-Tanınmış az tanınmışlar…-
Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin anadan olmasının 100 illiyinə!
(1-ci yazı)
Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondu-nun Prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşıbbüsü və rəhbərliyi ilə ölkəmizdə muğam sənətinin inkişafına göstərilən tarixi qayğı- Bakıda möhtəşəm Muğam Mərkəzinin fəaliyyəti, burada keçirilən muğam müsabiqələri vaxtilə bu sahədə xidmətləri olmuş hər bir sənətkarın xatirəsinə dərin ehtiramdır. Həmin ehtirama layiq olanlardan biri də Azərbaycan muğam tarixinin əvəzolunmaz tədqiqatçısı, xalqımıza məlum olmayan 100-ə yaxın muğam ifaçılarımızın tədqiq olunmasında misilsiz xidmətlər göstərmiş Əməkdar incəsənət xadimi Firidun Şuşinskidir.
İnsanları bir-birinə yaxınlaşdıran, dünyada heç bir sərhəd tanımayan, duyğularını sərbəst çatdırmağı bacaran musiqi qədər insana doğma olan ikinci bir sənət təsəvvür etmək çətindir. Bu sənətin sahibləri dünyanın hər bir yerində fəaliyyət göstərən həmkarları ilə “öz dilləri”ndə danışmağa qadirdirlər. Təsadüfi deyil ki, “Musiqi insanların universal dilidir” deyən XIX əsrdə yaşamış məşhur Amerika şairi və tərcüməçisi Henri Uodsuort Lonqfello yanılmamışdı. İngilis filosofu, tarixçi və publisisti Tomas Karleyl isə musiqini sözsüz, bəzən də çox dərin mənalar ifadə edən nitqə bənzədir. Həmin “nitq”lə dünyanın hər yerində insanlar bir-birini duyur və başa düşür. Musiqiçilər isə yeganə peşə sahibləridir ki, onların öz “danışıq dilləri” var. Bu “dil”lə onlar millətindən, irqindən, dinindən, dilindən asılı olmayaraq bir-birləri ilə ünsiyyət yarada bilir.
***
Hər bir xalq öz musiqisinin pərəstişkarı olduğu kimi, onun tarixini öyrənməyə, bu sahənin yaradıcılarını arayıb-axtarmağa, təbliğ etməyə can atır. Bu baxımdan milli musiqimizin yaranıb inkişaf etməsi yollarını, onun ifaçılıq sənətini araşdırıb, xalqa çatdırmaq missiyası, ilk növbədə, sənətşünasların üzərinə düşür. Lakin çox təəssüflər olsun ki, musiqi sahəsi ilə məşğul olan bəzi sənətşünaslar bir-iki məqalə yazmaqla işlərini bitmiş hesab edir və daha asan yollar axtarmağa meylli olurlar. Çünki musiqi tarixini araşdırmaq nə qədər ağırdırsa, bir o qədər də məsuliyyətlidir.
Unutmaq olmaz ki, musiqi tədqiqatı ilə, ələlxüsus, muğam tarixinin tədqiqi ilə məşğul olmaq istəyən sənətşünas musiqi savadına sahib olmaqla bərabər, tarixi, ədəbiyyatı, coğrafiyanı bilməli, qələm təcrübəsinə malik olmalıdır.
Qeyd etdiyimiz keyfiyyətləri özündə birləşdirən, bu ağır, çətin, məsuliyyətli işi üzərinə götürən, musiqişünas-alim Firidun Şuşinski idi.
***
Firidun Məhəmməd oğlu Həsənov (Şuşinski) 20 oktyabr 1925-ci ildə Qarabağın tacı sayılan Şuşada dünyaya göz açıb. Atası ləl-cəvahirat pərəstişkarı olduğu üçün ona el arasında “qızıllı Məhəmməd bəy”deyərdilər. Firidunun adını əmisi Şəmil görkəmli ədəbiyyatşünas-alim, yazıçı-publisist, xain əli ilə güllələnmiş Firidun bəy Köçərlinin şərəfinə qoyub. Şəmil Firidun bəy Köçərli ilə qonşu, həm də dost imiş…
Firidun bəy Köçərli Musavatçı kimi güllələnir və…
…1920-ci ildə Gəncədə bolşeviklərə qarşı üsyan qalxır. Gəncə üsyanı yatırıldıqdan sonra XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən bir sıra ziyalılarla yanaşı, Firidun bəy Köçərli də güllələnir. Xüsusi Şöbənin rəisi Liberman ətrafında dolaşan milliyyətcə erməni S.Danilyanın “məsləhəti” ilə Firidun bəy Köçərlinin güllələnməsi haqqında 4 iyun 1920-ci il tarixli hökmə imza atır: “Mən 20-ci diviziyanın Xüsusi Şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq etmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtirasını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini rədd etmək lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanların tökülməsinə səbəb ola bilər”.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin!
Təsdiq edirəm: 7№ li Xüsusi Şöbənin rəisi Liberman.
Təsdiq edirəm: Fövqəladə komissarı Həmid Sultanov».

F.Şuşinski ilk təhsilini Şuşada alsa da, orta məktəbi və üçillik musiqi təhsilini Füzulidə başa vurmuşdu. Fitri istedadı olan Firidun bir çox alətlərdə – tar, kaman, kanon, piano, hətta skripkada professional şəkildə ifa edə bilirdi. O, həmçinin nəfəsli alətlərdə də sərbəst ifa edə bilirdi. Uşaqlıqdan musiqiyə həvəs evlərində tez-tez xanəndələrin, musiqi ifaçılarının olması səbəbindən yaranmışdı.
Gənc Firidun Şuşinski niyə papağını erməni prokurora satmır və ona nə cavabında deyir?
Firidun on altı yaşında məktəbi bitirir. Lakin vətən müharibəsi başlandığından ali təhsil almaqdan imtina edir. Müharibəyə getmək üçün könüllü olaraq hərbi komissarlığa ərizə ilə müraciət edir. Yaşı az olduğundan ərizəsinəmüsbət cavab ala bilmir.Yalnız bir gözlənilməz hadisə onun cəbhəyə getməsinə “yol açır”. Həmin il Şuşaya həmişəkindən daha çox qar yağmışdır. Şuşa camaatı xizək sürmək üçün “Bazarbaşı” deyilən yerə toplaşmışdılar. Firidun başında buxara papaq buz üzərində sürüşənlərə tamaşa edirdi. Bu zaman milliyyətcə erməni olan şəhər prokuroru gümüşü qoyun dərisindən papaq qoymuş Firidunu görüb, yanına çağırır. Başına qoyduğu papağın yaşına uyğun olmadığını səbəb gətirərək ondan almaq istəyir. Orta məktəbi yenicə bitirmiş, ötkəm, qabağından yeməyən, hazırcavab Firidun özünü təhqir olunmuş hesab edib, prokurora sərt şəkildə “kişiyə papaq yaraşar”, -deyib, uzaqlaşır. Bu təhqirə dözə bilməyən prokuror “ağzından süd iyi gələn” uşaqdan qisas almaq qərarına gəlir və Firidunun müharibəyə gedişini tezləşdirir.
O, müharibənin sonuna qədər alman faşistlərlə döyüşür və ordunun qalib əsgəri kimi bir çox orden və medallarla Vətənə dönür. Müharibədən qayıdan kimi təhsilini davam etdirmək qərarına gəlir. 1946-cı ildə sənədlərini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə verir. Fitri istedada malik olan Firidun Şuşinski çox zaman onu düşündürən sualların cavabını təhsil aldığı universitetin professor və müəllim heyətindən ala bilmirdi. Günün əksər vaxtını kitabxanalarda, arxivlərdə keçirən Firidun, onu maraqlandıran sualların cavabını məhz orda axtarardı. Etiraf etmək lazımdır ki, böyük tədqiqatçı bütün şüurlu həyatını Azərbaycan musiqi mədəniyyətinin mühüm bir dövrünü, XIX və XX əsrlərdə Qarabağda yetişən müğənni və xanəndələrin həyat və yaradıcılığını öyrənməyə səy göstərmiş, çoxlu arxiv sənədləri, tarixi faktlar toplamış, onlar haqqında mükəmməl məlumat əldə etmişdir.
Səməd Vurğun Firidun Şuşinskiyə nəyi xahiş etmişdi?
1948-ci ilin may ayında Bakının ali məktəblərinin birində elmi konfrans keçirilməsi nəzərdə tutulduğu üçün təşkilat komitəsi yaradılmışdı. Elmi konfransa münasibət ciddi olduğundan təşkilat komitəsinə Heydər Hüseynov, Abdulla Qarayev, Mirəli Qaşqay, Məhəmməd Əfəndiyev, Mehdi bəy İrəvanski, Zülfəli İbrahimov, Əli Sultanlı, Cəfər Xəndan, Səməd Vurğun, Qasım Cəfəroğlu kimi alimlər daxil idi. Firidun tələbə elmi cəmiyyətinin sədri olduğuna görə bu konfransa daha ciddi hazırlaşmışdı. Onun mövzusu “Vaqif və Qarabağ” idi. Bu mövzunu ona tarixçi-alim Əlövsət Quliyev təklif etmişdi. Mövzu Firidun üçün çox doğma idi. Çünki hələ I kursda oxuyarkən o, Şuşanın tarixi ilə maraqlanır və doğma torpağı haqqında sənədlər toplayırdı. Bir də məlum idi ki, Molla Pənah Vaqif şair olmaqla yanaşı, həm də görkəmli dövlət xadimi və Qarabağ xanı İbrahimxəlil xanın baş vəziri olmuşdu. Mövzularla tanış olan təşkilat komitəsinin üzvü, şair Səməd Vurğun “Vaqif və Qarabağ” mövzusunun müəllifi ilə görüşmək istəyini bildirir… Görüş zamanı şair Firiduna üz tutub: -Qarabağlı balası, məruzən çox xoşuma gəldi, lakin razılıq versən, onun adını “Vaqif və Qarabağ” yox, “Vaqif bir dövlət xadimi kimi” qoyardım. Çünki bu əsərdə Vaqif bir dövlət xadimi kimi verilib.
Sonra şair əsərin adının üzərindən bir xətt çəkib, qara qələmlə “Vaqif bir dövlət xadimi kimi” sözlərini yazır və aşağıda da imzasını qoyur. Beləliklə, Firidunun qələmə aldığı bu mövzu onun ilk mətbu əsəri olur.

1949-cu ildə ölkədə “Ellər atası”nın anadan olmasının 70 illiyi ilə əlaqədar qızğın iş getdiyi ərəfədə Firidun həmişəki kimi kitabxanalarnın sirlə dolu qapılarını açmaq üçün “açar” axtarırdı. Bu sirlərdən biri də Stalinin Nəriman Nərimanova yazdığı məktub idi. Həmin məktubla o, Stalinin kitabını oxuyanda rastlaşmışdı. Firidun bir anlığa duruxur, fikrə gedir. Axı ona yaxşı məlum idi ki, həmin illər Nərimanovun adını çəkmək qadağan idi. Məktub tələbənin marağına səbəb olur. O, universitetin professor-müəllim heyətindən bu barədə soruşsa da, sualına nəinki cavab almır, hətta ona bu barədə düşünməyi belə, qadağan edirlər. Hər sualın cavabını axtarmağa can atan Firidun əlacsız qalıb Mərkəzi Komitənin katibi Mir Cəfər Bağırova müraciət etməli olur. Müraciətdə xahiş edir ki, mümkün olarsa, aşağıdakı məsələləri izah etsin:
«1.Partiyamızın N.Nərimanova münasibəti necədir? 2.Nərimanovun buraxdığı səhvlər nədən ibarətdir?
ADU-nin tarix fakültəsinin II kurs tələbəsi Firidun Həsənov».
Tələbənin bu gözlənilməz hərəkəti universitetin bütün professor-müəllim heyətini təşvişə salır.
Firidun Bağırovun qəbul otağına daxil olanda artıq köməkçi Novikova onu gözləyirdi: «Unutma ki, “xozeyin” səni səkkiz dəqiqə qəbul edəcək. Lakin bu görüş bir saatdan çox uzanır. Məktub təşkilat şöbəsinin müdiri tərəfindən oxunduqdan sonra Bağırov üzünü Firiduna tutaraq: -Ay oğul, bu sualla sən nə üçün yoldaş Stalinə yox, mənə müraciət etmisən?».
Gənc tələbə bu cavabdan bir qədər özünü itirir. Düzü, o, Bağırovdan bu sualı gözləmirdi. Lakin tezliklə özünü ələ alıb deyir:
- Yoldaş Bağırov, evdə mənə belə tərbiyə veriblər ki, heç vaxt böyüyün başı üstündən iş görmə…
Bağırov bir qədər gülümsünür. Lakin söhbətə müdaxilə edən ideologiya üzrə katib canfəşanlıq edir və özünü çoxbilmiş kimi göstərmək qərarına gəlir:
-Bilmirsən ki, Nəriman Nərimanov Zaqfederasiyanın əleyhinə olmuşdur?
-Xeyr, belə olmamışdır! – deyə Firidun katibə özü də hiss etmədən sərt cavab verir.
-Nəriman Nərimanov yox, Ruhulla Axundov və təminat və səhiyyə komissarı Möhsün İsrafilbəyov (Qədirli) onun əleyhinə cıxıblar.
-Sən hardan bilirsən?
-Yoldaş Lavrenti Beriyanın “Zaqafqaziya bolşevik hərəkatı tarixindən” kitabından oxumuşam…
Bu zaman Bağırov tələbənin sözlərini təsdiqləyir: «Sən haqlısan! Moskvada Nəriman Nərimanovun dəfn mərasimində Azərbaycan xalqı adından iştirak etmək Ruhulla Axundova təklif olunsa da, o, boyun qaçırmışdı. Mən ona həmişə yaxşı münasibət bəsləmişəm. Dəfn mərasimində də çıxış etmişəm».
Həmin dəfn mərasimdəki çıxışında M.C.Bağırov “alovlu” nitq söyləmişdi: “Yoldaş Nərimanovun roluna bizim İttifaqımız tərəfindən, xüsusilə də, Azərbaycan zəhmətkeşləri tərəfindən layiqli qiymət verilmişdir. Nəriman Nərimanov hər kəsdən fərqli olaraq həqiqi inqilabçı idi. O, həyatının 30 ilini ictimai-siyasi və ədəbi yaradıcılığa sərf etmişdi. Nərimanov türk qadınlarını ilk dəfə köləlikdən ayağa qaldıran, burjua ideoloqlarına layiqli cavab verən ən fəal azərbaycanlı ziyalılardan biri olmuşdur. Yoldaş Nəriman Nərimanovun uzunillik inqilabi fəaliyyətinin bəhrəsi yalnız Azərbaycan türk əməkçilərindən deyil, həm də keçmiş Rusiya imperiyasında, hazırda Sovet İttifaqında yaşayan 30 milyonluq müxtəlif türk-tatar (azərbaycanlı ––A.K.) tayfaları sakinlərindən ideyalı inqilabçılar hazırladı. Onun xatirəsi Azərbaycan zəhmətkeşlərinin qəlbində əsrlər boyu yaşayacaq, bədii yaradıcılığı, ideyaları, əməyi uzun illər əsarətdə yaşamış bütün Şərq xalqlarına nümunə olacaq. N.Nərimanov bizim aramızdan getsə də, onun ideyaları, 30 illik inqilabi hərəkatı və fəaliyyəti illər boyu inkişaf edəcək. Budur Nəriman Nərimanovun ən böyük xidməti”.
(Davamı var)
Aslan Kənan,
Tədqiqatçı
(Xüsusi olaraq «Təzadlar» üçün)

