3 İyul 2026 / 09:29

DOĞMA YOLLAR və YAD RADARLAR…

DOĞMA YOLLAR və YAD RADARLAR…
(“Yol qeydləri” silsiləsindən)
…Bakıdan Qaxa kimi uzanan doğma yollar… Baxıram, baxıram, doymuram… İlk baxışdan diqqətimi cəlb edən sürət radarlarının həndəsi silsilə ilə artması olur. Saymağa hövsələm yoxdur, amma mənə elə gəlir ki, Bakıdan Şamaxıya kimi radarların sayı işıq dirəklərinin sayından çoxdur… Vallah, adam yola çıxmağına peşman olur…
Doğma yollar və yad radarlar… Hər kilometrdə biri “rus reketi” kimi maşının üstünü alır. İnanın Allaha, 400 kilometrlik yolda 200-dən çox radar olar. Biz görmüşük, eşitmişik ki, radarlar yaşayış məntəqəsində olar, yaxınlıqda sürət göstəricisi qoyarlar, sürücülər də ehtiyatlı olar, sürəti azaldar. Burda trasda gecə qaranlıqda bir işıq yanmır, amma radarlar maşınları yaxalayır…
Şamaxıdan sonra radarlar yaddan çıxır… Yox, yoxa çıxmır, sadəcə olaraq, sayı azalır, həm də təbiət adamı ilhama çağırır… İsmayıllı, Qəbələ, Öğuz yolları… Yaşıl rənglər yollardan başlayır, dağlara qalxır, göylərə kimi uzanır, bütün dünyanı doldurur. Adamın qəlbi sevinclə dolur…
Sanki adamın gözləri yorulmasın, ürəyi darıxmasın deyə, təbiət yaşıl xalısına təbii rənglərdən – sarı, qırmızı, göy çiçəklərdən naxışlar da vurur. Dünyamız qədər qoca olan qədim Oğuz dastanı yada düşür: Ana südü və dağ çiçəyi…
Bu da bižim Əyriçay… Adına uyğun – əyrilə, əyrilə axır. Deyirlər burda dünyanın bütün əyriləri qurtarır, burdan yuxarı bizim dağlara qalxmır… Amma radarlar qurtarmır, Şəkidən Qaxa qalxır, bizim dağlara çıxır…
Burdan yuxarı yollar yaşıl tunellərə girir, günəşin də gözündən gizlənir, amma radarların gözündən gizlənə bilmir… Yad radarlar yaşıl tunellərdə gizlənir, dogma yollardan keçən hər maşına qənim kəsilir. Yaşıl tunellərin təbiəti də, uca dağların əzəməti də adamın gözündən gəlir…
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!