İlham Əliyev MOK-un prezidenti seçildi – Xatirələrim…

Oxunma sayı: 131

Xəbər verildiyi kimi, 18 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IX Hesabat-seçki baş Məclisi keçirildi. Yüksək səviyyədə təşkil olunan tədbirdə bir çox məsələlər geniş müzakirə olundu və səs çoxluğu ilə qərar qəbul edilərək Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yenidən 4 il müddətinə Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Qeyd edək ki, İlham Əliyev 1992-ci ildə yaranan Milli Olimpiya Komitəsinin 1997-ci ildən prezidentidir.

Bu gün bu mövzuya təkrar qayıtmaqda məqsədim xəbəri eşidərkən həm sevinc, həm qürur hissi keçirməyimlə yanaşı, sanki keçmiş günlərə qayıtmağım oldu. O günlər gözlərimin önünə kino lenti kimi gəlib keçdi. Xatirələr illər sonra yenidən canlandı. 24.03.2001-ci il tarixdə MOK “Hyyat Regency” otelinin 2-ci mərtəbəsində yerləşən böyük akt zalında möhtəşəm tədbir keçirilmişdir. Mən həm AJB, AİJA-nın üzvü, eyni zamanda Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edən bir jurnalist kimi həmin tədbirə dəvətli idim. Dövlət rəsmilərinin, səfirlərinin, fəxri qonaqların, akademiklərin, idmançıların, MOK-un və nazirliklərin rəhbər heyətinin, onların bəzi əməkdaşlarının və tanınmış bəzi jurnalistlərin iştirakı ilə baş tutan bu tədbirdə MOK prezidenti cənab İlham Əliyev də şəxsən işirak edirdi. 2 saatdan artıq davam edən tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Daha sonra prezident İlham Əliyevin göstərişi ilə xarici ölkələrin birində brend markalı saat  şirkətinin xüsusi hazırladığı və üzərində olimpiya rəmzinin həkk olunduğu saat gələn qonaqlara, o cümlədən mənə təqdim olundu. MOK-un sözügedən tədbirindən nə az, nə çox 25 il ötməsinə baxmayaraq, həmin saat bir xatirə kimi hələ də məndə qalmaqdadır. O saat mənim 33 illik jurnalist fəaliyyətimdə aldığım ən dəyərli hədiyyədir. (Məqamında bildirim ki, 24.03.2001-ci ildə təqdim edilən bu saatda sanki gələcəyə dair bir ismarıc da var idi. Saatın üzərində İstanbul 2008 və olimpiya simvolunun həkk olunması 7 il sonra, 2008-ci ildə İstanbulda olimpiya oyunlarının keçirilməsinin sanki əvvəlcədən xəbərçisi idi). Bu gün də həmin saat mənim qolumdadır.

Bu yerdə yadıma cənab prezident İlham Əliyevin şəxsən özünə hədiyyə edilən saatları yadıma düşdü. Belə ki, cənab prezidentə əlamətdar günlərdə ailə üzvləri, əzizləri, doğmaları ilə yanaşı, müxtəlif ölkələrin dövlət rəsmiləri də saatlar hədiyyə edib. Hətta 26.10.2021-ci ildə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan üzərində “Xarı bülbül” təsviri olan saatı cənab prezident İlham Əliyevə hədiyyə etmişdir. Cənab prezident İlham Əliyev özü bu barədə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı söhbət əsnasında bildirirək təşəkkür edib: “Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib”.

Amma mənim bir jurnalist kimi cənab prezident İlham Əliyevin saatları ilə bağlı daha bir xatirə yadımdadır. Belə ki, İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildiyi dövürdə həm xarici televiziyaların, həm də yerli televiziyaların jurnalistlərinə müsahibə verdiyi zaman diqqətlər prezidentin qolundakı saata yönəlmişdi. Xarici jurnalistlərdən biri cənab prezidentdən saatının markasını və qiymətini soruşmuşdu. Cənab prezident İlham Əliyev sağ əlini qolundakı saatın üzərinə gətirmiş və gülümsəyərək bildirmişdir: “Bu saat o qədər də bahalı deyil. Lakin mənəvi dəyəri heç bir pul vahidi ilə ölçülə bilməz. Çünki bu saat mənə mərhum prezident, Ulu Öndər Heydər Əliyevin hədiyyəsidir. Çalışacağam ki, onu qolumdan çıxartmayım”.

Hazırladı: Rövşanə Nağıyeva

 

Xəbəri paylaş

30 Aprel