Bəs niyə hələ də «Baş Prokurorun müavini» kimi yüksək vəzifə statusu üzərində olan Cəfərov Məmmədvəli Yusif oğlu nə vəzifəsinə qayıda bilir, nə də işdən çıxarılıb təqaüdə göndərilir???

 Açığı, belə absurd vəziyyətlə ilk dəfədir qarşılaşırıq. Baş prokurorun sabiq müavini, amma hələ də Ali qanunvericiliyin -Konstitusiyanın tələblərinə görə Baş prokurorun müavini statusunda olan Məmmədvəli Cəfərovla «Təzadlar» qəzetinin redaksiyasında görüşdük. Onun təqdim etdiyi rəsmi sənədləri araşdıranda isə təəccüb qaldıq. O, nə təqaüdə göndərilir, nə indiyədək almalı olduğu əmək haqqına sahib ola bilir, nə də qanunvericilik baxımından onun səlahiyyətinə xitam verilir.

 Elə həmsöhbətimizi də redaksiyaya gəlməyə vadar edən bu və ya digər suallara cavab axtarışıdır.

 Beləliklə, Cəfərov Məmmədvəli Yusif oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini təqdim edirik:

memmedveli-cef

«Azərbaycan Respublikasının Prezidenti, Möhtərəm İlham Əliyevə

Çox hörmətli Cənab Prezident! Siz Şuşa şəhərində “Xarı Bülbül” festivalı zamanı görkəmli şairimiz M.P.Vaqifin məqbərəsinin açılışı zamanı etdiyiniz çox dəyərli çıxışınızda bildirdiniz ki, “…Ədalət var. Səbr və təmkinlə hədəfə doğru irəliləmək lazımdır.”

 Eyni zamanda, Sız müxtəlif çıxışlarınızda dəfələrlə bəyan etmisiniz ki, “Haqq heç vaxt yox olmur”!

 Möhtərəm cənab Prezident!

 Mən də Sizin həmin çıxışlarınıza və haqq və ədalətin tərəfində olduğunuza güvənərək uzun illər ərzində haqsızlıqla qarşılaşdığım, ədalətsizliyin qurbanı olduğum, hüquqlarımın qanunsuz olaraq tapdalandığı və mənəvi əzablara məruz qaldığım üçün, qanunların aliliyi, haqq və ədalət naminə Sizə müraciət etmək qərarına gəlmişəm. Belə ki, 24 yanvar 2024-cü il tarixdə Baş Prokuror Kamran Əliyevə ərizə ilə müraciət edərək mənim Baş prokurorun müavini vəzifəsindən azad olunmağım barədə keçmiş Baş Prokuror İxtiyar Şirinovun 17 fevral 1993-cü il tarixli və keçmiş baş prokuror Əli Ömərovun mənim guya uzun müddət işə çıxmamağımla bağlı prokurorluq orqanlarından azad olunmağım barədə 22 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiyasına (ƏSAS QANUNUNA) zidd qanunsuz əmrlərini ləğv edib, Baş prokurorun müavini kimi hüququmun bərpa edilməsini xahiş etmişdim. Baş prokurorluğun Kadrlar İdarəsinin  rəisi cənab Natiq Hüseynov tərəfindən 16 fevral 2024-cü il tarixdə müvafiq qanunların tələblərinə istinad edilmədən mənə imtina cavabı verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, guya mənim barəmdə olan yuxarıda göstərilən əmrlərin ləğv edilməsi və yenidən işə bərpa edilməyim üçün qanunvericilikdə (Sual olunur hansı qanunvericilikdə? Mənbə bildirilmir.) nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Halbuki, mənim Baş Prokurorun müavini kimi hüquqlarımın tanınması ilə bağlı bütün müvafiq sənədləri həmin ərizəmə əlavə etmişdim.

 Möhtərəm Cənab Prezident!

 Nəzərinizə çatdırıram ki, mən həmin ərizəmdə işə bərpa olunmağımı yox, Baş Prokurorun müavini vəzifəsində indiyə kimi qalmağımı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən mənə verilmiş qanuni sənədlərə və Azərbaycan Respublikasının 1993-cü ildə qüvvədə olmuş Konstitusiyasına ( ƏSAS QANUNUNA ) əsaslanaraq tələb etmişdim. Lakin Baş Prokurorluğun mənə göndərdiyi cavab məktubunda heç bir qanuna istinad olunmadan hüquqlarımın bərpa olunmasından əsassız imtina edilməsi, həmin məktubun qanunların doğru, düzgün tətbiqi və icra olunmasına  Ali dövlət nəzarətini həyata keçirən mötəbər bir orqanın hüquqşünası tərəfindən tərtib olunmasına  məndə əsaslı şübhələr yaradır və təəssüf doğurur.

 Möhtərəm cənab Prezident! Məlumat üçün bildirirəm ki, mən 12 iyun 1979-cu ildən başlayaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişəm. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 1992-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini  vəzifəsinə təyin olunmuşdum. Həmin vaxt Baş prokuror İxtiyar Şirinovun qanunsuz əməllərinə etiraz etdiyim və bu barədə mətbuata tənqidi müsahibələr verdiyimə görə Baş prokuror İxtiyar Şirinov məndən qisas almaq məqsədi ilə Azərbaycan Respublikası “Konstitusiyasına  (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında” yeni qəbul olunmuş 12 yanvar 1993-cü il tarixli qanuna əsaslanaraq, işimlə bağlı digər heç bir əsaslı səbəb olmadan qanunsuz olaraq 17 fevral 1993-cü il tarixli 452 nömrəli əmri ilə məni tutduğum vəzifədən azad etdi. Sonra Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin istintaq hissəsinə böyük müstəntiq vəzifəsinə təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında 12 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi həmin qanunun 104-cü maddəsinin 13-cü bəndi və 177-ci maddələrində imperativ qaydada göstərilmişdir ki, Baş Prokurorun müavinlərini Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin edir və vəzifədən azad edir, təyinetmə və azadetmə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunur.

 Baş Prokurorun barəmdə verdiyi yuxarıda göstərilən əmrini əsassız və qanunsuz hesab edərək, mən həmin vaxt Azərbaycan Respublikası Milli Məclisinə şikayət ərizəsi təqdim etmişdim. Mənim şikayətim əsasında Azərbaycan Respublikası Milli Məclisinin Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyası tərəfindən 48 nömrəli, 02 aprel 1993-cü il tarixli protokolla Milli Məclis katibliyinin hüquq mühafizə orqanları və müdafiə məsələləri şöbəsinə mənim ərizəmdə göstərilən faktların araşdırılaraq komissiyaya  müvafiq arayış təqdim edilməsi tapşırılmışdır.

  Azərbaycan Respublikası Mili Məclisinin Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyası mənim müraciətimi araşdıraraq, 23 iyul 1993-cü il tarixli 55 nömrəli protokolu ilə mənim Baş prokurorun müavini vəzifəsindən azad olunmağım haqqında Azərbaycan Respublikası Baş Prokurorunun 17 fevral 1993-cü il tarixli əmrini Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) zidd hesab edərək, Baş Prokurora həmin əmri ləğv edib, məni Baş Prokurorun müavini vəzifəsinə bərpa etməyi təklif etmişdir. Lakin Baş Prokuror İxtiyar Şirinov həmin təkliflə razılaşmayıb, mənim Baş Prokurorun müavini vəzifəsindən azad olunmağımın Milli Məclisdə təsdiq olunması bərədə təkrar eyni məzmunlu təqdimat verdiyindən və həmin təqdimat əvvəlki təqdimatla eyni olduğundan Milli Məclisin Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyasında 23 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun o zamankı birinci müavini E.Məmmədovun, Baş Prokurorluğun təşkilat- analitik  idarəsinin rəisi İ.Əsgərovun mənim və prokurorluğun işçiləri- R. Əliyevin və İ.Tatıyevin iştirakları ilə  şikayətimi müzakirə edib komissiyanın mənim vəzifəmə bərpa olunmağımla bağlı verdiyi tövsiyəsi ilə birlikdə məsələnin Milli Məclisin müzakirəsinə verilməsi barədə qərar qəbul etmişdi. Bundan sonra keçmiş Baş Prokuror Əli Ömərov Komissiyanın qərarından narazı qalaraq qanunsuzluq edib, bir gün geri tarixlə, yəni 22 sentyabr 1993-cü il tarixi ilə məni ümumiyyətlə, guya uzun müddət işə çıxmamağım bəhanəsi ilə prokurorluq orqanlarından xaric etmişdi. Lakin həmin məsələnin Milli Məclisdə müzakirə olunub-olunmaması və əgər müzakirə olunubsa hansı qərarın qəbul olunması barədə mənə heç bir məlumat verilməmişdir.

Mən bir neçə dəfə Milli Məclisin aparatına və Dövlət Quruculuğu və Hüquq Siyasəti Daimi Komissiyasına müraciət etsəm də, mənə heç bir rəsmi cavab verilməmiş, yalnız şifahi olaraq bildirilmişdir ki, sənin Baş Prokurorun müavini vəzifəsinə bərpa olunmağın və yaxud həmin vəzifədən azad olunmağın barədə məsələ Milli Məclisin Plenar iclasında müzakirə olunmamış və bu barədə heç bir qərar qəbul edilməmişdir. Bundan sonra mən dəfələrlə Azərbaycan Respublikasının Baş Prokurorları olmuş Əli Ömərova, Eldar Həsənova  və Zakir Qaralova ərizələrlə müraciət edib qəbullarında olmağıma baxmayaraq, mənim Baş Prokurorun müavini vəzifəsindən azad olunmağım barədə keçmiş Baş Prokuror İxtiyar Şirinovun 17 fevral 1993-cü il tarixli qanunsuz əmri ləğv olunmamış və mən vəzifəmə bərpa olunmamışam. Eyni zamanda, mənim Baş Prokurorun müavini vəzifəsindən azad olunmağımın Mili Məclis tərəfindən təsdiq olunması barədə də dəfələrlə müraciət etməyimə baxmayaraq mənə heç bir rəsmi cavab verilməmişdir.

 Nəhayət, 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya rəsmi ərizə ilə müraciət edərək mənim Baş Prokurorun müavini vəzifəsindən azad olunmağımın təsdiq olunub-olunmaması barədə Milli Məclisin qərarının olub-olmaması və əgər olunmuşsa, bu barədə mənə rəsmi məlumat verilməsi barədə müraciət ünvanlamışdım. Azərbaycan Respublikası Milli Məclisinin Dövlət  Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcəli dövlət müşaviri cənab Hacı Mirhəşim Seyidin cavab olaraq imzalayıb göndərdiyi 15 yanvar 2024-cü il tarixli 1-6/04-1-2-12/2024-cü il tarixli cavab məktubundan görünür ki, mənin müraciətimdə göstərdiyim məsələ ilə bağlı Milli Məclisin arxivində hər hansı məlumat mövcud deyildir. Həmin məktubla bir daha təsdiq olunur ki, mənim Baş Prokurorun müavini vəzifəsindən azad olunmağım barədə keçmiş Baş Prokuror İxtiyar Şirinovun 17 fevral 1993-cü il tarixli qanunsuz əmri Milli Məclis tərəfindən təsdiq olunmamışdır.

 Beləliklə, qanunvericiliyin tələblərinə görə mən hal-hazırda da Baş Prokurorun müavini vəzifəsində qalmaqda davam edirəm, bu statusu daşıyıram.

 Möhtərəm cənab Prezident! Həmin vaxt mənim, hətta aşağı vəzifəyə təyin olunduqdan sonra işə çıxmamağımın səbəblərindən biri, mənim Baş Prokuror İxtiyar Şirinovun qanunsuz əmri barədə Azərbaycan Respublikasının Milli Məclisinə şikayət etməyim, şikayətin Milli Məclisin icraatında olması və eyni zamanda Bakı şəhər prokurorluğunda işə buraxılmamağım olmuşdur. Belə ki, Bakı şəhər prokurorluğunun mühafizəçiləri mənə bildirmişdilər ki, sən prokurorluğun rəhbərliyindən şikayət etdiyin və rəhbərliyin hərəkətlərindən qəzetlərə tənqidi müsahibələr verdiyin üçün bizə sənin prokurorluğun inzibati binasına buraxılmamağın barədə rəhbərlik tərəfindən göstəriş vermişdir.

 Möhtərəm cənab Prezident! Onu da qeyd edim ki, mən heç vaxt heç bir müxalifət və müxalifət yönümlü siyasi  partiyanın və ya hərəkatın üzvü olmamışam. Həmişə ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olaraq Möhtərəm cənab Prezident Sizin daxili və xarici siyasətinizi dəstəkləyərək təbliğ etmişəm. 2-ci Qarabağ  müharibəsi zamanı və Lokal xarakterli anti-terror əməliyatı ilə Müzəffər Ali Baş Komandan kimi torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunması və Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun bütün ölkə ərazisində tam bərpa olunması ilə bağlı göstərdiyiniz qətiyyətə, şücaətə, dönməz iradəyə və Azərbaycan xalqını öz ətrafınızda dəmir yumruq kimi sıx birləşdirib parlaq qələbə qazanmağınızla fəxr etmişəm və Sizi həmişə dəstəkləmişəm. Hal-hazırda da mən bu əqidədəyəm.

 Möhtərəm cənab Prezident! Göstərilənləri nəzərinizə çatdırmaqla Sizdən Qanunların Aliliyi naminə xahiş edirəm, keçmiş Baş Prokuror İxtiyar Şirinovun mənim barəmdə verdiyi 17 fevral 1993-cü il tarixli qanunsuz əmrini, həmçinin mənim guya uzun müddət işə çıxmamağımla bağlı prokurorluq orqanlarından xaric olunmağım barədə Baş Prokuror Əli Ömərovun verdiyi  22 sentyabr 1993-cü il tarixli əmrinin ləğv edilib,  mənim Baş Prokurorun müavini kimi hüquqlarımın  bərpa olunmasına, eyni zamanda təqaüd yaşım tamam olduğundan, mənim təqaüdə çıxmağımla əlaqədar   işdən azad olunmağım üçün müvafiq göstəriş verəsiniz. 31 ildən artıq müddət ərzində özümdən asılı olmayaraq işə çıxmamağımla bağlı buraxılmış müddəti üzrlü hesab edib, mənə həmin illər üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi barədə müvafiq qərar qəbul olunmasına köməklik edəsiniz. Tam səmimiyyətlə bildirirəm ki, mənə hesablanmış əmək haqqını və digər ödənişləri tam olaraq Dövlətimizin imicinin beynəlxalq aləmdə möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyət göstərən, Respublikamızda gedən genişmiqyaslı tikinti-quruculuq işlərində fəal iştirak edən, sosial ehtiyacları olan insanlara qayğı göstərən, qazilərimizə və Qarabağ şəhidlərinin ailələrinə dayanıqlı yardımlar göstərən, Qarabağ müharibəsində əlil olmuş, yaralanmış qazilərimizin, o cümlədən digər xəstə insanların xaricdə müalicəsinə daima köməklik göstərən xalqımızın fədakar qızı, mərhəmətli, humanist və qayğıkeş dövlət xadimi Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduna keçirmək niyyətindəyəm.

Möhtərəm cənab Prezident! Göstərilənləri nəzərinizə çatdıraraq bir daha Sizdəın xahiş edirəm, ərizəmə baxılıb müsbət həll olunmasına kömək edəsiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm.

Qoşma:1. Milli Məclisin 12 oktyabr 1993-cü il tarixli məktubunun və 02 aprel, 23 iyul və 23 sentyabr 1993-cü il tarixli protokollarının surətləri- 5 vərəq;

 2.Milli Məclisə göndərdiyim ərizənin surəti-2 vərəq;                        

 3.Milli Məclisin 15 yanvar 2024-cü il tarixli məktubunun surəti-1 vərəq;

 4.Baş Prokurorun müavini vəzifəsindən azad olunmağım barədə əmrin surəti-1 vərəq;

  5.Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında 12 yanvar 1993-cü il tarixli qanunun surəti-1 vərəq;

  6.Baş Prokurora göndərdiyim ərizənin surəti-4 vərəq;

  7.Baş prokurorluğun cavab məktubunun surəti-1 vərəq.

Sizə dərin inamla və ədalətinizə güvənərək:

Hörmətlə:   M.Y. Cəfərov».

REDAKSİYADAN: inanırıq ki, tezliklə yuxarıda qeyd olunan problem qanuni əsaslarla həllini tapacaq.

Əlavə məlumat veriləcək.

Təqdim etdi: A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN