6 Avqust 2026 / 15:15

Dil beləmi qorunur?

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalanıb. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam verilib. Dövlət dili haqqında ayrıca baza qanun qəbul edilib. Lakin praktikada, gerçək həyatda vəziyyət necədir? Bu gün (5 avqust) televiziyada bir proqrama baxıram. Bir müğənni deyir ki, xərc çəkib filan mahnını “raskrutka” elədim və mahnı populyarlaşdı. Meyxana bir yana qalsın, indi artıq bizim “milli mahnıların “nəqarətində rus sözlərindən istifadə edilir.

Son aylar ötən əsrin 50-ci illərində ana dili uğrunda mübarizə, 1956-cı ildə dil haqqında qanunun qəbul edilməsi, Moskvanın təzyiqləri, bu yolda yüksək vəzifəli şəxslərin öz vəzifələri və karyeralarını qurban verməsi haqqında silsilə məqalələr paylaşıram. Bununla bağlı bir müddət əvvəl bir məsələni dəqiqləşdirmək üçün internetdə sorğu verdim. Həzrəti “Google” Azərbaycan Milli Elmlər Akademiyasının “Filologiya məsələləri” jurnalının bu il nəşr olunan 3-cü nömrəsini qarşıma çıxardı. Bir neçə gün əvvəl bir dostumuz da mənə bir məqalə göndərmişdi və həmin məqalə də qeyd edilən jurnaldan idi. Bu nömrədə, hər biri əsasən 5-6 səhifə olmaqla, 56 məqalə dərc olunub. Bir neçəsi ingilis dilində olmaqla, hamısı dilçilik və filoloji məsələlərlə bağlıdır və bütün məqalələrin də çox nüfuzlu rəyçiləri var.

Bəri başdan deyim ki, bu 56 məqalənin 5-6-nı çıxmaq şərtilə, qalan heç birinin elmə, dilçiliyin inkişafına, dilin saflığının qorunmasına, filoloji tədqiqata aidiyyəti yoxdur. Hərçənd jurnal haqqında məlumatda qeyd edilir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Filologiya məsələləri” adlı elmi jurnalı 2026-cı ildə ana dilinin saflığı, klassik ədəbi irs və müqayisəli dilçilik mövzularında aktual tədqiqatlar dərc edir. Jurnalın təsisçilərindən biri də “Elm və Təhsil” nəşriyyatıdır. Elmlər Akademiyasının, nüfuzlu Əlyazmalar İnstitutunun və “Elm və Təhsil” nəşriyyatının birgə ərsəyə gətirdiyi bu nömrədə (topluda) məzmun, qrammatik, leksik, durğu işarələrinin işlədilməsi və sair məsələlərlə bağlı çox sayda səhvə, təhrifə, yanlışlığa yol verilib. Elə təhriflər edilib ki, elmə, dilin saflığına, dilçiliyə, filoloji elmin inkişafına töhfə vermək əvəzinə, dilçiliyə də, filoloji düşüncəyə də böyük ziyan vurulub.

Məsələyə ardıcıllığa diqqət yetirsək, Sumqayıt Dövlət Universitetindən Validə Əlizadənin “Azərbaycan dili dərslərində ekoloji mövzulu mətnlərin tədris imkanları” adlı “elmi” məqaləsi cəmi 3 mənbəyə istinad etməklə yazılıb (s. 30-35). Onun da biri metodik vəsait, digəri isə jurnal məqaləsidir. Müəllif heç bir tədqiqat aparmadan belə nəticəyə gəlir ki, “ekoloji mövzulu mətnlərin azərbaycan dili dərslərində planli və metodik əsaslarla tətbiqi dil tədrisinin keyfiyyətini yüksəldir və davamli inkişaf prinsiplərinə əsaslanan şüurlu və məsuliyyətli nəsil yetişdirilməsinə mühüm töhfə verir”. Validə xanımın bu son cümləsində qrammatik baxımdan 3 səhvə yol verilib. Azərbaycan dilinin tədrisinə, “şüurlu və məsuliyyətli nəsil yetişdirilməsinə” töhfə vermək məramı ilə yazılmış “məqalənin” yalnız bircə cümləsində üç səhv var. Həcm etibarı ilə kiçik bir məqalədə bu qədər səhvlə müəllif dili də korlayıb, ekologiyanı da.

Bakı Biznes Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Şaiqə İsgəndərova “Şəhər mühitinin dilə təsiri” adlı məqaləsində (s. 36-41) qeyd edir ki, “kənd yerlərindən şəhərə gələn gənc miqrantlar tez bir zamanda maddi gəlir əldə etmək üçün şəhərdə dominant olan dildə kommunikasiya qurmağa başlayırlar” (s. 38). Bir ölkənin daxilində yaşayış yerini dəyişən şəxs miqrant deyil, bir gəncin kənddən şəhərə gəlməsi ona miqrant hüququ vermir. Miqrant öz ölkəsindən başqa ölkəyə mövsümü və uzunmüddətli iş üçün gedənlərə, təhlükədən qaçıb sığınacaq almaq istəyənlərə, uzun müddət (ən azı bir ildən artıq) xarici ölkələrdə qanunsuz-qaçaq yaşayanlara deyilir. Ölkə daxilində yerdəyişmə, bir qayda olaraq, “demoqrafik dəyişiklik” deyimi ilə ifadə olunur.

n

Tibb Universitetinin üç dilçisi – Məlahət Gərayzadə, Nigar Daşdəmirova və Vəfa Hacıyeva birgə yazdıqları “Kontekstin dilçilikdə rolu” adlı məqalədə (s. 63-67) “tutqun” sözünü dil kontekstində izah edərkən, “otaq tutqun idi” ifadəsi işlədirlər (s. 64). Azərbaycan ədəbiyyatında, nağıllarında, folklorunda, danışıq dilində kim belə bir ifadəyə rast gəlib? Bununla bağlı “süni intellekt”ə (Sİ) sual verirəm. Sİ də mənə sual verir: “Bu ifadəni haradan oxumusunuz? Əgər bu ifadənin işləndiyi kitab adını və ya müəllifi bilirsinizsə, mənə deyin”. Hava tutqun ola bilər, ayın qabağı tutula bilər və sair. Görünür müəlliflər novatorluq etmək istəyiblər.

Azərbaycan Dillər Universitetinin müəllimi Sevinc Səlimovanın “Müasir ingilis və Azərbaycan dillərində kinayə bədii ifadə vasitəsi kimi” adlı məqaləsində (s. 68-75) istisnasız olaraq durğu işarələrinin yazılışı səhvdir. Müəllif yazı qaydalarına əməl etməyib, rəyçi, redaktor və korrektor da durğu işarələrinin başdan-başa səhv yazılmasına göz yumub. Dilin qorunması, təmizliyi həm də durğu işarələrinin düzgün yazılması isə sıx bağlıdır.

Örnək olaraq Sevinc xanımın məqaləsindən bir cümləni təqdim edirəm: “Məsələn, tənbəl adama qoçaq, çalışqan ; zəif adama pəhləvan , xəsis adama səxavətli, əliaçıq ; qorxaq adama cəsur və ya ağılsız adama alim deyilməsi kinayə yaradır. Məsələn, , kinayədir. “ Sonuncu cümlədə söz düşüb. Məsələn, nə kinayədir, məlum deyil. Dili qorumalı olan “Filoloji məsələlər” jurnalında belə kobud səhvlərə necə yol vermək olar?

Məsələn, 68-ci səhifədə sətir vergüllə başlayır: “, toxunmaq mənalarını ehtiva edir.” Yaxud bu cümlədə müəllif nə demək istəyir: “Bəzən “ironiya” altında sadə, bəsit nitq fiqurunu nəzərdə tutulmur ; düşüncə , qavrayış , zahiri görünüşlə və reallıq arasındakı uyğunsuzluqların olduğu və onların dərindən dərk edilməsi nəzərdə tutulur.Deyə bilərik ki , ironiya öz mahiyyətinə görə qavrayış tərzi hesab edilə bilər ; onun məkanı bir tərəfdən rəvayət söyləyən və rəvayət arasında, o biri tərəfdən isə hekayə və oxucu arasında həlledici məkandır .”

Qrammatik qaydalar və yazı tələbləri baxımından iki cümlədə 8-9 səhvə yol verilib və Sevinc xanım, sadəcə olaraq, dilin belini qırıb. Digər bir yerdə: “İroniya ,eyni zamanda ,”… Məqalənin sonunda müəllif öz “araşdırmasının” elmi yeniliyini belə təqdim edir: “Elmi yenilik : tədqiqata cəlb olunan mövzunu ətraflı araşdırmalara əsaslanıb nümunələr əsasında təhlilə cəlb edərək nəticələrin sistemləşdirilməsindən ibarətdir “ Sonunda nöqtəsi olmayan bu cümlədən nə anladınız?

Durğu işarələri ilə bağlı eyni səhvlər AMEA-nın Dilçilik İnstitutunun kiçik elmi işçisi Ağca Musayevanın “Naxçıvan dialekt və şivələrinin sosiolingivistik xüsusiyyətləri” adlı məqaləsinə də aiddir (s. 76-81). Bu cümlələrdə bilinmir ki, vergül və nöqtə hansı məzhəbə qulluq edir: “Bu , xalqın danışıq dilinin sosial və mədəni xüsusiyyətlərini ortaya çıxarır. ” “Azərbaycan dili dialekt və şivələri tarixi-coğrafi baxımdan qruplaşdırılır və 4 qrupa bölünür .Bunlardan biri cənub qrupuna daxil olan Naxçıvan dialektidir.” Öz fikrini əsaslandırmaq üçün müəllif nümunələr verir: “Nobat(şəkər ,növbə)”, “Xoşqədəm ,arvad-uşax” və sair.

Xalq dilində nobatın növbə olması Azərbaycanın bir sıra regionlarında işlənilir. Lakın “nobat”ın Naxçıvan dialekt və şivəsində şəkər olması “yenilikdir”. Burada ola bilsin ki, müəllif “nobat”la “nabat”ı səhv salıb. Mirzə Cəlil “İranda hürriyyət” hekayəsində yazır: “Məşədi Hüseyn müştəriyə nabatı verəndən sonra Kərbəlayı Rzadan kağızı aldı və başladı diqqətlə baxmağa.” Belə səhvlər məqalədə çoxdur və əgər Dilçilik İnstitutunun sabah böyük elmi işçi olacaq kiçik elmi işçisi çap materialında yazı qaydalarını, dili belə təhrif edirsə, başqalarından nə gözləyəsən?

Sumqayıt Universitetindən Elşad Əliyev “Mətnin ideyası anlayışı və onun dilçilikdə funksional-semantik mahiyyəti” adlı məqaləsində (s. 101-108) yazır ki, “mətnin ideyasını vermək üçün dil materialı lazım olur.” Müəllif dil materialı kimi də “Yonca kənd təsərrüfatında mühüm rol oynayan bitkidir…” deyib, yoncanın “fəzilətlərin” təsvir edir. Jurnalın 102-ci səhifəsində müəllif yazır: “Mətnin ideyası mətndə cümlə və ya abzas şəklində verilə də bilər, məntiqi yanaşmaqla əsas hadisələrdən həmin ideya formalaşa da bilər.Yəni ideya birbaşa, ya da dolayı informasiyalarla ötürülə bilər. Bu, dilçilikdə ekspilist və inpilist təqdim adlanır.” Elşad müəllim dilçilikdə ekspilist və inpilisti əsaslandırmaq üçün mal-qaradan belə bir mətn təqdim edir:

“Ətlik və südlük mal-qara təsərrüfatda fərqli məqsədlər üçün istifadə edilir. Ətlik heyvanların əsas üstünlüyü qısa müddət ərzində yüksək çəkili məhsulun əldə olunmasıdır, lakin onların saxlanılması yüksək xərclərlə müşayiət olunur. Südlük heyvanlar isə uzunmüddətli məhsuldarlıqla seçilir və süd istehsalından əlavə süd məhsulları sənayesinin inkişafına töhfə verir. Müqayisə etsək, ətlik heyvanlar bir ildə 300-350 kiloqram çəki əldə edə bildiyi halda, südlük inəklər illik 6000-8000 litr süd istehsal edə bilir.” Nə anladınız buradan?

Mal-qaranı yonca ilə yemlədikdən sonra müəllif “sətiraltı informasiyalarla” bağlı Səməd Vurğunun “Azərbaycan” şeirinə keçir. O yazır: “Siyasi, dini, sosial və digər amillərdən bəzən əsas ideya, əsas fikir sətiraltı informasiyalarla təqdim edilə bilir. Məsələn, S.Vurğunun “Azərbaycan” şeirinə fikir verək:

“El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!”

Əvvəla, dilçilikdən məqalə yazan müəllif “Azərbaycan” şeirinə yaxşı fikir verməyib. Şeirin təkcə 3-cü sətrində (Anam, doğma vətənimsən!) iki səhvə yol verib. “Anam” sözündən sonra vergül olmalıdır, sətrin sonunda isə vergül yox, nida işarəsi qoyulmalıdır. Bunu qoyaq bir yana. Keçək müəllifin “sətiraltı” yozumuna:

“Bu şeirdə müəllif cənub həsrəti, cənubi Azərbaycan sevdasını sətiraltı dilə gətirmiş olur. El=Xalq bilir ki, bütöv Azərbaycan azərbaycanlılarındır.Babadan, atadan qalma və özünün də yaşadığı ərazidir. Doğulduğu məkan da Azərbaycandır. Ayrılarmı könül candan deyərkən Şimali və Cənubi Azərbaycanı nəzərdə tutur. Təkrarlanan Azərbaycan sözləri də birinə işarədir” (s. 103).

Əvvəla, müəllifin birinci cümləsindəki “Cənubi Azərbaycan” ifadəsində “Cənub” sözü böyük hərflə yazılmalıdır. İkincisi, qeyd edilən mətndə sonuncu cümlə qrammatik baxımdan qüsurludur. Üçüncüsü, ya sətiraltı olsun, ya sətirüstü, bu bənddə cənub həsrəti haradadır? Müəllif bu şeirin yazıldığı tarixi şəraiti bilirmi?

Jurnalda yer alan bir sıra məqalələrdə dilçilərimiz “ədəbiyyat” sözünü “ədəbiyyatlar” kimi verirlər.

Azərbaycan Dillər Universitetindən filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “milli kimlikdə tarixi romanların rolu” ilə bağlı məqaləsində (s. 300-3008) qeyd edir ki, qədim abidə kimi “Kitabi-Dədə Qorqud” 1930-1950-ci illər stalinizm dövründə repressiyaya uğramış Azərbaycan abidələrindəndir” (s. 305) Birincisi, cümlə qüsurludur.

İkincisi, məhz 1938-ci ildə Həmid Araslının “Revolyusiya və qultura” jurnalının 3-cü nömrəsində çıxan məqaləsi ilə “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqına məxsus olması elmi cəhətdən əsaslandırılmışdı. 1938-ci ildə dilçi alim Əbdüləzəl Dəmirçizadənin nəşr olunmuş “Azərbaycan ədəbi dilinin tarixi xülasələri” kitabında da X–XI əsrlərdə Azərbaycan (türk) dilinin formalaşmasında “Kitabi-Dədə Qorqud” dastanlarının rolu xüsusi şəkildə qeyd edilirdi.

Dastan 1939-cu ildə Həmid Araslı tərəfindən Azərbaycan dilində nəşr edilmişdi. 1950-ci ildə “Kitabi-Dədə Qorqud” dastanları akademik Vasili Bartoldun tərcüməsində professor Həmid Araslı və Məmmədhüseyn Təhmasibin tərtibatı ilə AMEA nəşriyyatında çap edilmişdi. Yəni ötən əsrin 30-40-cı illəri “Kitabi-Dədə Qorqud”un repressiya yox, məhz çiçəklənmə dövrü idi. Təqib 1950-1951-ci illərdə başladı, dastan qadağan edildi, 1957-ci ildə isə “Kitabi-Dədə Qorqud” abidəsinə bəraət verildi.

Xəzər Universitetindən Sahibə Şirinovanın “Azad Qaradərəlinin” Əllidən bir kəm “romanıda və Qırğız yazıçısı Çingiz Aytmatovun “Çingiz Xanın ag buludu” povestində repressiya izləri” (məqalənin adındakı səhvlər müəllifin özünə məxsusdur) adlı məqaləsində (s. 396-402) mövzu maraqlı olsa da, çox ciddi qrammatik, orfoqrafik səhvlər var. Məqalədə durğu işarələrinin yazılışında məzmuna təsir edə biləcək qədər çoxlu qüsurlara yol verilib.

Yazının birinci cümləsində “Çingiz Aytmatovun “Çingiz xanin ag” buludu povestində… ”. Axı tədqiqata cəlb etdiyin əsərin adını necə səhv yazmaq olar? Üstəlik, həm məqalənin adında, həm də girişdə. Eyni səhifədə “Ədəbiyyatda Repressiya adı ilə tanınan,” cümləsində niyə “Repressiya” sözü böyük hərflə yazılır? Bir sətir aşağıda isə “Ölkələr bi-rbirinə dəymiş”, növbəti səhifədə “Rejimn insanları acınacaqlı vəziyyətə salmasına…”, eyni səhifədə “Sovet İttifaqiının tərkibndə…”, s. 398-də “Qatar dəmir reyslər üzərində hərəkət edir,” eyni səhifədə “Çingiz xanın ağ bulu”hekayələrinin tapılması” və sair səhvlər silsilə xarakteri daşıyır.

Bundan əlavə bu iki əsəri repressiya fonunda müqayisə etmək elə də uğurlu deyil. Çünki müqayisə edilən əsərlər ayrı-ayrı zamanlarda, ayrı-ayrı siyasi sistemlərdə yazılıb. Sovet dövründə repressiyalarla bağlı yazılan bədii əsəri, post-sovet dövründə yazılmış əsərlə müqayisəsi yanlış nəticələrə gətirib çıxara bilər.

Şübhəsiz ki, mənim dostum Azad Qaradərəli maraqlı, zəhmətkeş, özünə məxsus bədii təhkiyəsi olan yazıçıdır. Sahibə xanımın onun yaradıcılığı haqqında ötən il yazdığı “Azad Qaradərəlinin nəsrində Qarabağ müharibəsi mövzusunun əksi” adlı məqaləsi daha gerçək və həyati idi. Lakin Azad müəllimin mənim də maraqla oxuduğum “Əllidən bir kəm” romanının Çingiz Aytmatovun Sovet senzurasından keçməyən “Çingiz xanın ağ buludu” povesti ilə müqayisəsi bir qədər sünidir. Hər ikisi maraqlı əsər olsa da, lakin bunlar fərqli-fərqli əsərlərdir.

Azərbaycan ədəbiyyatında belə müqayisəyə zərurət varsa, bu, eyni dövrdə ədəbiyyata gələn, oxşar mövzularda bədii əsərlər yazan İsa Hüseynovun əsərləri ilə ola bilər. Çünki hələ öz sağlığında Çingiz Aytmatov İsa Hüseynova “ustad” deyə müraciət edirdi.

“Filologiya məsələləri” jurnalının (və ya toplusunun) 2026-cı ildə nəşr olunmuş 3-cü sayında vəziyyət belə acınacaqlı haldadır. Qeyd edilən səhvlər fərqli formada digər məqalələrə də aiddir. Sovet dövründə Akademiyanın xəbərlərində 3-5 səhv gedirdisə, jurnalın sonuna bir qeyd əlavə edirdilər ki, filan söz belə oxunmalıdır. Həmin meyarla yanaşılsa, bu nömrəyə gərək özü qalınlıqda əlavələr edilsin. Filoloji məsələlərə, dilçiliyə həsr edilmiş bir topluda dili belə gülünc vəziyyətə salmaq yolverilməzdir. Ən azından qeyd edilən nömrənin elektron versiyasında bu səhvləri aradan qaldırmaq lazımdır.

Deyək ki, müəlliflər səhlənkarlıq ediblər, rəyçilər rəy verdikləri məqalələri oxumayıblar, bəs jurnalın baş redaktoru, redaksiya heyəti, məsul katibi, rəyçilər (bütün məqalələrin sonunda rəyçilərin adı verilir), onu çap edən “Elm və Təhsil” nəşriyyatı hara baxıb?

Azərbaycan dilinin qorunması və inkişafına “töhfə” vermək üçün nəşr edilən “Filologiya məsələləri”nin bu il oxuculara təqdim edilən 3-cü nömrəsi, sadəcə, səhvlər toplusudur. Orada yer alan məqalələrin böyük əksəriyyəti tədqiqat xarakteri daşımır, elmə, o cümlədən dilçiliyə heç bir yenilik gətirmir, əksinə dilin belini qırır, onu şikəst edir və gözdən salır. Vallah-billah, heç kxmer (khmer) dilində də belə rüsvayçılıq yoxdur.

Bir insan, bir alim və ziyalı öz dilinə necə belə münasibət bəsləyə bilər? Axı dilin saflığının qorunması və inkişafı bir sıra dövlət orqanları ilə yanaşı həm də AMEA-ya tapşırılıb. Bir də, dillə bağlı bu səhvlərə AMEA-nın fizika, kimya məsələləri jurnalları deyil, “Filologiya məsələləri” jurnalı yol verirsə, başqalarına nə deyəsən? Azərbaycan dilinin işlənməsi, dövlət dili olması, onun saflığının qorunması üçün zaman-zaman adamlar öz həyatlarını, vəzifələrini, perspektivlərini qurban verib, onu necə bu vəziyyətə salmaq olar”.
prof. Cemil Hasanli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!