Eldar İsmayılovun “Azərbaycan dünyası” jurnalının 25, özünün isə 75 illik yubileyi keçirildi – FOTOLAR  

Oxunma sayı: 379

Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində  (BMM) “Azərbaycan dünyası” beynəlxalq  jurnalının yaranmasının 25, eyni zamanda jurnalın təsisçisi və baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun yaradıcısı – prezidenti, ictimai xadim, mesenat, türkoloq, publisist  Eldar İsmayılovun (Eldar İsmayıl) 75 illik yubileyinə həsr olunan gecə keçirildi.

***

Oxucuların diqqətinə çatdıraq ki, 1949-cu il iyulun 7-də Azərbaycan Bakı şəhərində ziyalı ailəsində anadan olan Eldar İsmayıl oğlu İsmayılov ilk ali təhsilini Moskva şəhərində – Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində alıb. İllər sonra Dərbənd Humanitar Universitetinin filologiya fakültəsində rus dili və ədəbiyyatı ixtisası üzrə ikinci ali təhsilə yiyələnib.

SSRİ-nin çöküşündən sonra səhmdar cəmiyyətini yaradır və Türkiyə, Ukrayna və İsveçrə ilə əməkdaşlıq edərək bizneslə məşğul olub, daha sonra heraldika müəllif şirkətini yaradıb. Azərbaycan üçün suvenirlər, mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edib.

İllərlə iş fəaliyyətində uğur qazanmış Eldar İsmayılov xeyriyyəçiliklə də məşğul olur.

Nəhayət, böyük vətənpərvər artıq 25 yaşı qeyd edilən “Azərbaycan dünyası” beynəlxalq jurnalını yaratmağa qərar verir və 2000-ci ilin mart ayında jurnalın ilk nömrəsi işıq üzü görür. Üc dildə – azərbaycan, rus, ingilis dillərində nəşr edilən bu nəfis tərtibatlı jurnalın əsas qayəsi, məramı Türk xalqlarının sarsılmaz birliyini qorumaq, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın həmrəyliyini daha da gücləndirmək, eyni zamanda xalqlar və ölkələr arasında qardaşlıq, dostluq əlaqələrinə nail olmaqdır, hansı ki, yubiley gecəsində qarşıya qoyulan məqsədə çatıldığı da bəlli olurdu.

Jurnal bu illər ərzində Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İsrail, ABŞ, Moldova, Ukrayna, Rusiya, İsveçrə, Almaniya, Rumıniya və digər dünya ölkələrində dünya azərbaycanlılarına həsr olunmuş çoxlu sayda layihər həyata keçirib.

Əsasən, azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılan jurnalda soydaşlarımızın siyasi fəaliyyəti, eyni zamanda iqtisadi və mədəni nailiyyətləri işıqlandırılmaqdadır.

***

Qeyd edək ki, yubiley gecəsində dövlət rəsmiləri, xarici diplomatlar – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Ukrayna və İsrail səfirliklərindən səfir və nümayəndələr, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər.

Tədbirdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra “Azərbaycan dünyası” beynəlxalq jurnalı və “Dədə Qorqud” Milli Fondunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Moderatoru musiqişünas Nərgiz Kərimovanın olduğu tədbirdə açılış nitqi ilə çıxış edən BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə yubilyarı təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı və BMM-nin təbrik məktubunu təqdim etdi.

Daha sonra Eldar İsmayılov çıxış edərək jurnal barədə ətraflı məlumat verdi.

“O, “Dədə Qorqud” Fondunun təsis etdiyi ordenlərə ölkəmizin rəsmi şəxsləri, ictimai xadimləri və ziyalıları layiq görülmüşlər. Jurnalın səhifələrində müstəqil Azərbaycanın, eyni zamanda ölkədən kənarda yaşayan yurddaşlarımızın siyasi, iqtisadi və mədəni nailiyyətləri işıqlandırılır, təbliğ edilir. “Azərbaycan dünyası” diasporumuzun görən gözü, danışan sözüdür!”, – deyə qeyd etdi.

Yubilyar jurnalın dünyaya sülh naminə “Dədə Qorqud” mükafatının, “Turan”, “Vətən Övladı”, “Qızıl Ürək”, “Ulu Türk”, “Ədalət Qılıncı”, “Həzi Aslanov”, “Albert Aqarunov” və “Mehriban Ana” ordenlərinin və Veteran döş nişanının təsisçisi olduğunu bildirdi, eyni zamanda diqqətə çatdırdı ki, “Dədə Qorqud” jurnalının idarə heyətinin fəxri üzvləri akademiklər, ziyalılar və görkəmli ictimai-siyasi xadimlərdir.

Haşiyə: Eldar İsmayılov 2013-cü ildən Azərbaycan Veteranlar Təşkilatı İdarə Heyətinin üzvüdür. 2016-cı ildən Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidentidir. 2010-cu ildən Dağıstan Respublikasının Dərbənd şəhərinin fəxri vətəndaşıdır. 2013-cü ildən Şimali Kipr Türk Respublikasının Demokrat Partiyasının Azərbaycandakı fəxri nümayəndəsidir.

O, “Azərbaycan Xalq Diplomatiyası” mükafatı ilə, BMT-nin nəzdində Beynəlxalq İctimai Fondunun – “Altın Kıran” ordeni, mesenatlığına görə Ukrayna Pravoslav Kilsəsinin “II Müqəddəs Vladimir” ordeni, Əl-Farabi adına Qazax Xalq Universitetinin (KazNu) yubiley medalı ilə təltif olunub.

Eldar İsmayılov bir çox Avropa və beynəlxalq universitetlərin fəxri professorudur, eyni zamanda İstanbul “Yeditepe” Universitetinin Fəxri doktorudur.

***

Tədbirdə Azərbaycan və Ukrayna respublikaları arasında dost və qardaş münasibətlərinin inkişafi və qorunub saxlanılmasında xidmətləri olan Ukraynanın Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Yuriy Husyev də iştirak edirdi. Səfir qonaqları Azərbaycan dilində salamladıqdan, yubilyarı təbrik etdikdən sonra təbrik çıxışını ana dilində davam etdirdi.

Ukraynalı səfir Eldar İsmayılova səfirliyin təbrik məktubunu və üzərində Ukraynanın milli arnamentləri olan hədiyyə təqdim etdi.

Yuriy Husyevə təşəkkür edən yubilyar ona “Dünyaya Sülh Naminə Dədə Qorqud” mukafatını təqdim etdi.

İsrail səfirliyinin nümayəndəsi Sofya Qrinberq isə çıxışı zamanı Eldar İsmayılova İsrailin Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfirinin təbrik məktubunu və özünün xüsusi hədiyyəsini təqdim etdi.

Təbrik üçün Özbəkistandan təşrif gətirən “Özbek Kadın Hakları” Dərnəyinin başkanı Ozoda İslomova yubilyara “Özbek Kadın Hakları” Dərnəyinin “Vatan Onuru” ordenini təqdim etdi, eyni zamanda ölkəsinin milli geyimi olan – qızıl iplərlə işlənmiş xalat hədiyyə etdi.

Heydər Əliyev adına “Azərbaycan-Qazaxıstan” cəmiyyətinin sədri Eldar Günaydın (Eldar Adıgözəlov) isə  Eldar İsmayilova Türk dünyası naminə gördüyü xidmətlərinə görə Türk Dünyasının böyük mükafatı olan “Qızıl Qələm” mukafatını, Qazaxıstandan göndərilmiş qazax xalqının milli geyimi olan xalatı təqdim etdi.

Tədbirdə general Pərviz Musayev, general Nazim Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “Carçı” jurnalının rəhbəri Gülnarə Əmirquliyeva və digərləri təbrik çıxışları etdilər.

Musiqişünas Nərgiz Kərimova  Eldar İsmayılova Türk dünyasının “Qorqud Ata” mukafatını təqdim etdi.

Təbrik üçün söz alan Əməkdar incəsənət xadimi, “Dədə Qorqud” Milli Fondunun vitse-prezidenti, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının Türkiyə üzrə təmsilçisi professor Rafiq Əziz türkçülüyün tarixi irsinin qorunması və beynəlxalq aləmdə tanınması uğrunda əvəzsiz xidmətlərinə görə Eldar İsmayılovu Fondun İdarə heyətinin  qərarı ilə “Turan” ordeni ilə təltif etdi.

Çıxış edənlərdən – Fondun vitse-prezidenti Rüfət Həsənov da fondun və jurnalın fəaliyyəti barədə geniş məlumat verdi.

Tədbirdə Əməkdar artist, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadəyə, musiqişünas Nərgiz Kərimovaya, “Azərbaycan dünyası” jurnalının əməkdaşları Sabir Dadaşov və Zarema Dadaşovaya, Əməkdar artist Tural Ağasıyevə və pianoçu Sevda İsgəndərovaya “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi ordenlər təqdim olundu.

Gecənin bədii hissəsində Xalq artisti Sərxan Sərxanın, Əməkdar artist Tural Ağasıyevin, pianoçu Fərəh İsmayılovanın, Əvəzağa Hacıyevin və digər sənətçilərin ifaları təqdim olundu.

***

Beləliklə, gözəl bir gecənin sonu gəldi! Və bu gecə, əslində Eldar İsmayılovun 75 illik həyat yoluna bir baxış idi. Onu təbrikə gələnlər bu gecədə yubilyarı bir daha tanıdılar, onu bir daha sevdilər, onun yaşadığı bu şərəfli ömrü film kimi seyr etdilər – sözün hər iki mənasında.

Bu tədbir sıradan biri deyildi: Eldar İsmayılovun, sanki  həm özü, həm də ictimaiyyət qarşısında hesabat gecəsiydi. İllərlə bütün enerjisini, həyatını – həm maddi, həm də mənəvi cəhətdən Azərbaycanın xarici ölkələrdə təbliğinə, böyük turançılığa, türkçülüyə həsr etmiş bu böyük insanı düşündürən, yalnız ölkəsinin xoş gələcəyi, xaricdə yaşayan yurddaşları ilə əlaqələrin möhkəmləndirilməsi, onların da vətənlərinin bir parçası olmalarını unutmaması üçün “Azərbaycan dünyası” beynəlxalq dərgisini yaradaraq bu yükə çiyin verməsi olub. Hansı ki, zamanında – illər öncəsi bu jurnalı dərc etdirmək indiki qədər asan deyildi.

***

Bu gecə – Eldar İsmayılovun böyük şövqlə sevdiyi işə daha bərk sarılması üçün stimul verdi, yeni zirvələr fəth etməsi üçün tramplin oldu. İnanırıq ki, vətən fədaisi, dövlətini, xalqını sevən  Eldar İsmayılovun ürəyinin bir parçası olan “Azərbaycan dünyası” dərgisinin fəaliyyəti daha böyük populyarlıqla davam edəcək.

Yasəmən MƏMMƏDLİ

Xəbəri paylaş

30 Aprel