(Teatral yazılar silsiləsindən təkliflər paketi)

...Mənim  bundan əvvəlki yazım, hansı ki,  19-21 iyul 2024-cü il  tarixlərində "Təzadlar" qəzetində və eyni adlı saytda getmişdi, belə adlanırdı : “Teatr Xadimləri İttifaqının son uğurları”. Çox maraqla qarşılandı. Həmin yazımda Teatr Xadimləri İttifaqının 1896-cı ildə Milli Teatrımızın yaradıcısı Həsən bəy Zərdabi tərəfindən Bakıda “Birinci müsəlman dram truppası” adı ilə ilk peşəkar teatr kollektivi kimi fəaliyyətə başlaması və 1897-ci ildə “Artistlər İttifaqı”  adı ilə  davam etdirilməsi, 1917-ci ildən  “Müsəlman Artistlər İttifaqı”, 1920-ci ildən  “Türk Aktyorlar İttifaqı”, 1945-ci ildən  “Azərbaycan Teatr Cəmiyyəti”  kimi fəaliyyətini uğurla  davam etdirməsindən, 1987-ci ilin 27 fevral tarixli təsis Konfransının qərarı ilə  “Azərbaycan Teatr Xadimləri İttifaqı” adlandırılımasından bir salnamə kimi geniş yazmışdım. Mənim həmin yazım, Teatr Xadimləri İttifaqının XV konfransına toplaşanlar tərəfindən də çox yüksək səviyyədə qarşılandı. Xoş sözlər deyildi  və mən də sevindim ki, bu müqəddəs işlə bağlı yaxşı iş görmüşəm.

***

Beləliklə,  22 iyul 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının XV Konfransı keçirildi. Konfransda 75 nümayəndədən 67 nəfər iştirak edirdi. Mənim təklifim və nümayəndələrin yekdil qərarı ilə Azərbaycan Respublilasının Əməkdar artisti Azad Şükürov iclasın sədri seçildi.  Konfransda Teatr Xadimləri İttifaqı sədrinin  səlahiyyətlərini icra edən birinci müavin, Xalq artisti Hacı İsmayılovun  hesabat mərusəzi, daha sonra Təftiş və Mandat komissiyalarının hesabatları dinlənildi. Konframs iştirakçılarının yekdil qərarı ilə hesabatlar qənaətbəxş hesab olundu.

Məryəm Əlizadə,  Mərahim Fərzəlibəyov,  Sabir Məmmədov,  Əli Əmirli, Ağalar İdrisoğlu,  Şövqi Hüseynov,  Larisa Tarusova,  İntiqam Soltan, İlham Namik-Kamal,  Rəhman Rəhmanov  və başqaları çıxış etdi və teatrların bəzi problemlərindən danışdılar. Hər birinin də çıxışı maraqla qarşılandı.  Sonra İttifaqa növbəti 5 il üçün Sədr seçkisi keçirildi.

İttifaq üzvlərinin yekdil qərarı ilə Azərbaycanın Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı,  “Şöhrət” ordenli  Hacı İsmayılov İttifaqın  yeni Sədri seçildi.

Beləliklə, Sovetlər Birliyi dövrünün ilk illərindən bu təşkilatın sədri Abbas Mirzə Şərifzadə, Mərziyyə Davudova, Rza Təhmasib, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov, Azər Paşa Nemətov  olmuşdu. Və indi də Hacı İlsnayılov bu sükanın başında durdu. Hacı İsmayılov onuncu rəhbər oldu. Yeni seçilən Sədr ona göstərilən etimada görə Konfrans nümayəndələrinə təşəkkürünü bildirdi və İttifaqın İdarə heyətinin yeni tərkibini elan etdi.  Azərbaycan Teatr Xadimləri İttifaqının  İdarə heyətinə  bu sənətkarlar seçildilər: İlham Namiq Kamal, Cənnət Səlimova,  Siyavuş Kərimi, Mərahim Fərzəlibəyov,  Azər Zeynalov,  Azad Şükürov, İlham Əsgərov.

Bu sənət insanlarının seçilməsi konfransa gələnlərin hamısının ürəyincə oldu. Və mən əminəm ki, bundan sonra da Teatr  Xadimlər İttifaqında əvvəlki illərdə olduğu kimi maraqlı işlər görüləcək. Təkcə biz sənət insanları yox, tamaşaçılar da çox razı qalacaqlar.

Mən XV Konfransda bir sıra təkliflər verdim və bu təkilflər də maraqla qarşılandı. İndi həmin təklifləri sizinlə də bölüşmək istəyirəm, əziz oxucular.

a

BİRİNCİ:  Teatrlar  uzun illərdir ki, binanın kommunal xərclərini ödəməkdə böyük çətinlik çəkirlər. Çünki biletlərdən gələn cüzi pulla kommunal xərclərini, işıq pulunu, su pulunu  ödəmək çox çətindir. Bu sahədə də teatrlara hökmən dövlət səviyyəsində  köməklik olmalıdır. Belə olmasa teatrlar özlərini dolandıra  bilməz. Ümumiyyətlə, teatrdan çox cüzi səviyyədə vergi tutuimalı, ya da teatrlar vergidən tam  azad olmalıdırlar ki, heç olmasa özlərini dolandıra bilsinlər.

İKİNCİ:  Bu gün ən dözülməz hallardan biri də teatr və kino sahəsində çalışanların çoxunun ev problemidir. Bu, doğrudan  da ən böyük və dözülməz problemdir. Doğrudur. Ölkə başçısı, Ali Baş Komandan cənab İlham  Əliyev tərəfindən  Xalq artistlərinə ev verilir.  Əməkdar incəsənət xadimlərinə, Əməkdar artistlərə, Əməkdar mədəniyyət işçilərinə və sıravi aktyorlara, aktrisalara və uzun illər teatrda yüksək səviyyədə  çalışan başqa işçilərə ev verilmir. Bu məsələnin həllini yalnız və yalnız  ölkə başçısı  cənab İlham Əliyev  həll edə bilər.  Əgər bu problemli məsələ Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən məntiqi dəlillərlə qaldırılsa, jurnalistlərə, idmançılara  ev verilən kimi mədəniyyət işçilərinə də ev verilə bilər. Axı  jurnalistlərə iki bina verilib.  Yazıçılara və idmançılara  da mütəmadi ev verilir.  Lap yaxşı. Mən bunun əlehinə deyiləm. Bəs teatr işçiləri? Məgər onlar bu dövlət üçün yazıçılardan, jurnalistlərdən, idmançılardan az iş görürlər? Məgər onlar Azərbaycan vətəndaşı deyillərmi? Axı onlar aldıqları 300-500 manat maaşla heç vaxt özlərinə ev ala bilməzlər...  Azərbaycanda isə  dörd  minə yaxın  insan teatrlarda çalışır. Onların da ən azından tən yarısının evi yoxdur. Belə olduqda bəs niyə  Bakıda  boş qalan  hündür  mərtəbəli  binalardan  ikisi-üçü  onlara verilməsin?  Eləcə də bölgələrdə olan teatrlarda işləyənlərə ev verilməsin?  Axı belə olsa gör neçə rejissorun, aktyorun, aktrisanın, teatr işçisinin ev problemi həll olunar... Bu adamlarda da yaşamağa, işləməyə həvəs çox artar. Fikirləşərlər ki, onların arxasında dayanan,  onları sevən, onlara böyük qayğı  göstərən  ölkə  başçısı  və mədəniyyətə can yandıran  insanlar  dayanıb.  Əgər bununla bağlı  məktub  ölkə başçısına  verilsə inanıram ki, tam  reallaşar. Cənab  prezidentimiz İlham Əliyev  Qarabağ müharibəsinin qalibi Ali Baş Komandan kimi xalqın  sevimlisidi. Teatr işçilərinin ev problemini həll etməklə,  teatr, kino aləminin də  sevimli  insanı olacaq. Axı teatr, kino işçiləri dərviş kimi insanlardır. Bu müqəddəs, xeyirxah məsələni hər yerdə danışacaqlar. Bu, rəhbər üçün  ümumxalq məhəbbəti qazanmağın ən gözəl və düzgün üsuludur. Belə olsa teatr işçiləri də  özlərini arxalı  bilirlər. Bu ölkədə isə ölünün də, dirinin də yiyəsi olmalıdır...

ÜÇÜNCÜ: Teatr sahəsində  dörd  minə yaxın  insan işləyir. Bu insanların 700 nəfərindən çoxu da  Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.  Bu seçkidən sonra da ən azından 100 nəfər teatr işçisi Teatr Xadimləri  İttifaqına  üzv  olacaq. Amma onların istirahət evləri yoxdur.  Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının və Bəstəkarlar İttifaqının istirahət evləri var.

Xalq artisti Həsənağa Turabov  Teatr  Xadimlər İttifaqının prezidenti olanda, Azər Paşa Nemətov sədr və biz altı nəfər- Qəzənfər Topçiyev, Bala Qasımov, Yaşar Nuriyev, Lyüdmila Duxovnaya, Kamal Aslanov və mən də katib idik.  O vaxt biz məsələ qaldırmışdıq ki, teatr işçiləri üçün istirahət evi tikilsin. Həsənağa Turabovovun respublikada hörməti çox böyük idi. Məhz ona görə istirahət evini tikmək üçün imkanlı  təşkilatlar pul da köçürməyə hazir idilər. Sumqayıtda mənim dostum vardı. Nizami. Yaxşı memar idi. Mən ondan xahiş etmişdim və  bir maraqlı layihə də hazırlamışdı. Bu işə Teatr Xadimləri İttifaqı özü  bir manat da pulu xərcənməyəcəkdi. Amma hansı səbəbdənsə yuxarı dairələrdən  bu xeyirxah məsələni  reallaşdırmağa  bizə icazə vermədilər...

İndi ölkəmizdə  yüksək iqtisadi gəlirlərin olduğu və  böyük quruculuq işləri getdiyi bir vaxtda yaxşı olar ki, ölkə rəhbərliyi qarşısında məsələ qaldırılsın və teatr işçiləri  üçün elə Qarabağda – Şuşada, Xankəndində, Ağoğlanda  ya da Şabranda İstirahət evi tikilsin və orada hər cürə şərait yaradılsın ki, bu sahədə çalışanlar gedib orada  heç olmasa on beş gün istirahət edib, gündə üç dəfə yemək yeyib, müalicə olunsunlar. Axı teatr sahəsində çalışan insanarın  dövlət və dövlətçilik sahəsində apardığı təbliğat bütün sahələrdə çalışan insanlardan daha yüksəkdir.

DÖRDÜNCÜ: Bu gün əyalətdə olan teatrlarda çoxlu istedadlı gənclər çalışır, amma heç birinin ali aktyorluq təhsili yoxdur. Onlar yalnız teatrdakı studiyada peşəkar aktyorlardan  bu sənətin bəzi elementlərini öyrəniblər və öz istedadları hesabına da rollar  oynayırlar. Yaxşı olar ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı  Elm və Təhsil Nazirliyi ilə danışıb, Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetində  4 illik  qiyabi aktyorluq kursları açsın və bu istedadlı gənclər də gəlib həmin Universitetdə tanınmış pedadqoqlardan aktyor sənətinin, səhnə danışığının, plastikanın  sirrlərini  mükəmməl səviyyədə öyrənsinlər. Yadıma gəlir  ki, mən  Moskvada  A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda  ( indiki Teatr Akademiyasında)  təhsil alanda  belə  qiyabi aktyorluq kursları da  vardı. Orada təhsil alan həmin adamlar sonralar işlədikləri teatrlarda aparıcı aktyorlar oldular və  Rusiya Fedorasiyasının  və başqa respublikaların  ən aparıcı aktyorları  kimi tanındılar və indi də tanınırlar. O gözəl iş, yaxşı ənənə  bu gün də orada  davam  edir. Hətta orada qiyabi rejissorluq kursları  da  var. Respublikamızda  rejissorluq qabiliyyəti olanlar gedib orada ali təhsil alıb, sonra  Azərbaycana gəlib, rejissor kimi öz fəaliyyətini uğurla  davam  etdirə  bilərlər.  Rejissorluq qabiliyyəti olan  adamları da Mədəniyyət  Nazirliyinin xətti ilə  ora göndərmək olar və orada  qiyabi rejissorluq təhsili alarlar. Bütün  bunların yalnız Azərbaycan teatrlarına və rejissurasına  çox böyük xeyiri dəyər. Beləliklə, teatrlarda öz dəsti-xətti olan rejissorlar yetişər. Bir-birindən  maraqlı çoxlu tamaşalar yaranar. Çünki rejissorluq sənətdir. Bunun hökmən təhsilini almaq lazımdır.

a

BEŞİNCİ: Bu gün Tiflisdə və Dərbənddə iki Azərbaycan Dövlət Dram Teatrı fəaliyyət göstərir. Hətta Tiflisdə olan Azərbaycan Dövlət Dram Teatrı ulu öndər Heydər Əliyevin  adınadır. Bu gün bu teatrlarda ali təhsilli rejissorlar, aktyor və aktrisalar  demək olar ki, yoxdur. Bu məsələni kim həll etməlidir? Dərbənddə teatr üçün bina da tikilib. Əgər teatr həmin binada mütəmadi tamaşalar oynamasa tezliklə həmin binanı onların əlindən alacaqlar... Biz bir millət olaraq, hökmən bu iki teatra sahib çıxmalıyıq. Onlara da bütün şəraitləri yaratmalıyıq  ki, lazım olan səviyyədə işləyə  bilsinlər. Özü də bu şərait Azərbaycan dövləti  səviyyəsində olmalıdır.

ALTINCI: Bu gün Bakıda, Gəncədə, Masallıda, Şabranda və başqa bölgələrdə maraqlı işləyən, yaxşı tamaşalar hazırlayan  Xalq teatrları  və  Özəl teatrlar  var. Amma məsələ belədir ki, Mədəniyyət Nazirliyi tərəfindən bu Xalq teatrlarına cəmi iki ştat verilib. Bir rejissor ştatı və bir də rəssam ştatı. Həmin Xalq  teatrlarında rollar oynayan həvəskar aktyorların  isə  bəziləri başqa sahələrdə işləyirlər və bəziləri iş olmadığına görə işləmirlər. Əlbəttə, belə adamların marağı olmayacaq ki,  güzəranlarının  belə çətin durumunda gəlib həmin Xalq teatrında mütəmadi rollar oynasınlar. Amma Azərbaycanda inkişaf etmiş təxminən 10 Xalq teatrına və Özəl teatrlara  Dövlət Teatr-Studiyası adı verilsə və yaradıcı, inzibati heyyət üçün əlavə 20-30  ştat verilsə, qısa vaxtda bölgələrimizdə teatrların inkişafı sürətlənər və həm də bölgələrdə teatra maraq çox artar. Ən əsası isə çoxlu istedadlı gənclər yetişə bilər.

Belə Teatr-Studiyaları Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Şamaxıda, Zaqatalada, Qəbələdə, Masallıda, Şabranda  və başqa bölgələrdə yaratmaq olar. Bu, həm Dövlət  teatrları  arasında rəqabəti artırar və həm də çoxlu istedadlı teatr xadimləri yetişər. Bu gün  Özəl teatrların çoxunun binaları yoxdur. Amma çoxlu Mədəniyyət evlərimiz var ki, orada heç bir iş görülmür. Yaxşı olar ki, həmin Teatr-Studiyalar və Özəl teatrlar  həmin Mədəniyyət evlərində yerləşdirilsin. Eləcə də çoxlu insanların yaşadığı böyük massivlər var ki, onların binalarının zirzəmisi bom-boşdur. Həmin zirzəmiləri təmizləyib o Teatr-Studiyalara və Özəl teatrlara vermək olar. Bununla həmin yerlərdə, yaşayış  massivlərində  teatra maraq çox artar və narkomaniyanın qarşısını da bu yolla almaq olar.

YEDDİNCİ:   Əgər teatrın özünün binası yoxdursa, həmin teatrdan şedevr  tamaşalar gözləmək absuddur. Çox təəsssüf ki,  86 yaşlı Qazax Dövlət Dram Teatrının, 32  yaşlı Dövlət Qusar Ləzgi Dram Teatrının, 31 yaşlı Bakı Bələdiyyə Teatrının və 25 yaşlı Bakı Uşaq və Gənclər Teatrlarının binaları yoxdur. Ölkəmizin iqtisadi cəhətdən güclü olduğu bir vaxtda bu teatrlar üçün bina tikmək doğrudanmı çox çətin məsələdir?  Əlbəttə ki, yox. Sadəcə buna görə milli istək olmalıdır.

 SƏKKİZİNCİ:  Son vaxtlar ayrı-ayrı sahələr regionlaşır. Belə ki, Regional Mədəniyyə İdarələri. Regional Təhsil İdarələri. Regional İdman İdarələri. Səhiyyədə də iki hakimiyyətlik var. Səhiyyə  Nazirliyi və TƏBİB. Mən, ömürün artıq 75-ci ilini yaşayan, çox böyük həyat təcrübəsi olan və azdan-çoxdan savadlı insan, dünya ədəbiyyatı, incəsənəti, mədəniyyəti ilə  mütəmadi maraqlanan ziyalı kimi deyirəm ki, bu ideyalar kökündən səhfdir və zaman gələcək biz bunun böyük  əziyyətini çəkəcəyik. Axı təkcə bir rayonda təhsilə, mədəniyyətə rəhbərlik etmək çox çətindir. Birdən-birən dörd-beş rayonu birləşdirib, onlara necə rəhbərlik etmək olar?  Hətta ən dözülməz haldır ki, bölgələrdə olan Dövlət Dram Teatrları da Regional Mədəniyyət İdarələrinin tabeliyinə verilir.  Axı bu, necə ola bilər? Mədəniyyət evləri tamam başqa sahə,  teatrlar isə tamam başqa sahələrdir. Baxmayaraq ki, hər ikisi mədəniyyətə xidmət edir, amma hər birinin gördüyü sahə tam başqadır. Təsəvvür edin. Bunu qonşularımız olan Rusiyada, Gürcüstanda,  Pribaltikada, elə MDB məkanının başqa ölkələrində etmək olarmı? Onlar belə bir eksperiment aparıblarmı?  Doğrudanmı bizim məmurlar həmin ölkələrin məmurlarından çox ağıllıdır?..

a

Yadıma gəlir ki, mən 1989-cu ildə Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru təyin olunanda bizim əmək haqqımız  Sumqayıt Mədəniyyət İdarəsi tərəfindən verilirdi. Yəni mən rəhbərliyə gələnə qədər iyirmi il belə olmuşdu və həmişə də teatr rəhbərləri ilə Mədəniyyət İdarlərinə rəhbərlik edənlər arasında böyük konfliktlər yaşanmışdı. Çünki Mədəniyyət İdarələri mütəmadi teatra əmək haqqını və sairə xəclərin pulunu onlara vaxtında keçirtmürdülər. Mən teatra rəhbərlik elədiyim elə birinci ayda, yəni yanvar ayında bu məsələni Sumqayıt şəhər rəhbərliyi, rəhmətlik Zülfü Hacıyev  və Mədəniyyət Nazirliyi qarşısında qaldırdım və məntiqi cəhətdən öz fikrimi onlara tam sübut etdim. Artıq fevral ayında teatr üçün ayrıca hesab açıldı və bütün pullar da həmin hesaba köçürüldü. Mən də ilin axırında buna görə  Sumqayıt Maliyyə idarəsinə, Mədəniyyət Nazirliyinə hesabat verdim.  Bax, teatrlarla  Regional Mədəniyyət İdarələrini də gələcəkdə belə böyük problemlər gözləyir. Az bir vaxtda hamımız bunun tam  şahidi olacağıq... Çünki teatr rəhbərlərinin  bütün səlahiyyətləri əllərindən alınacaq və  onlar da heç xadimələri  də özləri işə götürə bilməyəcəklər. Necə ki, məktəb direktorlarının da bütün səlahiyyətləri əllərindən alınıb...  Onların əvəzinə bütün işi Regional İdarlər  həll eləyir. Hətta özləri istədikləri müəllimi də məktəbə göndərirlər. Direktora da tapşırırlar ki, zəif müəllim olsa da onunla işin olmasın...

Amma Estoniyada məktəbi bütövlükdə məktəb direktoruna veriblər. O, nəinki bütün müəllimləri, başqa işçiləri də  özü işə götürür və hətta məktəbin təmirini, ora lazım olan bütün ləvazimatların alınmasını  da məhz Bələdiyyədən ayrılan pulla  özü həll eləyir.

Bu, uzun müddət davam eləsə, teatrlara böyük zərbə dəyəcək. Eksperiment yaxşı şeydir. Amma təhsildə, səhiyyədə, mədəniyyətdə, idmanda  Regionallıq kimi primitiv  eksperiment aparmaq, mənim fikrimcə olmaz. Bu, ilk növbədə xalqın ziyanınadır. Xalq da bunu artıq yaxşı qarşılamır...

DOQQUZUNCU:  Rayonlarda Təhsil idarələrinin rəhbərlərinin çoxu uzun illərdir ki,  şagirdlərin teatr tamaşalarına getməsinin qarşısını alırlar. Bir vaxtlar Azərbaycan Təhsil Nazirliyində  düşmən mövqeyli belə bir əmr verilmişdi.  “Şagirdlər teatr tamaşalarına getməsin və onlara teatr biletləri satılmasın”. Təxminən böyük bir nəsil teatrlardan uzaq düşdü və çox bəsit böyüdülər.  Həmin nəsillərdə narkomaniyaya, tərbiyəsizliyə, savadsızlığa, nadanlığa, ailələrin dağılmasına  meyil çox artdı. Görürsünüzmü? Onun bəlasını indi çox çəkirik. Rayonda  da  birinci adamın teatra maraq göstərməməsi  bolgələri iflic vəziyyətinə salır. Teatr kimi bir məbəddən uzaqlaşdırır... Bax, bununla da narkomaniya, nadanlıq, gənc ailələrin dağılması  günü-gündən çoxalır... Axı teatr həm valideynin, həm müəllimin və həm də şagirdin böyük tərbiyə  ocağıdır. Teatrın verdiyi böyük intellekti heç bir məktəb verə bilməz. Məhz buna görə də Avropa və dünya  ölklərində teatra maraq çox böyükdür. Ona görə də Təhsil Nazirliyi və  rayon rəhbərləri  qarşısında ölkə rəhbəliyi səviyyəsində məsələ qaldırılmalıdır ki, teatrlara köməklik etsinlər.

Gəlin bir həqiqəti danmayaq ki, bölgələrdə olan teatrlara qarşı əksər İcra Hakimiyyəti başçıları və onların ətrafında olanlar çox biganədirlər. Hətta  onların hazırladıqları tamaşalara belə gəlib baxmırlar. Mənim yadımdadır ki, ulu öndər  Heydər Əliyevin birinci hakimiyyəti dövründə rayonlara rəhbər təyin olunanda onlardan incəsənətə, ədəbiyyata, idamana  maraqları yüksək səviyyədə yoxlanılırdı. Məhz ona  görə də bu insanlar yüksək teatral, ədəbiyyat, idman həvəskarı olurdular və rəhbərlik elədiyi  rayonlara  gələn teatrlara da hər gürə şərait yaradırdılar.

Həmin müqəddəs işi bu gün də rayonlarda  davam etdirmək olar. Əgər bu gün ölkə başçısı səviyyəsində  onlara qəti tapşırılsa ki, teatrlara lazım olan bütün şəraitləri yaratsınlar və özləri də hazırlanan hər tamaşaya gedib baxsınlar,  həmin tamaşalara tamaşaçı cəlb etsinlər onda həmin rayonlarda teatrlara və kinoya  qarşı böyük dönüş olar. 

ONUNCU:  Bölgələrdən teatrlar  Teatr Xadimlər İttifaqının maliyyə dəstəyilə  “Qonaq Teatr” layihəsi çərçivəsində  ən yaxşı tamaşalarını gətirib Bakıda, Aktyor evində göstərirlər. Amma Azərbaycan televiziyaları gəlib həmin tamaşaları çəkmirlər. Heç Azərbaycan Radio və Televiziya Qapalı  Səmdar  Cəmiyyətinin tərkibində olan  Mədəniyyət kanalı belə gəlib həmin tamaşaları çəkmir. Gəlin bütün teatr işçiləri və ümumiyyətlə bir millət kimi məsələ qaldıraq ki, həmin tamaşalar gələcək nəsillər üçün çəkilb saxlanılsın. Axı illər keçəndən sonra həmin tamaşalarda oynayan aktyorlar, aktrisalar və tamaşaya quruluş verən rejissorlar dünyalarını dəyişəcəklər. Biz onları gələcək nəsillərə daha yaxından tanıtmaq  üçün nə göstərəcəyik?  Onsuz da müsəqillik qazandığımız bu illərdə biz, bu  müqəddəs işlərin çoxunu görməmişik. Heç olmasa səhvimizi başa düşüb, bundan sonra bu müqəddəs işləri reallaşdıraq. Bu müqəddəs  işi görməkdə də  televiziya rəhbərlərində  maliyyədən öncə  bir milli ruh yaradaq...

ON BİRİNCİ: Bu gün ali təhsil alan cavan aktyorlar, aktrisalar və başqa peşə sahibləri bölgələrdə işləməyə getmirlər. Bu, çox böyük  problemdi. Çünki  bilirlər ki, həmin yerlərdə onlara rayon rəhbərliyi səviyyəsində heç bir şərait yaradılmayacaq. Həmin adamlar aldıqları əmək haqqını verib, mənzil kirayə eləyəcəklər. Bəs onda nəylə dolanacaqlar?  Bax, bu sualın cavabı çox çətindir... Mən də bu suala cavab verməyə acizəm. Bu gün bölgə teatrlarında işləyən rejissorlar öz hesablarına, ya da teatr direktorunun hesabına ev kirayə  tutub, orada yaşayırlar. Bəs onda həmin rayonun rəhbəri nə iş görür? Mənə elə gəlir rayonlarda hökmən bununla bağlı Qonaq evləri olmalıdır və həmin rayona gələn cavan mütəxəsislər həmin evdə yaşamalıdırlar. Bax, onda rayonlara bütün sahələr üzrə mütəxəssislər gedib işləyə bilər. Sovetlərin vaxtında  Mingəçevirdə, Sumqayıtda,  Lənkəranda  və Şəkidə yaradılan teatrlara həmin rayonların rəhbərləri İsa Məmmədov,  Nadir Balakişiyev, Şənlik  Əliyev, Zülfü Hacıyev  və Sadıq Murtuzayev ayrıca mənzillər vermişdilər.  Eləcə də müəllimlərə, həkimlərə, idman mütəxəsisilərinə və başqa cavan insanlara da  evlər verilmişdi. Hətta bu insanların çoxu təyinat müddəti bitəndən sonra da həmin rayonlarda qalıb işlədilər. Məgər bu işi indi görmək mümkün deyilmi? Əlbəttə, mümkündür. Sadəcə rayon rəhbərlərində  Azərbaycan ədəbiyyatına, təhsilinə, səhiyyəsinə, mədəniyyətinə və idmanına böyük maraq və sevgi  olmalıdır.

ON İKİNCİ:  “Yaş senzi”  teatrlardan, təhsildən, səhiyyədən, idmandan  hökmən götürülməklidir.  Ölkəmizdə “Yaş senzi” 1937-38-ci illərin bu gün mədəni formasıdır. Həmin illərdə insanları güllələyirdilər, sürgünə göndəriblər. Amma  indi mədəni formada infakt, insult  eləyib haqq dünyalarına göndərirlər. Bu gün dünya teatrlarında yaşı doxsanı keçən çoxlu aktyorlar, aktrisalar, rejissorlar və eləcə də başqa peşə sahibləri  çalışır. Məgər biz dünya millətlərindən çox ağıllıyıq ki, 65 yaşı tamam olanı  “Yaş senzi” adı  ilə ya işindən uzaqlaşdırırıq, ya da əlli faiz əmək haqqına keçiririk... Bu gün teatr işçiləri bununla bağlı həyəcan təbili çalmalıdırlar! Hökmən “Yaş senzi” aradan götürülməlidir. Çünki “Yaş senzi” təhsilmizi də, səhiyyəmiz də, mədəniyyətimiz də, idmanımızı da iflic eləyib... Axı təcrübəli mütəxəssilərə xalqımızın böyük ehtiyacı var. Əgər bu, “Yaş senzi” qanunu hamıya şamil olunursa, bəs onda yaşı yetmişi, səksəni keçmiş Millət vəkillərinə, Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Elmlər Akademiyasında çalışanlara niyə şamil olunmur?..

Bu işdə də Teatr Xadimlər İttifaqı avanqard olmalıdır. Bununla bağlı ölkə başçısına məktub ünvünlamalıdır. İnanıram ki, cənab İlham Əliyev bunu müsbət həll edər.

ON  ÜÇÜNCÜ: Bu gün 700 nəfərdən çox insan Teatr Xadimləri İttifaqının üzvüdür. Təklif  edirəm ki, hər birimiz  Teatr Xadimləri İttifaqına ayda cəmi beş manat üzvülük haqqı ödəyək. Bir ildə bu, çox böyük pul eləyir. Həmin pulla da respublikamızın üç-dörd  teatrı  bir il ərzində  özünün ən yaxı tamaşası  ilə  xarici ölklərə gedib,  tamaşalarını oynaya bilər və teatrımızı dünyada  lazımı səviyyədə  tanıdarlar. Bundan da Azərbaycan və məmləkətimizin mədəniyyəti qazanar.

Cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin belə bir maraqlı kəlamı var. Mən istəyirəm ki, həmin kəlamı burada yazım: “Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdir. Beləliklə, Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi ilə qarşısında geniş üfüqlər açılan  Milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır”.

Biz də bir millət, qalib xalq olaraq teatrlarımızı qorumalı, onların hazırladığı tamaşalara  getməli və sənət ustalarımızla fəxr etməliyik. Axı teatr millətin ülvi sənət nümunəsi və məbədidir. Bu məbəddə çalışanlar da Ulu Tanrı tərəfindən seçilmişlər və ülvi insanlardır. Onları sevmək və onlara böyük hörmət etmək bir millət kimi hamımızın müqəddəs borcudur. Çünki öz milli ədəbiyyatını, teatrını, kinosunu  sevən, deməli, özünü, millətini, onun tarixlərdən qorunaraq, bizə qədər gəlib çatan mədəniyyətini sevir. Qoy bu sevgimiz də həmişə uca olsun.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi,

yazıçı-rejissor

 21-23 iyul 2024-cü il

 P.S. Mən bunu da qətiyyələ deyirəm ki, fəlsəfə elmləri doktoru, çox dəyərli ziyalı, xeyirxah insan Zakir Bağırovdan sonra mən yalnız cənab Adil Kərimlinin Mədəniyyət naziri kimi işini  yüksək  səviyyədə  qiymətləndirirəm və dəyərləndirirəm. Elə sadəcə bunu deyim ki, əvvəlki Mədəniyyət nazirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının  və Gəncə Dövlət Dram Teatrının Milli Teatr adı almasında heç bir iş görmədilər. Amma cənab Adil Kərimli bu Nazirliyə rəhbərlik etdiyi bir il müddətində bu müqəddəs məsələni reallaşdırdı. İnanıram ki, o, Azərbaycan mədəniyyəti üçün çox işlər görəcək.  Hətta Dövlət Qusar Ləzgi Dram Teatrna və Azərbaycan Dövlət Kukla Teatrına da Milli status verilməsinə də  nail olacaq. Sadəcə Teatr Xadimlər İttifaqının yeni seçilən heyyəti onunla sıx  iş birliyi qursalar, yuxarıda verdiyim təkliflər də tezliklə reallaşar. İnanıram ki, yuxarıda yazdıqlarımı yeni seçilən heyyət özlərinin müqəddəs işləri biləcəklər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN