(Təbiətin öyrənilməmiş dərslərindən bəhs edən reportaj)
…Gəl heyvanları dindir, onlar sənə çox şeyi öyrədər! Göydəki quşlardan soruş, onlar sənə çox mətləblərdən danışar! Torpağa əyil, sənə hər şeyi aşılayar! Dənizdəki balıqlarla danış, sənə suyun görünməz alt yatında yaşamın sirrini anladar… Dünyanı nisbətlərə bölən, mütləqlə nisbiliyin fərqini elmə çevirən görkəmli alim Albert Eynşteyn deyirdi ki, elm ideyalar dramıdır. Alim demək istəyirdi ki, biz təbiətdən, onun dilsiz-ağılsız və ağızsız canlılarından hələ çox şeyi öyrənməliyik.
Görkəmli alim Xudu Məmmədovun isə belə bir məntiqi var idi: deməyin ki, heyvanların dili yoxdur, deyin ki, onların dilini bilmirəm!
Tülkü sinəsini balalarının qabağına vermişdi ki…
…Söz vaxtına çəkər: qocaman fermer, qışı aranda, yayı dağlarda keçirən Akif Rzayevin dəvəti ilə Daşkəsənin Xoşbulaq yaylağında görüşdük. İndi bu ərazilərdə havalar bərk soyuqdur, amma yaylağa hazırlıq işləri də davam edir.
***
…Akif kişi əsl çöl adamıdı. Yaşı 80-i haqlayıb. 6 nəvəsi var. Zarafatla dedim ki, bu qoyun-quzuları arandan dağa, dağdan arana daşımaq səni yormur?! Üzümə baxıb: -Məni saxlayan o qoyun-quzunun dağ-aranıdı, onları da saxlayan mənəm ki var, -deyərək güldü. Yəni, sözünü kəsəsinə dedi ki, mənim istirahətim bu heyvanlarla dağ-aran səfərində yoldaşlığımdır!
***
…Qışın sazağı hələ də öz işindədir… Həyətdə oturub söhbət edirik. Birdən kəsim üçün saxladığı erkəklərin səsi eşidildi. Çoban əmlikləriin qabağına ot tökürdü. Akif kişi ayağa qalxdı, tüfəngini götürüb çobana tərəf getməyə başlayanda alatoranda gözümə toyuq-cücənin hininə tərəf sürünən bir tülkü sataşdı. Yavaşca doqqazdan çıxmağa hazırlaşan Akif kişiyə yaxınlaşıb qulağına pıçıltı ilə «Hinə tərəf bir tülkü getdi…», -dedim.
Akif kişi ani olaraq ayağa qalxdı: «O tülkü dünən iki toyuğu aparıb, bu dəfə əlimdən qaça bilməyəcək», -deyərək tüfəngi atış vəziyyətinə gətirdi, sonra qıvraq addımlarla hinə tərəf qaçdı. Hindən qışqırıq səsi gəldi… Ardınca ağzında iri bir xoruz tutmuş şələquyruq tülkü ildırım sürəti ilə yanımızdan sivişib dağın döşünə tərəf qaçdı. Akif kişi atəş açmağa macal tapmadı, amma o tülkünün, mən də Akif kişinin ardınca qaçmağa başladıq. Dağlıq ərazilərdə atmosfer təzyiqi aşağı olduğundan üzü yuxarı qaça bilməyib ləngidim, amma Akif kişi dağın sinəsi ilə tülkünü qovurdu. Arada bir güllə də atdı.
Özümü çatdıranda Akif kişi kolluğun arasında gizlənmiş tülkünü nişan almışdı. Tüfəngi tuşlayıb tətiyi çəkmək istəyirdi ki, qəribə bir səs eşitdi. Tüfəngin lüləsini aşağı əyib tülkünün gizləndiyi yerə tərəf getdi. Ərazi elə idi ki, tülkünün qaçıb aradan çıxmağı mümkünsüz idi. Lap yaxına getdik. Akif kişi dayandı, mənə əli ilə «Bəri gəl» dedi. Tülkünü qaçırtmamaq üçün asta addımlarla ona yaxınlaşdım, «Burdadı?», -deyə soruşdum. O, başı ilə «Hə!» işarəsini edəndə qulağına «Bəs niyə atmırsan?», -deyə pıçıldadım. O isə susub dinmirdi. Özünün quzu dərisindən tikdiyi tüklü papağını əlinə alıb tərini sildi. «Allah, möcüzənə şükür!»,- deyib ah çəkdi. İkimiz də donub qalmışdıq. Yuvasının ağzında dayanan tülkü bizə baxırdı. Arxasında isə bir neçə balasının gözləri parıldayırdı. Artıq toran düşdüyündən ətrafı yaxşı görmək olmurdu deyə, Akif kişi cibindəki fanarı tülkünün yuvasına tuşlamışdı. Tülkü ac balalarını yedirtmək üçün özü ölüm risqinə getmişdi, indi isə balalarını ölümdən qorumaq üçün özünü onlara sipər etmişdi.
Bu mənzərədən gözləri yaşarmış Akif kişi: -Gəl getdik… Tülkü çolpanı ac balalarını yemləmək üçün aparıb, balalarına qurban olsun, -deyərək evə tərəf addımladı. Birdən dayandı, iri qaya parçasının üstündə oturub gözlərini Qoşqar dağının hələ də başı qarlı zirvəsinə zillədi. Çox məyyus və fikirli idi. Mənə bir hadisəni danışdı:
-Bilirsən, o tülkü balalarını yedirtmək, ailəsini qorumaq üçün ölümə belə hazır idi. Mən adam tanıyıram, Rusiyaya gedib, yaxud hardasa pul qazanır, amma ailəsinə deyil, narkotikə, içkiyə, eyşt-işrətə verir. Bu ağıllı deydiyimiz insan, bu da Allahın dili-ağzı olmayan heyvanı…
O, bu mənzərədən çox təsirlənmişdi. Həqiqətən də tülkünün hərəkəti bəzi insanlara dərs olacaq bir «ağıl» nümunəsi idi. Tülkü balalarını atıb qaçıb gedə də bilərdi, amma balalarını, yuvasını atmamışdı!
İtin bilmədiyimiz «düşüncəsi»
…Çoxdanın hadisəsidi: dünyanın düz vaxtında Kəlbəcər yaylağındayıq. Sən demə, canavar kolluqda pusqu qurubmuş. Cəllət əmimin Alabaş adında bir iti var idi. Hər gün yanında sürülərin ardınca aparardı. İt qoyun-quzunu bir an nəzarətsiz qoymazdı. Amma bu dəfə əmimlə birlikdə getmədi, arxacda saxlanılan quzuların olduğu çəpərin ətrafını dolaşdı (Sonra bildik ki, yarğana yaxın yerdə gizlənmiş canavarın iyini duyubmuş). Əmim nə qədər çağırıb səsləsə də it uladı, amma getmədi. Hətta bibim də dözməyib kişiyə səsləndi ki, dəymə, yəqin xəstələnib, qoy qalsın. İtin getməməyindən pərt olub əsəbləşən əmim dözməyib ona bir salba atdı, ağac itin belindən tutdu. İt zinqildəyərək quzuların saxlandığı arxacın yanında yerə sərilib qəmli- qəmli əmimə baxdı, ardınca bir neçə dəfə canavar kimi uladı. Əmim isə bərk əsəbləşmişdi.
Dəlidağda hava qəfil çönən idi. Az keçmiş qatı duman gəldi və ardınca da sulu qar yağmağa başladı. Hamı alaçığa girdi, əmim isə qardaşımla birlikdə sürünün ardınca getmişdi.
Yarım saat keçmişdi ki, birdən fermada qovğa düşdü, növbədən gəlib alaçıqda dincələn çobanlar tüfəngi götürüb cəld çölə qaçdılar. Elə bildilər ki, oğrulardı. Dumanlı havada belə hallar çox olardı.
Hamımız səs gələn tərəfə – arxacın yanına çatanda əmimin vurduğu iti al qan içində gördük. İt ləhləyirdi… Bir az aralıda isə iri canavar leşini gördük. Amma quzuların ikisi parçalanmışdı.
Xəbər əmimə çatdı, o özünü at belində alaçığa çatdırdı. Atdan düşən kimi itə yaxınlaşdı. Canavarın leşini görəndə duruxdu, məsələ aydın idi… Yaxınlaşıb itin boynunu sığalladı, ətrafdakıları süzərək birdən: -Mən düz eləmədim. O canavarın iyini hiss edibmiş, amma bizə başa sala bilmirdi ki, yaxınlıqda canavar gizlənib. Zingildəyib hürürdü, biz onun nə istədiyini hardan biləydik?!- deyərək böyük qardaşımı çağırdı:
– Çobanlar üçün bişirilən içalat qazanını tez bura gətir…
Qardaşım Qərib cəld evə qaçdı, bibimin etirazına baxmayaraq qazanı gətirdi və əmimə verdi. Əmim özünü günahkar bilirdi deyə, qazanı düz itin qabağına qoydu, mükafatı kimi yeməsini gözlədi. Hamı bu hadisəni diqqətlə izləyirdi. İt isə yavaşca başını qaldırıb ətrafa baxdı, sanki bizə nə isə demək istəyirdi… Sonra kənara çəkilib canavarın leşinə tərəf getdi. Hamımız donub qalmışdıq. Alabaş küsmüşdü… Onu başa düşməyən insanlardan küsmüşdü və əmim nə qədər cəhd etsə də it qazana yaxın gəlmədi. Alabaşın bu hərəkəti heç vaxt yadımdan çıxmırdı və hər dəfə döyülüb-söyülsə də, bəzi adamların onu döyüb-söyənin, təhqir edənin əlindən vəzifə, çörək, pul almasını görəndə təsirlənirdim. Yadıma Alabaşın o hərəkəti gözümün qabağına gələrdi. Bu it, bu da…
İtin xasiyyətində nəsil davamçılığı…
…Bu yaxınlarda Ağdama yolum düşmüşdü. Qardaşım Telman Ergi qəsəbəsi ərazisində məskunlaşıb, ailəsini torpaqdan qazandıqları ilə dolandırmaqla məşğuldu.
Günəşin ilıq havası xoş təsir bağışlayırdı. Söhbət edirik… Birdən qapıdakı qara tüklü it yanımıza gəldi, mənə baxdı. Deyəsən, yad adam görmüşdü. Qardaşıma: -Bu itdən gözüm su içmir, ona təpin, -dedim.
Telman üzümə baxıb gülümsədi:
-Yox, ona heç vaxt acıqlanmıram, nə də təpinmirəm…
-Görürəm axı, mənə tərəf çəpəki baxır, həməyir itə oxşayır, qəfil cuma bilər…
-Qorxma, mən burdayamsa, o heç vaxt yanımdakına cummaz. Bir dəfə bərk təpinmişdim, küsüb gedib iki gün hinindən çıxmadı. Uşaqlar dedi ki, yüz faiz xəstələnib. Dedim, aparın isti yal verin, təzə kəsilmiş quzunun sürsümüyünü atın yesin. Apardılar, it dilini də vurmadı. Həmin gün Türkiyə kanallarının birində belə bir hadisəyə dair sujetə baxdım. Demək, qonşunun pişiyi evə girib bişiriləcək toyuğun ətini qapıb aparır, ev sahibi itindən şübhələnir, iti vurur. Sonradan qonşu gəlib üzrxahlıq edir ki, ay qonşu, bağışla, bizim pişik qapınız açıq olub, evinizə giribmiş, toyuğun budunu ağzında gördük… Beləcə, it küsür, evə gəlmir. Bir neçə gündən sonra qonşular xəbər çatdırır ki, it bağın tinindəki kolluqda özünə yer düzəldib, orda görüblər. Sahibi başa düşür ki, adətən harasa gedən it geri qayıdardı, demək, küsüb. Sahibi itin ardınca gedir və itin başını sığallayıb boynunu qucaqlayır, sonra it yanına düşüb evə qayıdır.
Telman üzümə baxıb bir az da kədərli, amma fərqli tərzdə, söhbətinə davam edir. Sonra oğlu Elxanı yanına çağırdı:
-Elxan, itin küsməsini danış, qoy əmin eşitsin…
Elxan yanımızda bardaş qurub başladı danışmağa:
-Əmi, bu it adam kimi hissiyatlıdı, küsməyi, duymağı, «Get!» deyəndə getməyi var. Atam deyən məsələdə isə, hamımız elə bildik it bərk xəstələnib, hətta burda qəsəbədə zootexnik var, ona da dedik, gəldi baxdı, dedi, yox, xəstəlik əlaməti yoxdur. Hətta bibim Mülayim dedi ki, vallah, iti vurğun vurub, ya da göz dəyib, üzərik yandırıb burnunua tutun…
Elxanın bu sözünə hamımız gülürük…
Söhbətin bu yerində böyük qardaşım Qərib gəlir, həmsöhbət olur. İtdən danışdığımızı eşidib o da maraqlı söhbətlər edir.
Elxan davam edir:
-Atam televizorda Türkiyə kanalından bir verilişə baxırdı… Birdən durdu ayağa, dedi, mənə qazandakı o yeməyin quyruqlu yerindən qaba çəkib ver. Sonra götürüb itin hininə yaxınlaşdı. Ardını qoy özü danışsın…
Telman davam edir:
-Hə, yeməyi götürüb itə yaxınlaşdım. Məni görüb tərpəndi, adətən, ayağa durardı. Bu dəfə başını qabaq ayaqlarının üstunə qoyub gözlərini mənə zillədi. Əlimdəki yeməyi gördü, ac idi, amma qımıldanmadı. Qazançanı yavaşca qabağına itələdim. Üzümə baxdı, amma yenə yemədi… Əlimi kürəyində gəzdirərək: -Ay it ye, sənin payındır, -deyib kənara çəkildim. İt heç nə olmamış kimi bir də mənə baxdı, yenə də yeməyə toxunmadı. Bir də «Ye, ye…»,- deyib aralaşdım. Amma gözlədim ki, görüm yedimi. Kənara çəkildiyimi görən it burnu ilə qabı hinin görünməz yerinə tərəf itələyib yeməyə başladı. Mənə elə gəlirdi ki, it qarşımda özünü sındırmamaq üçün gözümün qarşısında yemək istəmirdi, görünməz yerə çəkilmişdi. O qürurunu sındırmırdı. Bu onun, elə bil ki, hansısa heyvani hisslərinin biz insanlara bəlli olmayan təzahürü idi. Mən belə düşünürəm. Axşam düşəndə mən sizə onun bir hərəkətini canlı görməyi qarşılayacam…
Qərib kişi it söhbətini tamamlayır:
-Mən sizə bir sirr də açım: bu it Cəllət əmimin Alabaş adlı itinin nəslindəndir. O it ki, yad adamı atın üstündə qapıb yerə salardı. Hətta neçə dəfə canavarların belə ona gücü çatmamışdı, leş eləmişdi…
Qərib kişi bunu danışanda əmimin Dəlidağdakı yaylaqda küsdürüb-barışdığı itini xatırladım…
***
…Axşam düşəndə seyrək duman dərələrdən süzülüb ətrafı ağuşuna almışdı. Yazın iyi duyulurdu. Ardıq Novruza nə qalırdı ki?!
Telman it ilə bağlı sübut etmək istədiyi məsələnin qısa məğzini danışdı. Məlum olurdu ki, son vaxtlar iki tülkü aman vermir. Biri iti qarşı tərəfdən başını qatır, biri isə arxadan hinə girməyə cəhd edir. Hətta iki dəfə belə bir hadisə olub. İndi qış ayları və soyuqlar əraziyə hakim olduğundan tülkü-çaqqal buralardan əskik olmur. Ona görə də gecələr iti zəncirləmirlər, açıq saxlayırlar.
Beləliklə, bu gecə itin tülkülərlə mübarizəsinə şahid olacaqdıq…
Tülkülərin hiyləsi baş tutmadı…
Gecə saat 3 radələrində Telman məni yuxudan ayıltdı. Çöldə itin ulartısı eşidilirdi. Əynimizi geyinib çölə çıxdıq. Soruşdum ki, it qəribə səs çıxarıb sonra ulayır, bu nəyə işarədir? Telman izah etdi ki, bu it qapıya yad adam gələndə tək-tək hürür, bizi çölə çağırır. Gecələr isə bu cürə zingiltili səs çıxardanda bilirik ki, ya oğru var, ya da tülkü gəlib. Bu dəfəki səsi tülkünün varlığına işarədir.
***
Biz səssiz addımlarla evin qarşı tərəfinə keçdik, buradan həm iti yaxşı görmək olurdu, həm də ova gələn tülküləri. Bir xeyli keçmiş it yenidən tülkünün gəlməsini anladan səs çıxarıb ulamağa başladı. Telman məni dümsüklədi: -Bax, ordan bir tülkü sürünərək hinə tərəf gəlir, it isə qarşıdan gələcək ikinci tülkünü gözləyir. Lap müharibə kəşfiyyatçıları kimi…
Beləcə, tülkünün biri qarşı tərəfdən xışıltılı səs çıxaranda it ona tərəf cumdu. Bu vaxt arxadakı tülkü pusqudan çıxaraq hinə tərəf qaçdı. Amma it onun da iyini duymuşdu deyə, hindən çox da aralanmadı. Qarşıdakı tülkünün isə məqsədi, sən demə, itin başını qatıb hindən aralandırmaqla o biri tülküyə hinə girmək imkanı yaratmaq imiş… İt bunu duyurdu, deyə, sonra geri qayıdıb hinin qapısının ağzında dayanıb çömbəldi. Təsəvvür edin, özümüzü gülməkdən güclə saxlayırdıq, həm də ağılsız bildiyimiz heyvanların bu taktikasına təəccübdən çaşıb qalmışdıq.
Qarşıdakı tülkü nə qədər var-gəl etdisə, it onun kələyini «başa düşüb» yerindən tərpənmədi. İnanılmaz idi: tülkünün ikisi də itin dirənişini görüb düz qarşısında dəfələrlə var-gəl edib onu əsəbləşdirmək istəyirdi, amma it də «təmkinini» pozmadan, onları vecinə almırdı…
Beləcə, təxminən yarım saat davam edən «tülkü-it» şousu başa çatdı. Nəhayət, tülkünün ikisi də əliboş geri qayıtmalı oldular…
***
…Telman danışırdı ki, bu hadisəni dəfələrlə seyr edib və hətta telefonda videoya çəkmək istəyib, qaranlıq olduğundan çəkə bilməyib. Bunun üçün əraziyə işıq da çəkib, amma tülkülər də işığın tələ məqsədli olduğunu «başa düşərək» hinə tərəf gəlməyib… Bu barədə çox eşitmişdim, amma bunları gözlərimlə görmək və canlı şahidi olmaq həvəsi məni işğaldan azad edilmiş ərazilərimizə ən yaxın yerə- Ergi qəsəbəsinə çəkib aparmışdı. Gördüklərimdən isə həm məmnun idim, həm də təəccüblü.
Bakıya qayıdanda bunları kənd təsərrüfatı nazirinin sabiq müavini, etnoqraf alim Xəlyəddin Xəlilova danışdım. O, bu barədə maraqlı araşdırma və faktlar üzərində işlədiyini dedi. Amma ikimiz də bir suala cavab tapa bilmirdik: demək, müasir elm çox şeyi bilir, amma hər şeyi bilmir. Məsələn, heyvanların bu tip «insanlığı»nın kökündə nə sirr yatır??? Axı nə itə təlim keçilib, nə də o tülkülərə. Bəs onlar o hərəkətləri hardan və kimdən öyrənib???
İstəkli oxucu, bəlkə sən bu suala cavab verəsən…
Asif MƏRZİLİ
(Bakı-Daşkəsən-Ağdam-Bakı)