Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın aparıcı turizm və qonaqpərvərlik şirkətlərindən biri olan Gabala Hospitality Group (GHG) regionun turizm və istirahət potensialını daha da gücləndirəcək yeni tərəfdaşlığa imza atıb. Şirkət son illərdə beynəlxalq miqyasda sürətlə inkişaf edən və böyük populyarlıq qazanan lüks istirahət və sağlamlıq konseptlərindən biri olan Orlov Banya ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, Orlov Banya konsepti ölkədə paytaxtdan kənarda ilk dəfə olaraq Qəbələdə fəaliyyətə başlayacaq. Layihə çərçivəsində Azərbaycanın regionlarında ilk dəfə olaraq bu formatda premium spa və hamam konsepti təqdim ediləcək. Yeni mərkəz Qəbələnin turizm infrastrukturuna və qonaq təcrübəsi portfelinə fərqli, innovativ və yüksək standartlara cavab verən sağlamlıq məkanı əlavə edəcək.
Bu gün Orlov Banya brendi dünyanın 10-dan çox ölkəsində fəaliyyət göstərən 23-dən artıq hamam və spa kompleksi ilə təmsil olunur. Şirkətin Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Azərbaycanda həyata keçirdiyi layihələr müasir sağlamlıq yanaşmasını, memarlıq estetikasını və yerli mədəni elementləri uğurla bir araya gətirir. Bu layihələr qonaqlara sağlamlıq, istirahət və həyat tərzi komponentlərini özündə birləşdirən unikal təcrübələr təqdim edir.
Müqavilənin imzalanması mərasimində çıxış edən Gabala Hospitality Group-un Müşahidə Şurasının sədri Şəbnəm Fərman layihənin əhəmiyyətini vurğulayaraq bildirib:
“Bu gün sağlamlıq və rekreasiya sənayesi dünyada ən sürətlə inkişaf edən sahələrdən biridir. Məhz buna görə də GHG olaraq bu istiqamətdə beynəlxalq səviyyədə tanınan brendlərdən biri olan Orlov Banya-nı Qəbələyə gətiririk və qlobal inkişaf tendensiyasının bir parçasına çevrilirik. Qəbələ öz təbiəti, insanları və qonaqpərvərliyi ilə seçilən bir məkandır. Məqsədimiz bölgəyə yeni təcrübələr qazandırmaq, turizm məhsullarını daha da zənginləşdirmək və nüfuzlu beynəlxalq brendləri Qəbələyə cəlb etməyə davam etməkdir.”
Orlov Banya tərəfindən müqaviləni şirkətin baş icraçı direktoru Vladimir Larionov imzalayıb. O, çıxışında layihənin Qəbələnin yerli xüsusiyyətlərini özündə əks etdirəcəyini qeyd edib:
“Bu layihəyə başlamazdan əvvəl bölgə üçün uyğun ola biləcək bir neçə fərqli konsepti araşdırdıq. Gabala Hospitality Group komandası ilə birlikdə ən doğru yanaşmanı müəyyən etdik. Məqsədimiz ənənəvi hamam mədəniyyətini Qəbələnin yerli xüsusiyyətləri və xüsusi elementləri ilə birləşdirməkdir. Yerli mədəniyyətin qorunması və layihədə əks olunması bizim üçün çox vacibdir. İnanırıq ki, birlikdə Azərbaycanda indiyədək mövcud olmayan fərqli və unikal bir konsept yaradacağıq.”
Yeni layihənin Qəbələnin premium turizm istiqaməti kimi mövqeyini daha da gücləndirməsi, bölgəyə yeni turist seqmentlərinin cəlb olunmasına və sağlamlıq turizminin inkişafına töhfə verməsi gözlənilir.
Gabala Hospitality Group haqqında
Gabala Hospitality Group (GHG) Azərbaycanın ən böyük turizm və qonaqpərvərlik idarəetmə şirkətlərindən biridir. Şirkətin portfelinə Tufandağ Qış-Yay Turizm İstirahət kompleksi, ölkənin ilk milli beşulduzlu hotel şəbəkəsi olan Qafqaz Hotels & Resorts, Gabaland Əyləncə Parkı, Qəbələ Atıcılıq Klubu və Azərbaycanın ilk və yeganə rafting mərkəzi olan Rafting Gabala daxildir. Şirkət qonaqpərvərlik, istirahət və turizm sahələrində fəaliyyət göstərən layihələri vasitəsilə qonaqlar üçün unikal təcrübələrin yaradılmasına, regionların turizm potensialının inkişafına və Azərbaycana beynəlxalq səviyyəli konseptlərin gətirilməsinə töhfə verir.
Əlavə məlumat üçün:
info@ghg.az