Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yenə imtahan, yenə mübahisə… Elm və təhsil nazirliyinin keçirdiyi builki sertifikasiya imtahanları da, mübahisəsiz ötüşmədi. Belə ki, xüsusən də, texnologiya və tarix fənləri üzrə qoyulan suallar ciddi narazılıq doğurmaqdadır və ekspertlər də, bu məsələdə nazirliyin səhvə yol verdiyini deyirlər.
Əvvəla, onu bildirək ki, keçən il də fənlər üzrə çətinlik dərəcəsinin eyni olmadığı və konkret olaraq, kimya fənnində riyazi hesablamalara, normadan çox yer verildiyi deyilmişdi. Hansı ki, sonradan açıqlanan statistik göstəricilər də, xüsusən, kimya fənnində ədalətsizliyə yol verildiyini açıq göstərirdi. Lakin, yüzlərcə kimya müəlliminin haqlı gözləntisinin əksinə olaraq, nazirlik etdiyi səhvin üstündən keçmiş və imtahanı yeniləməmişdi. …Və indi, 1 il sonra yenə də eyni hal yaşanmaqdadır! Ələlxüsus, 24 iyunda keçirilən tarix imtahanı bağlı müəllimlərin və ekspertlərin etirazları mövcuddur və onlar sualların, əzbərçilik əsaslı olduğunu deyirlər. Üstəlik də, bəzi suallarda yanlış cavabların, doğru kimi götürüldüyünü mütəxəssislər təsdiqləyirlər. Məsələ ilə bağlı fikirlərini bölüşən peşəkar müəllim Rəsul Mirzəyev öz yutub kanalında nazirliyin etdiyi səhvləri detallı şəkildə izah edib. O, konkret 2 sualın cavabının səhv olduğunu sübut edib. Digər tarix müəllimi Samir Bəşirli haqlı etirazla bağlı sona qədər gedəcəklərini deyir və onlarca müəllimlə birlikdə artıq bir çox rəsmi qurumlara müraciət edildiyini və görüşlərin keçirildiyini paylaşıb. Tezadlar.az xatırladır ki, problemlə bağlı fikirlərini bölüşən “Təhsil Araşdırmaları Mərkəzi”nin eksperti Emin Mirzəli nazirliyin artıq neçənci dəfədir ki, imtahan keçirə bilmədiyini və müəllimlərin haqqına girdiyini deyir: “Tarix və texnologiya fənni üzrə yaşanılan biabırçılıq, əslində, gözlənilməz deyildi. Keçən il kimya müəllimlərinin “soyqırımı”ndan sonra hər il ən azı 1 fənn üzrə “qırğın”ların olacağı bəlli idi. Sadə misal: necə ola bilər ki, 50+ bal toplayanların faizi, bir fəndən 50 civarında olsun, digər fəndən isə cəmi 14 faiz?… 4 dəfəyə yaxın fərq onu göstərir ki, ədalətsizlik baş verib!” deyə o vurğulayıb.
“Bəs, ədalətsiz imtahan ləğv oluna bilərmi, sizcə, tarix imtahanı yenidən keçiriləcəkmi?” sualına cavabda Emin bəy dedi ki, daha öncəki illərdə nazirlik MİQ imtahanını etirazlardan sonra ləğv edib, yenidən keçirməli olmuşdu: “Lakin, keçən il kimya müəllimlərinin mütəşəkkil, ardıcıl bir etirazı olmadığı üçün nazirlik, necə deyərlər, problemin üstünü örtə bildi. Həmçinin, hazırda da tarix müəlllimləri güclü, vahid bir mövqe ortaya qoymayıblar. Ona görə də zəif mövqeli müəllimlər səbəb olur ki, bu işin də üstü bağlansın… Odur ki, ədalətin bərpa olunacağını qətiyyən gözləmirəm… Ümumiyyətlə, Əmrullayevin iş prinsipi budur ki, əgər ciddi etiraz yoxdursa, deməli, hər şeyi etmək olar… Odur ki, gələn illər üçün daha böyük ədalətsizliklərin olmasını qaçılmaz hesab edirəm. Xüsusən də sayları çox olan ibtidai sinif, hətta riyaziyyat müəllimlərinə də sıranın mütləq gələcəyini düşünürəm… O qədər əminəm ki, bu, baş verməsə, ekspertlikdən, hətta, istefa verərəm!”
Burda ortaya sual çıxır: “Bəs məqsəd nədir? Nazirlik belə qeyri-mütənasib addımlarla, mübahisəli imtahanlarla nə etmək istəyir? Məqsəd hər halda vətəndaşı, xüsusən də, savadlı kəsim olan müəllimləri narazı salmaq ola bilməz. Bəs, niyyət nədir?”
Emin Mirzəli məqsədin, digər dövlət qurumlarında olduğu kimi, kütləvi ixtisar və büdcəyə qənaət olduğunu bildirdi: “Nazir dedi ki, “Tamştatlı model” üzrə cəmi 20 min müəllim nəzərdə tutmuşuq. Hansı ki, bu da, ümumi müəllimlərin təxmini 20 faizi deməkdir. Bu, dolayısıyla, “Qalan 80 faiz müəllim öz başının çarəsinə baxsın!” anlamına gəlir. Diqqət edin, sertifikasiyada yüksək, yəni 50+ bal toplayan müəllimlərin faizi, 20-dən çoxdur. Deməli, burdan o nəticə çıxır ki, nazirin tələbi, yüksək yox, çox yüksək baldır! Sonradan tələb, bir qədər aşağı salınıb, 50+ bal edilə bilər, lakin bundan aşağıya salınması, qətiyyən məntiqli deyil. Deməli, son nəticə budur: ən azı 51-dən aşağı toplayan müəllimlərin zamanla təhsildən uzaqlaşdırılmasını müşahidə edəcəyik! Sadəcə, olaraq, bu, hansı tempdə və hansı zaman intervalında olacaq- bunu bilmirik. Beləliklə də, məsələn, 10 il ərzində azı 80 min müəllimin, dövlət məktəblərindən ixtisar olunacağını gözləyə bilərik…”.
SƏBUHİ