İlk dəfə olaraq, Hindistanın Azərbaycandakı Səfirliyi 7 noyabr 2026-cı il tarixində Səfirliyin dəftərxana binasının ərazisində Hindistanın İşıqlar Festivalı – Divali bayramına həsr olunmuş xüsusi tədbir təşkil edəcək.
Səfirlikdən Tezadlar.az–a verilən məlumata görə, bu əlamətdar bayram Səfirliyin mədəniyyət sahəsində həyata keçirdiyi təşəbbüslərə mühüm töhfə olmaqla, Azərbaycandakı Hindistan dostlarına Hindistanın ən sevilən bayramlarından biri ilə tanış olmaq, onun zəngin ənənələrini, rəmzi mənalarını və rəngarəng bayram ab-havasını yaxından yaşamaq imkanı yaradacaq. Divali hinduizmdə dərin mədəni və mənəvi əhəmiyyətə malikdir və Hindistanda, eləcə də dünyanın müxtəlif ölkələrində milyonlarla insan tərəfindən böyük inam, sevgi və coşqu ilə qeyd olunur. Ənənəvi olaraq beş gün davam edən bayram şənlikləri Dhanteras ilə başlayır, daha sonra Naraka Çaturdaşi (Çhoti Divali), əsas Divali günü, Qovardhan Puca (Govardhan Puja) və Bhai Duc (Bhai Duj) ilə davam edir. Bayramın əsas günü Lakşmi Pucaya həsr olunur. Bu mərasim zamanı ailələr sərvət, firavanlıq və uğur ilahəsi Lakşmiyə ibadət edərək ondan xoşbəxtlik, bolluq və rifah diləyirlər. Evlər ənənəvi yağ lampaları (diya) ilə işıqlandırılır, rəngarəng ranqoli naxışları ilə bəzədilir, çiçəklər və işıqlarla süslənir. Ailə üzvləri bir araya gələrək hədiyyələr mübadiləsi edir, bayrama məxsus ləziz təamları bölüşür və bu əlamətdar günü birlikdə qeyd edirlər. Divali həmçinin Lord Ramanın Ravana üzərində qələbəsindən sonra Ayodhya şəhərinə qayıdışı ilə sıx bağlıdır və xeyirin şər üzərində, ədalətin haqsızlıq üzərində qələbəsini simvolizə edir. Ramayana dastanına görə, Ayodhya sakinləri Lord Rama, ilahə Sita və Lakşmananı evlərinin və küçələrinin qarşısında sıra ilə düzülmüş gil lampaları yandıraraq qarşılayıblar. Bu günümüzədək qorunub saxlanılan ənənə Divalinin ümumbəşəri mesajını təcəssüm etdirir: xeyirin şər üzərində, işığın qaranlıq üzərində, biliyin isə cəhalət üzərində qələbəsi. Dini əhəmiyyətindən əlavə, Divali zamanla ümidin, yenilənmənin, harmoniyanın və birliyin qlobal bayramına çevrilib, dünyanın hər yerində bir milyarddan çox insan tərəfindən qeyd olunmağa başlayıb. Hindistanın Bakıdakı Səfirliyi tərəfindən təşkil edilən Divali bayramı Hindistanın müxtəlif bölgələrində qeyd olunan bu möhtəşəm şənliklərin əzəmətini və ruhunu yaxından tanımaq üçün qonaqlara gözəl fürsət yaradacaq. Axşam proqramı xüsusi Hindistan mətbəxi, ənənəvi rəqs çıxışları və musiqi nömrələri ilə Hindistan mədəniyyətinin və ənənələrinin rəngarəng vəhdətini təqdim edəcək, ölkənin rənglərini, dadlarını və bayram əhval-ruhiyyəsini Bakıya gətirəcək. Bütün ailə üzvləri üçün nəzərdə tutulan bu tədbir Bakıda yaddaqalan şənbə axşamı vəd edir, qonaqlara Hindistan bayramlarına xas səmimiyyəti, qonaqpərvərliyi və isti ab-havanı yaxından hiss etmək imkanı verəcək. Səfirlik tədbirə dəvətləri rəsmi sosial media hesabları vasitəsilə yayıb. İştirak etmək istəyən qonaqlar dəvətnamədə təqdim olunan QR kodu skan etməklə qeydiyyatdan keçə bilərlər. Bayram şənlikləri 7 noyabr 2026-cı il, şənbə günü, saat 17:00-da Hindistanın Azərbaycandakı Səfirliyinin Bakıdakı dəftərxana binasının ərazisində başlayacaq. Hindistan və Azərbaycan mədəni mübadilə və xalqlar arasında əlaqələr vasitəsilə dostluq münasibətlərini daha da möhkəmləndirməyə davam etdikcə, Səfirlik azərbaycanlı dostlarını, Hindistan icmasının üzvlərini və Hindistan mədəniyyətinin bütün pərəstişkarlarını bu xüsusi bayram tədbirində iştirak etməyə dəvət edir. Gəlin, Divalinin əsrlərdən bəri yaşadılan əbədi mesajını birlikdə qeyd edək və dostluq, sevinc və birlik ruhu ilə Bakını işıqlandıraq!







