booked.netbooked.net booked.net  

Bu günlərdə, təəssüf ki, eyni vaxtda iki cəbhədə döyüşməyə məcburuq. COVID-19 pandemiyası gözəgörünməz, ermənilər isə çirkin siyasətli, fürsətbazdırlar.

2020-ci ilin iyulunda Tovuz rayonunun Ağdam kəndi istiqamətində Ermənistanın azğınlaşmış silahlı qüvvələrinin məlum sərhəd təxribatından azacıq sonra – avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “COVID-19 diaqnozlu xəstələrə psixoloji yardım və düzgün müalicə prinsipləri” mövzusunda keçirdiyi onlayn konfransda ictimai birlik sədri olaraq mənim üçün çıxış etmək çox çətin və ağrılı idi. Bunun bir neçə səbəbi vardı: canı-qanı ilə torpaqlarımızın bütövlüyü uğrunda ölməzlik zirvəsinə ucalan yeni şəhidlərimizə saxladığım hüzn, məcburi köçkün olaraq doğulduğum və itirdiyim yurd yerim sayılan Kəlbəcər və Dağlıq Qarabağda hələ də düşmən tapdağı altında inləyən torpaqlarımızın ağrısı, namərdcəsinə öldürülən hərbçilərimizin həyatı...

Bu il iyulun 12-də, gecə yarısı qardaşım Əlirza qəfildən evdə bizimlə sağollaşmağa başladı. Tovuz rayonuna gedəcəyini bildirəndə biz iki bacı etiraz etdik. Bizim özümüzə məxsus arqumentlərimiz vardı: qardaşı¬mızın atdığı addımın pandemiya və karantin qaydalarına zidd olduğunu, bu cür qeyri-rəsmi yola çıxmağının xeyrindən çox zərəri olacağını söylədik.

Düzünə qalsa, mən sözümün davamını ürəyimdə pıçıldadım: “Əziz qardaşım Əlirza, bilirəm, qəlbin yalnız Qarabağla, Kəlbəcər həsrəti ilə döyünür. Uşaq vaxtı vaxtsız itirdiyimiz anamızın, doğmalarımızın, əzizlərimizin əbədi yatdığı müqəddəs yerlər tez-tez yuxularımıza girir.

“Bu gün də bir döyüşçü kimi vətənim uğrunda döyüşməyə, Kəlbəcər uğrunda ölümə belə getməyə hazıram. Mən bu müqəddəs yolda döyüşmək, qalib gəlmək istəyirəm. Lap lazımsa, şəhid olmağa belə hər an hazıram. Çünki Vətən eşqi bütün sevgilərdən ucadır!” – bunlar sənin ürək sözlərindir, mediada da geniş yayımlanmışdı:

Bəli, canım qardaşım, biz öz elimizə, Qarabağımıza, Kəlbəcərə, Zəngəzura, bütövlükdə işğal olunmuş torpaqlarımıza dönəcəyimiz günü həsrətlə gözləyirik. Hələ də uşaqlıq illərimizin xatirələrinə qayıtmaq arzusu ilə yaşayırıq. Allah o günü görmək qismətini bizdən almasın!

Həmin tədbir zamanı onlayn konfrans iştirakçılarını, etiraf edim ki, dilim topuq çala-çala salamlayıb çıxışıma belə başladım:

“Öncədən təəssüf hissi ilə qeyd edim ki, bugünkü onlayn görüş zamanı nəzərdə tutulan mövzu ətrafında heç də ətraflı söz açmaq imkanımız olmayacaq. Çünki Ermənistanın növbəti təxribatının ölkəmizdə yaratdığı gərgin emosional-psixoloji vəziyyət, sərhəddə verdiyimiz şəhidlər bizi, istər-istəməz, mövzudan bir qədər kənara çıxmağa vadar edəcək.

İyulun 12-dən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz istiqamətində düşmən ölkənin hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlər hər birimizin psixologiyasına mənfi təsir edib. İşğalçı Ermənistan ordusunun Tovuzun Ağdam kəndi istiqamətində dövlətlərarası məlum sərhədləri pozaraq ölkəmizə yönəli növbəti silahlı təcavüzünün – təxribat xarakterli hücumlarının qarşısı rəşadətli hərbçilərimiz tərəfindən qətiyyətlə alınsa, düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilsə də, bir məsələdə qəti əminik: bu hadisələr zamanı itkilərimiz bizi sarsıtmadı, Vətən uğrunda canını fəda etmiş, ağır döyüşlərdə igidcəsinə iştirak etmiş general-mayor Polad Həşimovla bərabər bir neçə yüksəkrütbəli zabit və sıravi əsgərimiz qəhrəmancasına torpaqlarımızın toxunulmazlığı uğrunda şəhid olublar. General Polad Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması, Azərbaycanın yüksək rütbəli zabitlərinin əsgərlərlə birgə ön cəbhədə, birbaşa döyüşlərdə iştirak etməsi, vətən şərhədlərini öz qanları hesabına qorumaları böyük hərbi rəşadət və qəhrəmanlıq nümunəsi sayılır. Müqəddəs şəhidlərimizi bir daha geri qaytara bilməyəcəyimizi düşünəndə düşmənə nifrətimiz daha da artır.

Onu da bildirim ki, Ermənistan tərəfdən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan ağır artilleriya atəşləri nəticəsində Ağdam kəndinin sakini, 76 yaşlı mülki vətəndaşımız Əziz İzzət oğlu Əzizov həlak oldu. Dinc, mülki əhalinin ağır silahlardan atəşə tutulmasını, qocaların, qadınların, uşaqların qətlə yetirilməsini erməni faşizminin ənənəvi əclaflığı kimi qəbul edirik. Bu döyüşlər göstərir ki, Azərbaycan Ordusu ölkə sərhədlərini qorumağa, düşmənə layiqli cavab verməyə daim hazır və ona qadirdir.

Hadisələr göstərdi ki, qatı düşmən hər zaman olduğu kimi, çox hiyləgər və məkrli siyasət aparır. Ermənilər dəfələrlə belə təxribatlara əl atmaqla ölkəmizdə həyata keçirilən qlobal və milli tədbirləri, dəyərli layihələri arxa plana keçirmək istəyirlər. Lakin onlar yaxşı bilir ki, xalqımızın və dövlətimizin vəhdəti əbədidir! Bu birliyi elə bu günlərdə də gördük, istər qəhrəman şəhidlərimizin dəfn mərasimlərində, istərsə də Bakıda “Qarabağa azadlıq!” şüarı altında keçirilən mitinq-yürüşdə. Bununla belə, təəssüflər olsun, bir qrup şəxs vətənpərvərlərin ozamankı məlum gecə yürüşündən başqa məqsədlər üçün yararlanmağa çalışdı. Aksiya iştirakçılarının əksəriyyəti polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup rəsmi qurumların çağırışına məhəl qoymadı.

Orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşan bir qrup təxribatçı Milli Məclisin binasına qeyri-qanuni yolla daxil oldu, içəridəki avadanlığa zərər vurdu. O zaman hər kəs xatırlayır ki, həmin təxribatçılar tərəfindən jurnalistlərə qarşı zorakılıq halları da baş verdi. Onlar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə cəhd etsələr də, geniş kütlə “Prezident İlham Əliyev”, “Ali Baş Komandan, əmrinə müntəzirik”, “Milli Orduya dəstəyik!” şüarlarını səsləndirdi.

O günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərini, BMT-ni, Avropa Birliyini və aidiyyəti üzrə digər beynəlxalq təşkilatları Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə məruz qoyması ilə bağlı məlumatlandırsa da, bu təcavüzkar dövlətə qarşı heç bir ciddi əməli ölçü götürülmədi, beynəlxalq ictimaiyyət tərəfindən siyasi təzyiqlər edilmədi. Halbuki adıçəkilən beynəlxalq təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə çağırmalı, düşmənin hərbi bölmələrinin dinc əhalini hədəfə götürməsinə vaxtında reaksiya verməli və bunu ciddi qınamalı idi. Hər dəfəki kimi, yenə də ikili standartlardan Azərbaycan zərər gördü.

O məlum yürüş gecəsi gəncləri təxribata sürükləyənlər də vardı: minlərlə insan paytaxtımızın müxtəlif ərazilərindən yürüş edərək “Qarabağ!”, “Orduya dəstək!”, “Ali Baş Komandan, silah ver bizə!”, “İrəli, irəli, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirir, Azərbaycan Ordusuna, onun Ali Baş Komandanına və dövlətə dəstəyini ifadə edirdi. Dəstək aksiyaları paytaxt Bakıda, Xırdalanda, Sumqayıtda və ölkəmizin digər bölgələrində də keçirilirdi. Bu onu göstərirdi ki, Azərbaycan xalqı dövlət başçısının siyasətini bütünlüklə dəstəkləyir, xalq-ordu vəhdətini möhkəmləndirərək cəmiyyətdə işğalçı düşmənə qarşı döyüş ruhunu daim yüksək saxlayır.

Bu ilin əvvəllərindən etibarən koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda özgə ərazilərinə təcavüz edən Ermənistan öz layiqli cəzasını aldı. Ali Baş Komandanın rəhbərliyi altında ordu birləşmələrimiz növbəti dəfə 2016-cı il Aprel döyüşlərini, 2018-ci il Naxçıvan zəfərini ermənilərə xatırlatdı, yağı düşmənə layiqli cavab verildi. Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah, dövlət müstəqilliyi dövrümüzün ən böyük nailiyyəti hesab olunur. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Bəli, bu günlərdə, təəssüf ki, eyni vaxtda iki cəbhədə döyüşməyə məcburuq. COVID-19 pandemiyası gözəgörünməz, ermənilər isə çirkin siyasətli, fürsətbazdırlar. Konfransımızın belə bir şəraitdə keçdiyini nəzərə alsaq, məsələyə bir qədər uzaqdan başlamağa məcbur oduğum üçün iştirakçılardan üzr diləyirəm.

Əslində pandemiya dövründə insanların bir-birindən təcrid olunması, sevdikləri işlərdən uzaq düşməsi psixoloji təsirsiz ötüşmür. Ruh düşkünlüyü, açığını deyək, bekarçılığın yaratdığı stress cəmiyyətdə mənfi ovqatın fəallaşma-sına səbəb olur. Buna görə də yaranmış vəziyyətdə mənəvi tərəfləri düşünmək daha vacibdir. İstər telekanallar, istərsə də mətbuat vasitələri, o cümlədən, internet və müxtəlif sosial şəbəkələr əhalidə ruh yüksəkliyini qoruyub saxla-mağa xidmət etməlidir. Qeyri-hökumət təşkilatları və digər ictimai birliklər cəmiyyətin mənəvi tarazlığını tənzimləyən orqanlarla, təşkilatlarla birgə ideoloji-mənəvi sahələrdə fəaliyyətlərini yüksək psixoloji hazırlıqla həyata keçirməlidirlər. Bir sözlə, keçirilən yığıncaqlar, konfranslar daha çox insan amilinə hesablanmalıdır. Bu məsələ öz əksini hətta gündəlik, aylıq və illik iş planlarında da tapmalıdır.

"Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi dövlətimizin sosial-mədəni siyasətini dəstəkləyərək, mütəmadi olaraq Azərbaycan ailə dəyərlərinin, milli-mənəvi məsələlərin tanıtımı və təbliği istiqamətində layihələr həyata keçirir. Təşkilat mütəmadi olaraq milli ailə modellərinin təhlili məqsədilə kütləvi araşdırmalar, elmi-sosioloji təhlillər də aparır.

2019-cu ildə "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində "Modern Azərbaycan ailə modeli” elmi-kütləvi toplusunda, bundan sonra hazırda təklif etdiyimiz “İtkin düşmüş şəxslərin, qaçqın və məcburi köçkün ailələrinin üzvlərinə psixoloji-mənəvi dəstək tədbirlərinin təşkili” adlı yeni layihə çərçivəsində nəşri nəzərdə tutulmuş topluda vətəndaş-cəmiyyət məsələlərinin psixo-sosial tərəfləri də təhlilə cəlb olunur.

Təşkilat olaraq hər zaman ənənəvi metodlarla yanaşı, innovativ üsullardan da yararlanmağa çalışırıq. Görüşlər, tanıtım mərasimləri ilə bərabər, kitabların, elmi-kütləvi topluların nəşri, onların təqdimatları və paylanması, eyni zamanda, virtual aləmdə, sosial şəbəkələrdə, internet saytlarında, elektron kitabxanalarda nəşrlərimizin elektron variantlarını yaymağa hər vaxt üstünlük vermişik. Milli ailə adətlərimiz, etnik ənənələrimiz, xalqımızın milli-mental dəyərləri pandemiya dövründə insanlarımıza necə kömək edə bilər? Bu yöndə insanlara psixoloji, mənəvi kömək etməyə çalışmışıq və bundan sonra da o mövzularda layihələrimizi davam etdirmək fikrindəyik.

İctimai təşkilatlar postpandemiya dövründə və ümumiyyətlə, pandemiyanın gözlənilən ikinci və yaxud üçüncü mərhələsində koronavirusla mübarizə aparmaq üçün mütləq ən yeni innovativ metodlardan, informasiya texnologiyalarından bəhrələnməli, yeni üsullarla maarifləndirmə, təbliğat işləri aparmalı, bu problemin həllində vətəndaşlarımıza və cəmiyyətimizə kömək etməlidir. Vətəndaş cəmiyyəti olaraq bizlər işimizi müxtəlif istiqamətdə qurmalıyıq. Fikir versək görərik ki, bütün dünyada belədir: ictimai təşkilatlar innovativ təkliflər, fərqli metodlarla çıxış edirlər. İctimai təsisatların və vətəndaş cəmiyyətinin ortaya çıxan hansısa problemin həllində, hər hansı bir məsələnin cəmiyyətin böyük bir hissəsinə çatdırılmasında rolu müəyyənləşməlidir. Bu baxımdan da COVID-19 virusuna yoluxmuş xəstələrlə bağlı ictimai qurumların vəzifələri, görəcəkləri işlər aydınlaşdırılmalıdır.

Yoluxmuş vətəndaşın xəstəliyini hansı dərəcədə keçirdiyi səhiyyə təşkilatları ilə birlikdə dəqiq müəyyənləşdirilməlidir ki, o cür insanların cəmiyyətə yenidən inteqrasiyası asanlaşsın. Koronavirus xəstələrinə psixoloji yardımların göstərilməsi, eyni zamanda, onlara öz sağlamlıqlarını sona qədər bərpa etmələri və istehsalata, cəmiyyətə, yaxud köhnə iş yerlərinə qayıtmalarına kömək etmək indi daha zəruridir. Bu baxımdan ictimai təsisatların, vətəndaş cəmiyyəti qurumlarının və QHT-lərin üzərinə çox böyük məsuliyyət düşür. Sözsüz, belə mürəkkəb dövrdə biz QHT-lər öz üzərimizə düşən ictimai vəzifələri layiqincə yerinə yetirməliyik.

Cəmilə Çiçək,

Prezident təqaüdçüsü

Pin It

Tezadlar Arxiv

İDMAN