.”
***
Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqları ciddi şəkildə pozulur. Müxtəlif üsullarla maşınlara vurulan yanacağın həcmini azaldır və yaxud digər vaisətlərdən istifadə edirlər. Şəxsən özüm bir neçə dəfə “Lukoil” yanacaqdoldurma məntəqəsində qanun pozuntusu firıldaqçılıqla rastlaşmışam.
Tezadlar.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev MM-dəki çıxışı zamanı bildirib.
“Ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar, ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır və həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir ki, davam edir və bu gün də eyni pozuntular baş verməkdədir.
Digər pozuntu isə müxtəlif yanacaqdoldurma məntəqələrində vurulan benzinin həcmi ilə bağlıdır. Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu 60-90 km fərq edir? Çünki benzin oğurlanır və bu rəqəm gündə on tonlarla ölçülür. Mən aidiyyatı qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram”, – deyə Razi Nurullayev aidiyyatı qurumlara səslənib.
Y.Məmmədli