22 Aprel 2026 / 16:30

I rübdə dövlət büdcəsi xərclərinin 54,1 faizi sosialyönlü xərclərə yönəldilib

Cari ilin I rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə təşkilatlarının və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında deyilir.

2026-cı ilin I rübündə dövlət büdcəsinin xərcləri 7817,1 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 18,7 faizinə bərabər olub.

Cari ilin I rübündə dövlət büdcəsi xərclərinin 5762,5 milyon manatı və ya 73,7 faizi cari xərclərə, 1530,4 milyon manatı və ya 19,6 faizi əsaslı xərclərə, 524,2 milyon manatı və ya 6,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Bu ilin I rübündə dövlət büdcəsi xərclərinin 54,1 faizi və ya 4227,8 milyon manatı  sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!