Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/3
25-30 may 2026-cı il tarixlərində Ədliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə Quba şəhərində ilk dəfə “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub.
Ədliyyə Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyət prinsipləri, çoxtərəfli əməkdaşlıq mexanizmləri və qərarqəbuletmə proseslərinin gənclər arasında təşviqini hədəfləyən düşərgə Türk dünyasının müxtəlif regionlarını təmsil edən gəncləri vahid platformada bir araya gətirib. Layihənin əsas məqsədi iştirakçıların diplomatiya, beynəlxalq münasibətlər, liderlik, ictimai çıxış, qərarvermə və dövlət idarəçiliyi sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda Türk dövlətləri arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı praktiki təcrübə qazanmalarının təmin edilməsi olub.
Düşərgənin açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, ədliyyə nazirinin müşaviri Tağı Eynullayev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova və TDT-nin Katibliyinin Layihələr üzrə direktoru Murodjon Mustofoev çıxış edərək layihənin Türk dünyası gənclərinin inteqrasiyası, ortaq dəyərlərin təşviqi və gələcək liderlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.
Düşərgə çərçivəsində iştirakçılar TDT-nin strukturunu və fəaliyyət mexanizmlərini əks etdirən genişmiqyaslı simulyasiya prosesində iştirak ediblər. Simulyasiya zamanı iştirakçılar baş nazirlər, nazirlik və komitə rəhbərləri, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri qismində çıxış edərək çoxtərəfli diplomatik müzakirələr aparıb, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq təşəbbüsləri hazırlayıblar.
Proqram müddətində “Türk dünyasında gənclərin rolu: innovasiya, liderlik və ortaq hüquq sisteminin yaradılmasının perspektivləri”, “Türk dövlətləri arasında əməkdaşlıq və müasir idarəçilik”, “Beynəlxalq danışıqlar və qərarvermə prosesi” və digər aktual mövzular üzrə panel müzakirələri, təlimlər və ekspert görüşləri təşkil olunub. Memorandumların hazırlanması zamanı iştirakçılara müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlər tərəfindən dəstək göstərilib.
İştirakçılar Azərbaycan Respublikası Milli Məclisinin deputatları Məlahət İbrahimqızı və Tural Gəncəliyev, eləcə də digər dövlət və ictimai sektor nümayəndələri ilə görüşərək Türk dövlətləri arasında siyasi, hüquqi, iqtisadi və humanitar əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Düşərgənin yekununda iştirakçılar tərəfindən Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ortaq memorandum hazırlanaraq qəbul edilib. Memorandumda gənclər siyasəti, təhsil, hüquq, rəqəmsal transformasiya, mədəniyyət, media, vətəndaş cəmiyyəti və digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinə dair təkliflər öz əksini tapıb.
Layihə yalnız simulyasiya fəaliyyəti ilə məhdudlaşmayaraq iştirakçılar arasında mədəni inteqrasiyanın gücləndirilməsinə də xidmət edib. Düşərgə çərçivəsində Türk dövlətlərinin milli-mədəni irsini əks etdirən sərgi, konsert proqramları, idman fəaliyyətləri, komanda quruculuğu tədbirləri və mədəni mübadilə proqramları təşkil olunub.
30 may tarixində keçirilən bağlanış mərasimində layihə müddətində əldə olunan nəticələr qiymətləndirilib, iştirakçıların hazırladıqları təşəbbüslər təqdim olunub və düşərgənin gələcək inkişaf perspektivləri müzakirə olunub. Çıxış edən rəsmilər layihənin Türk dünyası gənclərinin əməkdaşlığı, liderlik potensialının inkişafı və çoxtərəfli dialoq mədəniyyətinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Mərasimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub, eyni zamanda müxtəlif nominasiyalar üzrə fərqlənən komandalar və iştirakçılar mükafatlandırılıblar.
“Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsi Türk dövlətlərinin gəncləri arasında əməkdaşlığın inkişafına, ortaq dəyərlərin təşviqinə və gələcək liderlərin hazırlanmasına xidmət edən mühüm platforma kimi yadda qalıb. Layihə çərçivəsində əldə olunan nəticələrin gələcəkdə Türk dünyası gənclərinin daha geniş beynəlxalq əməkdaşlıq təşəbbüslərində iştirakına və TDT-nin məqsəd və prinsiplərinin gənclər arasında daha geniş təşviqinə töhfə verəcəyi gözlənilir.