Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihə həyata keçirilir.
Tezadlar.az xəbr verir ki, layihə üzrə ilk seminar Azərbaycan Milli Kitabxanasında Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun iştirakı ilə təşkil olunub.
MEMİM-in sektor müdiri Fariz Yunislinin moderatorluğu ilə keçirilən seminarda Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əhəmiyyəti haqqında söz açıb. Bildirib ki, sənəddə Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı konkret hədəflər müəyyən olunub.
MEMİM-in direktoru dosent Vüqar Hümbətov qeyd edib ki, layihənin məqsədi yeni mədəniyyət konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsinə, mediada dildən düzgün istifadənin təbliğinə dəstək olmaqdan ibarətdir.
Akademik Rafael Hüseynov çıxış edərək “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının yaranma zərurəti barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən ərazi bütövlüyümüzün və dövlət suverenliyinin tam bərpası, eləcə də çağımızda gedən sürətli qloballaşma prosesləri ölkəmizdə mədəniyyət sahəsinə yeni konseptual baxışı vacib edib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılması konsepsiyanın təməlini təşkil edir.
Konsepsiyada Azərbaycan dili və milli-mədəni kimlik məsələsinə toxunan alim deyib: “Bir xalqın var olması, özünütəsdiqi üçün ən vacib cəhət onun dilidir. Dil yoxdursa, millət də yoxdur. Elə xalqlar var ki, tarixən dövlətləri olmayıb, ancaq onlar dillərinin hesabına yaşayıblar. Dil elə güclü amildir ki, hətta xalq olmayanda belə onu yaşada bilir”.
Rafael Hüseynov çıxışında müasir dövrdə ana dilinin təbliği, mediada Azərbaycan dilindən istifadənin vəziyyəti və digər məsələlərdən ətraflı söz açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Seminarda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları və digər şəxslər iştirak ediblər.