…Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Yutub kanalların birinə verdiyi müsahibədə kürd xalqının tarixi, milli kimliyi və Azərbaycandakı varlığı barədə kəskin ifadələr işlədib.
Onun fikirləri ciddi narazılıq yaradıb. Adında “demokratiya” sözünün olduğu bir partiya sədrinin kürd xalqı ilə bağlı aşağılayıcı bənzətmələr aparması və etnik sabitliyinin pozulmasına yönləndirilən fikirlər səsləndirməsi indiki situasiyada ciddi suallar ortaya qoyur. S.Cəlaloğlu kifayət qədər mütaliəli və təcrübəli siyasətçidir. Məgər o, bir xalq haqqında kəskin fikirlər səsləndirəndən sonra ciddi narazılıqla qarşılaşacağını bilmirdi? Təbii ki, bilirdi. O zaman buna nə zərurət var idi?! Düzdür, S.Cəlaloğlu müəyyən mənada geri addım ataraq üzr istədi.
Amma ardınca başqa bir partiyanın – Müsavatın funksioneri Arif Hacılı kürdlərlə bağlı mübahisəli fikirlər səsləndirdi:
“…kimsə izah edə bilərmi ki, niyə Azərbaycan əhalisinin 1 faizini belə təşkil etməyən bir millətin nümayəndələri, bəzi məlumatlara görə, Azərbaycan Milli Məclisinin 20 faizdən çoxunu təşkil edir, yüksək dövlət vəzifələrinin isə bəlkə də bundan da böyük faizinə sahibdir?!”.
Onun deputatların 20 faizdən çoxunun kürd əsilli şəxslərdən ibarət olması ilə bağlı fikri kifayət qədər ciddi iddiadır. Əgər bu belədirsə, vaxtilə ölkənin ən böyük siyasi partiyası kimi qəbul edilən Müsavat rəhbərliyində təmsil olunan şəxs niyə partiya nizamnaməsi ilə ziddiyyət təşkil edən belə bir fikir səsləndirir? A.Hacılı Zaqatala rayonunun Yuxarı Tala kəndindəndir. Onun rəsmi sənədlərində milli mənsubiyyəti ilə bağlı nə yazıldığını bilmirik. Eyni zamanda, onun özünün də tarixən həmin kənd əhalisinin mühüm hissəsini təşkil etmiş ingiloy icmasına mənsub olub-olmaması barədə açıq və təsdiqlənmiş məlumat yoxdur. Əgər belə olsaydı, etnik mənsubiyyəti olan bir siyasətçinin başqa etnik qrup haqqında bu cür bölücülük kimi qiymətləndirilə biləcək fikirlər səsləndirməsi nə dərəcədə doğru olardı!?
Məsələ bununla da yekunlaşmadı. Ardınca “Ümid” partiyasının sədri İqbal Ağazadə sosial şəbəkədə Azərbaycanın etnik tərkibinə dair, 2019-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə əsaslanan statistik məlumat paylaşdı. Həmin statistikaya görə, ölkə əhalisinin 91,6 faizi azərbaycanlılardan (türklərdən) ibarətdir. Siyahıda kürdlər də ayrıca etnik qrup kimi göstərilib və onların sayı 6,1 min nəfər, yəni ümumi əhalinin 0,1 faizi kimi qeyd olunub.
Şəxsən mən bu çıxışların məhz indiki mərhələdə təsadüfən baş verdiyini düşünmürəm.
Müxalif siyasi düşərgəni təmsil etdiklərini iddia edən şəxslərin ard-arda etnik məsələləri gündəmə gətirməsi və bunu cəmiyyətdə həssas reaksiyalar doğuran formada ardıcıl şəkildə ictimailəşdirmələri düşündürücüdür. Bu mübahisəsiz məsələdir ki, Azərbaycan uzun illərdir müxtəlif xalqların və etnik qrupların dinc yaşadığı ölkə kimi tanınır.
Adıçəkilən partiya rəhbərlərinin qısa müddət ərzində və ardıcıl şəkildə eyni həssas mövzu ətrafında oxşar ritorikaya müraciət etmələri diqqətçəkən məqamdır.