Neçə gündür İmişli ağsaqqallarının sədrinin və müavininin sinəsinə “Georgi Lenti”ni taxaraq 1945- ci il Faşizm üzərində qələbənin 80 illiyini qeyd etmələri böyük qalmaqala səbəb olub. Hərə bu lenti yüz yerə yozur, guya bu hoqqanın banisi Rusiya prezidentidir, amma sən demə, məsələ daha dərin imiş. Politoloq Natiq Cəfərli özünün sosial platformasında yazır: “Putini-mutini boş verin, “Georgi Lentini” o təsis etməyib, heç SSRİ də icad etməyib. Bu parçanı taxanlar tarixini də bilmirlər – “Georgi Lenti” 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilən mükafatlar, onun üzərinə vurularaq, təqdim olunurdu. Təsis olunmasına səbəb isə Rusiya-Türkiyə (Osmanlı) müharibəsi idi, yəni, ilk o müharibədə vuruşan ruslara təqdim edilib. Yəni, bu parçanı taxanlar, faktiki olaraq, Türkiyəyə qarşı vuruşanların xatirəsini də yad etmiş olurlar. Bu qədər bisavad və köksüz olmaq olmaz…”.
Bax belə… Sual olunur: Azərbaycan Ağsaqqallar Şurası hara baxır? Görəsən digər rayonlarda da belə vəziyyətdir? Noolar ağsaqqal olanda, bölgələrdə bu şuraya rəhbərlik edən ağsaqqallar komandasını bir yerə yığıb onlara sertifikat verilməlidir bəlkə! Yaxud, onları tesdən keçirmək, milli hökumətimizin siyasətinin fəlsəfəsini izah etmək lazımdır bılkə!
Nə isə…
A.Məmmədli