Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 15:15

“Əbədiyyət gülüyəm mən” – deyən böyük Məhəmmədhüseyn Şəhriyar anıldı…

Məhəmmədhüseyn Şəhriyar (1906-1988)

Böyük Azərbaycan şairi – əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində hüquqşünas  Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Uşaq yaşlarından şeir yazmağa başlayan kiçik Məhəmmədhüseynin ilk şeirlərini 7 yaşından yazmağa başladığı haqda məlumat vardır. Doğma Azərbaycan türkcəsində və fars dilində bir-birindən gözəl əsərlər yazan şairin əvvəllər şeirlərini “Behcət” təxəllüsü ilə qələmə aldığı, daha sonralar isə bu təxəllüsü bəyənmədiyindən, özünə “Şəhriyar” təxəllüsü götürdüyü deyilir. Şair ömrünün sonunadək “Şəhriyar” təxəllüsü ilə bir-birindən gözəl əsərlər yazmışdır ki, bu, yaradıcılığının ən şah zirvəsi onun məşhur “Heydərbabaya salam” poemasıdır.

İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan və Molla Ağa Məhəmməd Bağırdan alan Məhəmmədhüseyn, daha sonra təhsilini Təbrizin “Füyuzat” və “Müttəhidə” mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. Şairin ilk gənclik eşqi olan Sürəyyaya olan sonsuz sevgisi şeirlərinin əksəriyyətinin bu gözəl xanıma həsr olunması ilə nəticələnir. Lakin qohumları bu izdivaca qəti surətdə etiraz edərək, Şəhriyara təzyiq göstərir, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar. Nəticədə, Şəhriyar ali təhsilini yarımçıq qoymağa məcbur olur… Sürəyyaya bəslədiyi intəhasız sevgi hissləri şairi heç vaxt tərk etmir və o, belə bir deyim işlədir ki, “Sürəyyanın eşqi olmasaydı, mən şair yox, həkim olardım”.

Beləliklə, İranın müxtəlif şəhərlərində yerli idarələrdə məmur kimi işləyən gənc Şəhriyar, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlir.  Təxminən 20 ildən sonra Təbrizə gəlir və 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə adlı xanımla evlənir. Onların bu izdivacdan Şəhrizad, Hadi və Məryəm adlı övladları dünyaya gəlir. Həyat yoldaşı Əzizə xanımın dünyasını vaxtsız dəyişməsi Şəhriyarı olduqca sarsıdır, böyük şair həyatının alt-üst edən bu hadisədən sonra təskinliyi ancaq özünü bütünlüklə yaradıcılıq və ədəbiyyata  sərf etməkdə tapır.

Təəssüflər olsun ki, Azərbaycan xalqının böyük oğlu Seyid Məhəmmədhüseyn Şəhriyar ömrü boyunca Quzey Azərbaycanın həsrəti ilə yaşasa da, ona Bakını və buradakı şair dostlarını görmək, canı qədər sevdiyi qan qardaşlarını bağrına basmaq qismət olmayıb. Bu yolda şairin qarşısında süni əngəllər yaradılsa da, şairin ruhu vətən göylərini aşaraq, otaylı-butaylı Azərbaycanımızın zəngin mənəvi xəzinəsinin yaradılmasını təmin etmişdir. Şairin külliyyatı dəfələrlə nəşr olunaraq şəhriyarsevərlərin ixtiyarına verilmişdir.

***

17 iyun 2026-cı il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 120  illik yubileyi münasibətilə anım tədbiri keçirmişdir. Tədbiri Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev açaraq, M.Şəhriyarın ömür və yaradıcılıq yolu barədə məlumat vermiş, şairin bənzərsiz yaradıcılığının otaylı-butaylı Azərbaycan ədəbiyyatındakı müstəsna yerindən danışmışdır.

Sonra söz uzaq Amerikadan gəlmiş Təbriz əsilli ziyalı xanım, “Əli Haqşünas Fondu”nun prezidenti Rübab Haqşünasa verilmişdir. Rübab xanım doğulub boya-başa çatdığı Təbrizdə yaşadığı gənclik illərini, Şəhriyarla baş tutmuş unudulmaz görüşünü xatırlamışdır. Təxminən 40 il bundan qabaq böyük şairin evində yaxınları ilə birlikdə bu dahi şəxsiyyəti ziyarət etdiyindən danışmış, xatirələrini bölüşmüş, şairlə çəkdirdikləri şəkilləri təqdim etmişdir. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Folklor İnstitutu Xarici ölkələrlə əlaqələr şöbəsinin müdiri, tədqiqatçı-alim Əli Şamil, Təbriz əsilli ictimai fəallardan Yədulla Kənani, Cavad Həssas Təbrizli, Behruz Aslani, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu, Şəhriyar irsinin tədiqatçıları – filologiya elmləri doktorları Esmira Fuad, Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Fikrət Süleymanoğlu, Qiymət Məhərrəmli və digər ziyalılar Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan və dünya ədəbiyyatı xəzinəsindəki yeri və mövqeyi haqqında maraqlı çxışlar etmişlər. Şairin əsərlərindən nümunələr səsləndirilmişdir. Şəhriyar yaradıcılığının vurğunu, eyni zamanda xalq və klassik musiqimizi özünəməxsus şəkildə ifa edən Güneyli soydaşımız Behruz Aslani, bəstəkar-müğənni Hikmət Oğuz ifa etdikləri bənzərsiz musiqi nömrələri ilə məclisə xüsusi rəng qatmışlar. Tədbirdə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları ilə yanaşı, otaylı-butaylı Azərbaycanımızın dəyərli ziyalıları, o cümlədən 1985-ci ildən Almaniyanın Hamburq şəhərində yaşayan Məhəmməd Xəlili, onun həyat yoldaşı Mələk xanım, Azərbaycan Konservatoriyasının və Tibb Universitetinin məzunu, qarmon ifaçısı Mahmud Bayraq, həkim Ruhəngiz xanım və digər qonaqlar iştirak edirdilər.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!