…Artıq inkarı mümkün deyil ki, texnologiyanın və sosial şəbəkələrin sürətli inkişafı dünyada olduğu kimi, Azərbaycanda da ənənəvi medianı arxa plana keçirib. “Sosial jurnalistika” artıq bir reallıqdır və internet mediasının ənənəvi medianı əvəz etməsi təbii proses və yeni tarixi səhifədir.
Bu gün ənənəvi medianın müəyyən qədər qorunmasına göstərilən cəhdlər informasiya istehsalından çox, onun idarə olunması, təsir və təbliğat imkanlarının saxlanılması ilə bağlıdır. Ancaq reallıq ondan ibarətdir ki, ənənəvi media əvvəlki mövqeyini və etibarlı informasiya mənbəyi statusunu sürətlə itirməkdədir.
Əlbəttə ki, bunun əsas səbəbi ənənəvi medianın hələ də XX əsrdə formalaşmış manipulyativ informasiya modelindən qopa bilməməsidir. Ənənəvi media hələ də müasir informasiya mühitinin tələblərini qəbul etməkdə acizdir və köhnəlmiş düşüncə ilə yeni informasiya məkanına hökm etməyə çalışır. Təbii ki, nəticədə yenə özü uduzur.
Ənənəvi medianın, o cümlədən rəsmi medianın nüfuzdan düşməsinin səbəbi yalnız sosial media və internet jurnalistikasının inkişafı deyil. Bunun başlıca səbəblərindən qeyri-sağlam rəqabət, peşəkarlığın arxa plana keçirilməsi, saxtakarlıq, təsadüfi şəxslərin “ekspert”, “analitik”, “sənətkar” və sair yararsızların cəmiyyətə sırınması, millilik və mental dəyərlərə hörmətsizlikdir.
Bu gün ənənəvi medianın yaşadılmasına edilən cəhdlər daha çox müəyyən dairələrin maraqlarına xidmət edir. Lakin artıq gündəmi formalaşdıran ənənəvi media deyil, sosial media və sosial jurnalistikadır. Ənənəvi media sosial jurnalistikanın operativliyi, çevikliyi və milyonlarla insana birbaşa çıxışı qarşısında məğlubdur.
Mən bunu öz fəaliyyətimdə də aydın görürəm. Yazılarımın hər hansı mətbuat orqanında dərc olunmasındansa, sosial mediada paylaşılması qat-qat böyük auditoriyaya çatır. Bir paylaşım yüz minlərlə oxucu və izləyiciyə çatdığı halda, ənənəvi medianın bu imkanları artıq xeyli məhdudlaşıb.
Məhz buna görə də “sosial jurnalistika” anlayışı artıq hüquqi və peşəkar müstəvidə qəbul edilməlidir. Son dövrlərdə Azərbaycanda internet mediası ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər də məhz bu reallıq və çağırışlarla ayaqlaşmaq məqsədi daşıyır.
Ənənəvi medianı öz təsir alətinə çevirmiş dairələr artıq bir həqiqəti qəbul etməlidirlər: informasiya məkanında üstünlük əldən çıxıb. Sosial media və sosial jurnalistika artıq alternativ deyil, əsas informasiya platformasıdır və bu reallığı heç bir inzibati resurs, heç bir manipulyasiya dəyişdirə bilməz.
Vüqar Dadaşov
Azərbaycan Yazıçılar, Jurnalistlər Birliyinin üzvü