Ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin fundamental bazasıdır!
Tarixə qısa ekskursiya edək: 1996-cı ildə qəbul olunmuş Ümumdünya Ərzaq Təhlükəsizliyi üzrə Roma Bəyannaməsində qeyd edilir ki, insanların fasiləsiz qidaya çıxış hüququnu təmin etmək hər bir dövlətin vacib vəzifəsidir! Bu o deməkdir ki, ərzaq təhlükəsizliyi dövlətin kənd təsərrüfatı və iqtisadi siyasətinin əsasını təşkil etməlidir. O ümumi formada istənilən milli qida sisteminin ideal vəziyyətə doğru hərəkət vektorunu təşkil edir. Bu mənada, ərzaq təhlükəsizliyinin təminatı həyati əhəmiyyətli bir prosesdir. Buna nail olmaq üçün isə müntəzəm olaraq inkişaf prioritetlərində və kənd təsərrüfatı siyasətinin həyata keçirilməsi mexanizmlərində köklü dəyişikliklər edilməlidir. Bütün bunlar isə təbii olaraq ticarət şəbəkələrinin dayanıqlı, etibarlı və fasiləsiz fəaliyyətindən asılıdır…
***
Araşdırma yazının mükəmməl olması üçün Azərbaycanın, Rusiya, Türkiyə və Gürcüstanın, eləcə də Almaniyanın… aidiyyəti sahə üzrə statistikasını öyrənməli oldum. Məlum olur ki, hansı ölkədə şəbəkə ticarəti ilə qida istehsalçıları arasında birbaşa əlaqələr var, həmin ölkədə (bölgədə) insanların ərzaq(qida) təhlükəsizliyi təmin edilir.
Yerinə düşər qeyd edək ki, Ümumdünya Ərzaq Təhlükəsizliyi üzrə Roma Bəyannaməsində nəzərdə tutulan ərzaq təhlükəsizliyinin istiqamət və şərtlərində də kifayət qədər təhlükəsiz və zəngin qidanın fiziki bolluğu, eləcə də əhalinin bütün sosial qrupları üçün tələb olunan daha çox çeşidli və keyfiyyətli ərzağa əlçatanlığı, nəhayət, ərzaq təhlükəsizliyinin etibarlılığı xüsusi önəm daşıyır. Qısası, bu iqtisadi və ticari siyasətin ana xəttini isə ərzaq təminatının müntəzəmliyi və etibarlı təminatı təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün birlikdə çalışırlar. Amma yenə də ərzaqların ünvanına necə çatdırılması önəm daşıyır. Bu isə təbii ki, ticarət şəbəkələrinin sayəsində mümkündür.
Azərbaycan da bu qurumlarla uzun illərdir əməkdaşlıq edir və şükürlər olsun ki, bəzi dünya ölkələrindəki aclıq və yoxsulluq kimi problemlər ölkəmizdən çox uzaqdır. Və nəinki bunlar yoxdur, əksinə, Azərbaycan hər il yoxsul ölkələrə ərzaq yardımı etməkdədir. Təkcə 2017-ci ildə daşqınlar və quraqlıq səbəbindən Əfqanıstan, Nepal, Pakistan, Banqladeş, Şri Lanka və Yəməndə 21 milyondan çox insan ərzaq böhranı ilə üz-üzə qalmışdır. Yerinə düşər qeyd edim ki, Əfqanıstanda ailələrin təqribən 35%-i indi də lazımi qida təminatından məhrumdur, nəticədə 5 yaşa qədər uşaqlarda çəki azlığı, geriləmə və zəifləmə halları da çox yüksəkdir.
Qida təhlükəsizliyi Meksika üçün bütün tarix boyu problem olub. 2020-2023-cü illər arasında Meksikanın ümumi ərzaq ehtiyatı Meksika əhalisinin ehtiyaclarını ödəmək üçün kifayət qədər yüksək olub. Hətta adambaşına orta hesabla 3270 kilokalori olsa da, Meksika ştatında əhalinin ən azı 10%-i ərzağa əlçatanlıqda geridə qalır.
Ərzaq var, amma satış və çatdırılma şəbəkəsi yoxdursa…
2019-cu ildə Sinqapur tələbatına görə tərəvəzlərin yalnız 13%-ni, yumurtanın 24%-ni və balıqların 9%-ni istehsal edə bilib. Halbuki 1965-ci ildə tərəvəzlərin 60%-ni, ev quşlarının 80%-ni və yumurtanın 100%-ni istehsal edə bilirdi. Bəs nə baş verir? Məlum olur ki, ölkənin bir çox yerində ərzaq var, amma digər yerinə isə çatdırılma-bölgü yoxdur…
Milli Ərzaq Təhlükəsizliyi Tədqiqatı ABŞ-da ərzaq təhlükəsizliyini ölçmək üçün istifadə edilən əsas sorğu alətidir. İqtisadi Tədqiqatlar Xidməti hesab edir ki, 2019-cu ildə ABŞ-da ailələrin 14,5%-i (17,6 milyon əhali), 2018-ci ildə 11,1%-i (14,3 milyon) ərzaq təminatından məhrum olub. Səbəb isə ştatlar arasında şəbəkə marketlərinin zəif olmasındadır.
Konqo Demokratik Respublikası Afrikanın ikinci ən böyük ölkəsidir və ərzaq təhlükəsizliyi ilə daim üzləşir. Təbii ehtiyatların bolluğuna baxmayaraq, ölkədə əsas ərzaq məhsullarına çıxış yoxdur, çünki istehsal az da olsa var ikən, ticari şəbəkələşmə yoxdur!
Nəhayət, Rusiyada ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət iqtisadi siyasətinin məqsədləri, vəzifələri və əsas istiqamətləri ilə bağlı rəsmi fikirlər toplusunu müəyyən edən əsas sənəd Prezidentin 2010-cu ildə imzaladığı fərmanı ilə təsdiq edilmiş Rusiya Federasiyasının Ərzaq Təhlükəsizliyi Doktrinasıdır. 2019-cu ildə Rusiya Təhlükəsizlik Şurası doktrinanın yeni versiyasını hazırlayıb. 2020-2024-cü illərin statistikasına görə, Rusiya ərzaq təhlükəsizliyi baxımından 113 ölkə arasında 24-cü yerdə qərarlaşıb, Polşanı geridə qoyub və Rusiyada qlobal yoxsulluq həddində yaşayan əhalinin payı Polşadan üç dəfə azdır. Bu, Corteva Agriscience-in dəstəyi ilə «The Economist Intelligence Unit» analitikləri tərəfindən doqquzuncu dəfə hazırlanmış Qlobal Qida Təhlükəsizliyi İndeksindən irəli gəlir. 2020-ci ildə Rusiya Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini demək olar ki, iki dəfə artırıb, hansı ki, Rusiya 2019-cu ildə yalnız 42-ci yerdə olub.
Şəbəkə marketləri ərzaq təhlükəsizliyində körpü kimi…
Xatırladım ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanda dövlətin iqtisadi siyasətinin əsas şərtidir. Həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 faiz artıb. Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz, bitkiçilikdə isə 2,7 faiz təşkil edib. Və dövlətin sahibkarlara, iş adamlarına, fermerlərə olan dəstək tədbirləri ilə ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, kartof, yumurta, ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb və s.
GƏLİRƏM MƏTLƏBƏ: bəs ölkəmizdə istehsal olunan və ya idxal edilməsinə zərurət yaranan məhsullara əlçatanlıq necə təşkil edilir və ya necə edilməlidir?
Təbii ki, Azərbaycanda orta nəsil 10-20 il keçmişdə ərzaq təminatının ticari müstəvidəki vəziyyətini yaxşı xatırlayır. Sual olunur: torpaq həmin torpaqdır, istehsal az qala eynidir, amma niyə həmin dövrlərdə zəruri ərzaqlara-kənd təsərrüfatı məhsullarına operativ əlçatanlıq arzu olunan səviyyədə deyildi? Cavab: çünki istehsalçı ilə ticarətçi arasında körpü-əlaqə yox idi, yaxud lazımi vəviyyədə deyildi…
Azərbaycanda ticari şəbəkələşmə siyasəti və ərzağa əlçatanlıq səviyyəsi…
Məlum məsələdir ki, fermer və ya sahibkar istehsal etdiyi məhsulu, yaxud iş adamı ölkəyə idxal etdiyi ərzaq mallarını vaxtında istehlakçıya əlçatan etməsə, onun ticari siyasəti müflisləşməyə gətirib çıxarmalıdır. Bəli, əvvəllər ölkədə, xüsusən də əhalinin təmərküzləşdiyi Bakı şəhərində kiçik marketlər (ticarət obyektləri, dükanlar) var idi. Lakin bu marketlər məhdud çeşidli məhsulları, özü də az miqdarda satışa çıxara bilirdi. Necə deyərlər, mal var – satmağa məkan-yer yoxdur… Amma bunun da yolu tapıldı. İş adamları və sahibkarlara yaradılan münbit şərait ona gətirib çıxardı ki, Azərbaycanda şəbəkə marketlərinin yaradılmasına başlanıldı.
Qısa deyim, istehlakçı artıq bilir ki, əvvəllər tələb olunan ərzaq məhsullarını 4-5 marketdən alıb evinə apara bilirdisə, indi bir şəbəkə marketində nəinki ərzaq, həm də bütün sənaye və xırdavat məhsullarını da almaq mümkündür. Beləliklə, ən qiymətli vaxt itkisi minimuma düşmüş oldu.
Azərbaycanda marketləşmə və ərzaq təhlükəsizliyində onların rolu…
Biz şəbəkə marketlərinin ərzaq təhlükəsizliyimizdəki rolundan danışırıqsa, gəlin real rəqəmlərə də istinad edək. Qeyd edim ki, son 20 ildə ölkəmizdə şəbəkə marketlərinin formalaşması yüksək nəticələrə gətirib çıxarıb. Təsəvvür edin ki, artıq Dövləti Vergi Xidməti hər il ən çox vergi ödəyən şəbəkə marketlərin siyahısını dərc edir. Məsələn, bir zamanlar illik vergi ödəməsi 50-100 min manat olan şəbəkə marketlərinin indi büdcə ödəmələrindəki xüsusi çəkisi adama inandırıcı gəlmir. Məsələn, 2024-cü ildə 100 ən böyük vergi ödəyiciləri arasında Veysəloğlu Şirkətlər Qrupunun adına rast gəlirik. Bu şirkətə daxil olan “Araz Supermarket” MMC 2024-cü ildə dövlət büdcəsinə 36,7 milyon manat köçürüb. Şirkətə daxil olan “Oba market” MMC isə ölkə üzrə 2-ci yerdə qərarlaşıb: 23,5 milyon manat!
3-cü yerdə “Azərbaycan Supermarket” MMC-yə aid olan “Bravo” marketlər şəbəkəsidir- 20,8 milyon manat!
Beləliklə, siyahıda belə bir ardıcıllıq var: “Bazarstore” MMC- 14,1 milyon manat, “Grand Mart” MMC- 13,6 milyon manat və s.
Bəs şəbəkələşmə Azərbaycan istehlakçısına və dövlət büdcəsinə daha nə verir?
Məsələ ondadır ki, indi hansı ticarət şəbəkəsi ərzaq məhsullarının istehsalçıları ilə birbaşa əlaqədədirsə, həmin şəbəkədə ərzaq təminatı maksimumdur, qazanc daha yüksəkdir. Belə ki, məlum məsələdir, istehsalçı becərdiyi məhsulu böyük bir çətinliklə və çox ucuz qiymətə topdansatış məntəqələrinə verir, sonuncular isə özlərinin istədikləri qiyməti müəyyənləşdirib ticarət şəbəkələrinə satırlar. Sonda isə nəinki qiymət bahalığı yaranır, həm də istehsalçı maya dəyərinə yaxın qiymətə razı olmayıb növbəti ildə həmin məhsulun istehsalçısı olmaq istəmir. Çoxsaylı təsərrüfatlar var ki, həm bostan məhsulları, həm də meyvə istehsalı ilə məşğul olmaqdan vaz keçməli olub: yəni, xərci borcunu ödəmədiyinə görə. Amma Beyləqandan olan fermer Ramiz Məmmədovla olan söhbətimizdə maraqlı nəticəyə gəldim. Deyir: «Biz rayonun «Örən Qala» ərazisində müxtəlif növ bostan məhsulları yetişdiririk. Əvvəllər məhsulu Bakıya aparıb «Meyvəli bazar», yaxud paytaxtın digər kolxoz bazarlarında satmağımız üçün minbir əziyyət və xərc çəkməli olurduq. Artı iki ildir «OBA» marketin əməkdaşları kimi tanıdığımız işçilər var, qiyabi şərtlərimizə uyğun hər növ məhsulları məntəqə tipli yerdə tədarük edərək ilboyu onlara veririk. Həm bizə sərfəlidir, həm də onlara. Satış mağazaları da əmindir ki, biz ilboyu ət, süd, qatıq, yağ, soğan, yumurta, meyvə, kartof və s. məhsulların becərəniyik, istehsalçısıyıq və məhsulu da yalnız onlara veririk. Beləliklə, ərzaq təminatlarında problem yoxdur, üstəlik, təbii məhsullarımızdır. Ortada inam və etibar isə əsas şərtdir…».
Şəbəkələşmənin coğrafiyası hansı sərhədləri keçir?
Dövlət Statistika Komitəsinin məlumat bazasında sevindirici rəqəmlərlə rastlaşıram: təsəvvür edin, 2016-cı ildə yaradılmış «OBA» market şəbəkəsinin indi ölkə üzrə 1200 mağazası var. Bu qədər mağazaların ərzaq təminatı varsa, deməli, bu həm də ölkədə ərzaq təhlükəsizliyinə bir təminat deməkdir!
Siyahını artıra bilərik: 2014-cü ildə təşkil edilmiş «AL Market»lər şəbəkəsinin indi 800, 2011-ci ildə yaradılmış “Araz Market”in isə hazırda 400 mağazası, 1999-cu ildə yaradılmış «Bazar Store»nin 87 ticarət mərkəzi var. 2016-cı ildə istehlakçılarla görüşə gələn «Bravo» marketlər şəbəkəsinin isə hazırda 133 mağazalar şəbəkəsi var.
Digər şəbəkə marketlərinin siyahısı isə belədir: «Rahatmarket» (2009)-77, «Bolmarket» (2004)- 40, «Grandmarket»(2004) -30, «Megastore» (2010) -21, «Neptun» (2003) -22, «Spar» (2025)- 11 və «Tamstore» (2023)- 54 və s. Nəticə bundan ibarətdir ki, ölkədə şəbəkə marketlərinin fəaliyyətinin genişlənməsi həm də müntəzəm təminatlı ərzaq bolluğu deməkdir! Və bütün bunlar ölkədə ərzaq təhlükəsizliyinin qarantı deyilmi?!
Yasəmən MƏMMƏDLİ
(Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur).