16 İyul 2026 / 14:12

Deputat Milli Mətbuat Günündən yazdı…

…22 İyul – Milli Mətbuat Günü Azərbaycan xalqının maarifçilik tarixinin, milli düşüncəsinin və dövlətçilik ənənələrinin mühüm mərhələsini ifadə edir. 1875-ci ildə Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız qısa müddətdə xalqın maariflənməsinə, ana dilinin inkişafına, milli özünüdərkin formalaşmasına və ictimai fikrin təşəkkülünə mühüm töhfələr verdi. Sonrakı illərdə nəşr olunan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər nəşrlər bu ənənəni davam etdirərək milli mətbuat tariximizin zəngin salnaməsini yaratdı.
Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə media sahəsində köklü islahatlar həyata keçirildi. Dövlət senzurasının ləğvi, söz və mətbuat azadlığının təmin olunması, medianın fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazasının yaradılması, jurnalistikanın inkişafı və iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın demokratik inkişafında mühüm rol oynadı.
Prezident İlham Əliyev tərəfindən bu siyasət yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Media sahəsində islahatların dərinləşdirilməsi, MEDİA Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbulu, milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, 150 illik yubiley medalı təsis edilməsi, media subyektlərinə vergi güzəştlərinin tətbiqi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və güzəştli ipoteka imkanlarının yaradılması bu sahəyə göstərilən ardıcıl dövlət qayğısının bariz nümunələridir.
Bu gün Azərbaycan mediası zəngin tarixi irsə söykənərək müasir inkişaf mərhələsinə qədəm qoymuş, milli maraqların müdafiəsində və cəmiyyətin düzgün məlumatlandırılmasında mühüm institutlardan birinə çevrilmişdir.
Tural GƏNCƏLİ,
Millət Vəkili
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!