Azərbaycanda ətin qiyməti bəhanələrlə qaldırılır… Gah ot bahadır, gah örüş yeri azalıb, gah dabaq xəstəliyi və sair… Amma maraqlıdır ki, ərazisi Azərbaycandan 3 dəfə kiçik Gürcüstanda nə dabaq xəstəliyi olur, nə də otun qiyməti bahalaşır… Bu da sübut: bu ilin yanvar-sentyabr aylarında Gürcüstan son 15 ilin rekord həddində – 58,05 milyon ABŞ dolları dəyərində- 17 min 493 ton mal-qara ixrac edib. Tezadlar.az Gürcüstan Milli Statistika Xidmətinə istinadla bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan mal-qaranın dəyəri 54,5 %, həcmi isə 34,3 % artıb. İxrac bazarlarında əsas ölkələr İraq və Azərbaycan olub. Belə ki, İraqa 36,8 milyon ABŞ dolları dəyərində 11 283 ton, Azərbaycana isə 21,2 milyon ABŞ dolları dəyərində 6 210 ton mal-qara göndərilib.
Xatırladaq ki, 2019-cu ildən Gürcüstandan çəkisi 140 kiloqrama qədər olan mal-qaranın ixracına qadağa qoyulmuşdu. Daha sonra bu məhdudiyyət 160 kiloqrama qədər artırılmışdı.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin isə bəlli qiymət artımında həmişə bir bəhanəsi olur: fermerlərin işinə qarışmırıq! Yaxşı, fermerin də işinə qarışmırsa, onda bu nazirlik hansı işin qulpundan yapışır??? Yəni, kənd təsərrüfatımızın hansı probleminə məsuldur???
A.Məmmədli






